Şənbə , Fevral 24 2024
Ana səhifə / Siyasət / Britaniya səfiri həbslərlə bağlı Bakıya çağırış etdi

Britaniya səfiri həbslərlə bağlı Bakıya çağırış etdi

O, rəsmiləri istintaq proseslərini yekunlaşdırmağa səslədi

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld rəsmi Bakıya çağırış edib.

Diplomat yanvarın 17-də “X” hesabında Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublunun qızı Nigar Həzi ilə görüşü barədə yazıb.

Auld qeyd edib ki, Nigar Həzi ilə müxalif siyasətçi Tofiq Yaqublunun həbsini və ailəsinin narahatlığını müzakirə ediblər.

Rəsmiləri müstəqil istintaqın aparılmasına və təzəlikcə həbs olunanların da, istintaq proseslərinə tez bir zamanda yekun vurmağa çağırıram” , – deyə o qeyd edib.

Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu barəsində 2023-cü ilin dekabrın 15-də Nərimanov Rayon Məhkəməsi həbs qətimkan tədbiri seçib.

Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ya ondan istifadə) maddələrilə ittiham olunan Tofiq Yaqublu məhkəmədə bu ittihamların saxta olduğunu bildirib.

Tofiq Yaqublu 2021-ci il dekabrın 1-də etiraz aksiyasında saxlanmış, həmin gün axşam saatlarında buraxılmışdı.

Fəvvarələr meydanında kameralar qarşısında saxlanılan Tofiq Yaqublu buraxılarkən Qaradağ rayonu, Ələt qəsəbəsində, üzərində ağır xəsarətlərlə tapılmışdı.

Siyasi fəal öncə polis idarəsində, axşamüstü isə oradan çıxarılaraq, çöllük ərazidə döyülərək bu vəziyyətə salındığını bildirirdi.

Daxili İşlər Nazirliyi isə onun dediklərini təkzib edirdi.

Prokurorluq da siyasi fəalın şikayəti üzrə cinayət işi başlamaqdan imtina edib, belə nəticəyə gəlib ki, Tofiq Yaqublu özü öz başını, bədənini divara, polis maşınına vuraraq, o vəziyyətə düşüb.

Həmçinin oxuyun

“Qərb istəyir ki, Ermənistan süverenliyini itirsin” – Zərdüşt Əlizadə

“Ermənistanla müqayisədə Azərbaycanın imkanları, əhalisinin sayı, ərazisi, təbii sərvətləri, ordusunun gücü qat-qat üstündür. Bu ölkə …