Ana səhifə / Siyasət / BSU-nun rektorunun sözlərinə sərt təpki

BSU-nun rektorunun sözlərinə sərt təpki

Etibar Əliyev: “Rektor vəzifəsi tolerantlıq, müdriklik və böyük savad tələb edir”; Əjdər Ağayev: “Mən onu Azərbaycan təhsilinin yarası hesab etmişdim”

Məlahət Mürşüdlü: “Burada şəxsi keyfiyyətlərə malik olmamaq problemi yaşanır”

Bakı Slavyan Universitetinin (BSU) rektoru Nurlana Əliyevanın qafqazinfo.az saytına verdiyi müsahibə geniş müzakirə mövzusuna çevrilib. Müsahibəsində bir çox mətləblərə toxunan N.Əliyeva bir ziyalıya, rektora yaraşmayan “sənin ağzın haradan cırılıb”, “dələduz”, “şərəfsiz…” kimi ifadələr işlədib. 
Məsələyə münasibət bildirən təhsil ekspertləri də N.Əliyevanı  qınayıblar.
“XXI əsr” Təhsil Mərkəzinin rəhbəri, təhsil eksperti Etibar Əliyev bu çıxışın onu çox təəccübləndirdiyini dedi: “Rektor vəzifəsi tolerantlıq, müdriklik və böyük savad tələb edir. Təsadüfi adamları rektor təyin etmirlər. Nurlana xanımı təsadüfi kadr hesab etmək olmaz.  O, 26 il kollec rəhbəri olub. Onun cəmiyyətdə rezonans yaradan çıxışları tələskənliyi ilə bağlı olub. Onun son iki ayda verdiyi müsahibələrin  həcmi 10 ildən çox rektor işləmişlərin cəmi müsahibələrindən çoxdur. Məncə o,  həm də tələm – tələsik özündən əvvəl rektor işləmiş şəxslərin fəaliyyətini təftiş etməməlidir. Yəni ondan əvvəl rektor işləmiş şəxslər kifayət qədər savadlı, qabiliyyətli və bacarıqlı  olublar.  Onların bəlkə də ən əsas qüsuru kollecdə çalışmamaları olub. Nurlana xanım universitetdə yaradıcılıq fakültəsini bağlayıb. Bu addım heç cür təqdir oluna bilməz. Həmin fakültə xeyli sayda istedadlı gənclərin üzə çıxmasına səbəb olub”.
Image result for Etibar Əliyev
E.Əliyev yeni rektorun universitetin keçmiş rəhbərlərini suçlamasının və təhsil nazirinin xəbərdarlığına operativ cavabının xeyli şübhələr doğurduğunu dedi: “26 il kollec direktoru və siyasi vəzifə tutan bir şəxsi dövrü mətbuatda çox az görmüşük. Görünür ki, indi ona məsləhət verənlər onun nüfuzunun aşağı düşməsi faktorunu nəzərə almayıb. Nazirin xəbərdarlığına qısa cavab da vermək olardı. Ona 10-15 min işarəlik müsahibə həsr etmək doğru deyil. Universitetdə ”ölü canlar”ın tapılması və ictimailəşdirilməsi, hər halda, mütərəqqi işdir. Ancaq maraqlıdır ki, Slavyan Universiteti ilə üzbəüz dayanan universitetdə isə 175 “diri can” tapılıb. Yəni keçmiş rektor görüb ki, universitet əldən çıxır, bir ildə 175 adamı işə qəbul edib. Görün bu barədə kimsə danışırmı?”
Təhsil Şurasının sədri, təhsil eksperti Əjdər Ağayev rektor  haqqında əvvəl də tənqidi fikirlərinin olduğunu xatırlatdı: “O, kollec direktoru olanda mən onu Azərbaycan təhsilinin yarası hesab eləmişdim. Onu da çox gözəl tanıyıram. Mən bu şəxsin o zaman işinə qiymət vermişdim. Bu məsələlərə qarışmaq istəmirəm. Çünki mənim onunla əvvəl də münaqişəm olub”.
Image result for Məlahət Mürşüdlü
Azad Müəllimlər Cəmiyyətinin sədri Məlahət Mürşüdlü bəzi təhsil rəhbərlərinin etik davranış qaydalarına əməl etməməsinə təəssüfləndiyini dedi: “Sözsüz ki, bu ifadələr bir ali təhsil müəssisəsinin rəhbərinə yaraşmayacaq, ziyalı təbəqənin işlətmədiyi, dilinə belə almayacağı ifadələrdir. Mən buna çox təəssüf etdim. Hələ də bizim rəhbər işçilər şəxsi keyfiyyətlər, etika çərçivəsində davranış qaydalarına malik olmamaq sindromu yaşayır. Burada da şəxsi keyfiyyətlərə malik olmamaq problemi yaşanır. Buna görə də həmin ifadələr işlənmişdir”.
Təəssüf ki, cəmiyyətimizdə Nurlana Əliyeva kimi insanlar var ki, onlar hər zaman özündən vəzifəcə aşağı pillədə olan insanları aşağılamağa, təhqir etməyə meylli olur. Bəs bunun hansısa psixoloji bir səbəbi varmı?
 
Image result for Psixoloq Elnur Rüstəmov
Psixoloq Elnur Rüstəmov dedi ki, insanları aşağılama, acılama natamamlıq kompleksindən irəli gələn bir xüsusiyyətdir: “Nurlana Əliyeva bu sahədə elmi iş müdafiə etmiş elm adamıdır. Mənim onun psixologiyası haqqında nəsə deməyim etik olmazdı. Amma bütün hallarda yaxşı olardı ki, müsahibədə səsləndirdiyi o fikirlər olmasın. Ən azından xanımdır, ziyalıdır, rektor vəzifəsinə yeni təyin olunub. Bu cür danışmaq əlbəttə ki, təqdir olunmur. Mətbuat, ictimaiyyət tərəfindən bu məsələ birmənalı qarşılanmadı. Bunun da səbəblərinə baxsaq, açığı, o xanım rektor təyin olunandan sonra bir çox məsələlər vardı ki, onlar mətbuatda daim qaldı, işıqlandırıldı. Ola bilər ki, bundan dolayı, aqressiv, gərgin olub və müsahibəsində bu fikirləri işlədib. Yəni bunu da nəzərə almaq lazımdır. Hər halda, o ifadələri işlətməyi rəva görməzdim. Amma onun üzərinə bu formada getmək də doğru deyil. İnsanlarda natamamlıq deyilən bir konsepsiya var.
Kiminin görünüşü, kiminin elm sahəsində və ya digər sahələrdə natamamlıq kompleksi ola bilər ki, onu insan konsepsiya etməyə çalışır. Bu bütün insanlarda bu və ya digər formada var. Müəyyən mərhələyə çatmış insanların digər insanları aşağılamasına gəlincə, bunu hər kəsə şamil etmək olmaz. Burada rol oynayan əsas faktor odur ki, biz uşağımızı böyüdəndə ona deyirik ki, pul çox olanda insanı korlayır, insanın çox pulu olanda başqa insanları əzir, bir sözlə, pulu bizə pis bir şey kimi çatdırıblar. Düzdür, indi bu tendensiya dəyişir. Bu həm də insanın birbaşa dünya görüşünə bağlı olan bir haldır”.

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …

Bir cavab yazın