Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Siyasət / Bu bizə olan etimadın göstəricisidir – Arzuxan Əlizadə

Bu bizə olan etimadın göstəricisidir – Arzuxan Əlizadə

Artıq dünya müharibəsi ilə müqayisə olunan, mövcudluğu ilə insan sağlamlığını və bununla da bütün bəşəriyyəti ciddi təhdid altına alan, şərti olaraq “COVİD-19” adlandırılan koronovirus pandemiyası eyni zamanda bir çox acı həqiqətləri də üzə çıxarmış oldu.

Məlum oldu ki, dünya nəhəngləri hesab olunan dövlətlər, dünyanı idarə edən güclərbelə gözəgörünməz kiçik bir virus qarşısında aciz duruma düşə bilirlər. Pandemiya nəticəsində bir çox aparıcı ölkələrin səhiyyə sisteminin az qala çökmək təhlükəsi ilə üzləşdiyin şahidi olduq. Hətta görünən o oldu ki, bu virus illər uzunu yürüdülən qloballaşma siyasətini də alt-üst etmək gücündədir. Çünki, yaranmış kritik durumda demək olar ki, bütün dünya dövlətləri səyləri birləşdirərək vəziyyətdən birlikdə çıxmaq əvəzinə, daha çoxilk addım olaraq sərhədlərini bir-birinin üzünə qapatmağa və özünü təcrid siyasətinə üstünlük verdilər. Beynəlxalq səviyyəli təşkilatlardan qlobal addımların atılması gözlənilsə də bu baş vermədi. Bu təşkilatlar içərisində mövcud durumu pandemiya elan edən, bir çox çatışmazlıqları ilə də olsa, hər halda mövcudluğu görünən təşkilat yalnız Ümumdünya Səhiyyə Təşkilatı oldu. Təəssüf ki, BMT və digər beynəlxalq səviyyəli təşkilatlar isə bu dönəmdəki fəaliyyətsizlikləri ilə demək olar ki, kölgədə qaldılar.

Virusun ilkin olaraq hansı ölkədən yayılması, təbii mənşəli və ya bioloji silah olması ilə bağlı bir sıra dövlətlər arasındakı qarşılıqlı ittihamların hələ də səngimədiyini nəzərə alsaq, əlbəttə ki, vəziyyətin elə də ürəkaçan olmadığını deyə bilərik. Mütəxəssislərin də xüsusi olaraq vurğuladığı kimi, virus əvvəllər dünyada mövcud olmuş, eləcə də bu günə qədərbəşəriyyətə məlum olan digər viruslara nisbətdə daha sürətlə yayılır və qısa müddət ərzində artıq 10 milyondan çox insana yoluxmaqla, yarım milyondan çox insan həyatına son qoymuşdur. Bunlar olduqca ciddi rəqəmlərdir və belə bir dönəmdə bütün dünya dövlətlərinin səyləri birləşdirərək bu qorxunc virusa qarşı birlikdə mübarizə aparmasına ehtiyac vardır.

Əlbəttə ki, Azərbaycan hökumətinin pandemiya dövründə atdığı bir sıra addımlarla razılaşmamaq olar, necə ki, biz bunu etməkdəyik.Həmçinin, mövcud durumdan az itki ilə çıxmaq üçün doğru bildiklərimiz addımları atmağı tələb etməklə yanaşı bir çox fikir və təkliflərimizi də hökumətə çatdırmaqda davam edəcəyik. Amma, hər zaman xüsusi olaraq vurğuladığımız bir məsələ var ki, o da milli və dövlət maraqlarımızla bağlı məsələlərdə iqtidar-müxalifət münasibətlərini bir kənara qoyaraq vahid mövqedən çıxış etməyimizlə bağlı məsələdır. Xüsusilə də işğal altında olan torpaqlarımızı işğaldan azad etmək üçün beynəlxalq dəstəyin əldə edilməsi üçün atılan istənilən müsbət təşəbbüsə dəstək verməyə hazır olduğumuzu da dəfələrlə bəyan etmişik. Hesab edirəm ki, atılan doğru addımları təqdir etməklə yanaşı bu təşəbbüslərə dəstək vermək də borcumuzdur.

Bu konteksdə bütün digər məsələləri kənara qoyaraq pandemiya dövründə Prezident İlham Əliyevin timsalında Azərbaycan hakimiyyətinin beynəlxalq səviyyədə atdığı bir sıra addımların doğruluğunu və effektivliyini təqdir etməmək mümkün deyil. Bunlara misal olaraq İlham Əliyevin təşəbbüsü ilə ilkin olaraq aprelin 10-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının koronavirus pandemiyasına həsr olunmuş Zirvə toplantısının çağırılmasını,bir qədər sonra isə, mayın 4-də Qoşulmama Hərəkatının video konfransının keçirilməsini qeyd etmək olar. Hesab edirəm ki, hər iki tədbirin təşəbbüskarı olmaqla Azərbaycan pandemiya dövründə beynəlxalq təşəbbüslərdə oynadığı rolunu təsdiqləmiş oldu və mən bu tədbirlərin keçirilməsiniAzərbaycan adına atılmış olduqca müsbət gedişlər hesab edirəm.

Həmçinin, məlum olduğu kimi, Qoşulmama Hərəkatının dönəm Sədri olaraq Prezident İlham Əliyev Qoşulamama Hərəkatının onlayn Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans formatında xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etmiş və ardıncaBMT Baş katibi Antonio Quterreşə müraciət ünvanlamışdır.

BMT Nizamnaməsinə əsasən, BMT-yə üzv ölkələrin çoxu, daha konkret desək üçdə iki hissəsi (indiki halda 97 ölkə) bir ay ərzində təşəbbüsə dəstək verdiyi təqdirdə, xüsusi sessiya təşkil olunmalıdır. Verilən məlumat isə ondan ibarətdir ki, müddətin bitməsinə qədər artıq 130 ölkə təşəbbüsə dəstək verdikləri barədə Baş katibin ofisini məlumatlandırmışlar. Eyni zamanda, təşəbbüsü dəstəkləyən ölkələrin dünyanın bütün regionlarını əhatə etdiyi bildirilir. Yalnız Ermənistan bu təşəbbüsə qarşı çıxmışdır ki, bununla da düşmən ölkə apardığı siyasətin kökündə bəşəri dəyərlərə deyil, Azərbaycana qarşı düşmənçilik və qərəzə istinad etdiyini bir daha nümayiş etdirmiş oldu və faktiki olaraq öz səhv mövqeyi ilə təklənmiş duruma düşdü.

Artıq yaxın günlərdə BMT Baş katibi tərəfindən üzv dövlətlərə rəsmi qaydada məlumat verilməsi və xüsusi sessiyanın təşkil olunacağı gözlənilir. Təqdirəlayiq haldır ki, Azərbaycan Respublikası tərəfindən BMT xüsusi sessiyasının keçirilməsi ilə bağlı edilən bu təşəbbüs, ölkəmizin regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsinə verdiyi töhfə və bizə olan etimadın göstəricisi kimi qiymətləndirilir.

Ümid edirik ki, xüsusi sessiya pandemiya qarşısında beynəlxalq ictimaiyyətin tam olaraq səfərbər olunmasına şərait yaradacaq və bu qlobal təhdidə qarşı dünya dövlətlərinin birgə effektiv tədbirlər görəcəyinə nail olunacaqdır. Çünki, problemin tez bir zamanda və kompleks həlli üçün bütün ölkələrin birgə səyi və əməkdaşlığına ciddi ehtiyac vardır.

Arzuxan Əlizadə, AMİP-in sədr əvəzi

Həmçinin oxuyun

“Görüşlərimiz faydalı oldu” – Ceyhun Bayramov

Rəsmi olaraq ABŞ-ın Dövlət katibi Mayk Pompeonun dəvəti ilə Birləşmiş Ştatlar həmkarlarımla birlikdə səfər etdim. …