Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Britaniya səfiri Azərbaycanda sabitliyi pozur

Britaniya səfiri Azərbaycanda sabitliyi pozur

Tarix heç nəyi öyrətmir. İlk növbədə də Bakıdakı qərbli diplomatlara.

Gəlin yada salaq: Azərbaycandakı qərbli diplomatların məhz ifrat fəallığı və siyasiləşməsi permanent qalmaqallara və bu səfirlərin, eləcə də onların təmsil etdiyi hökumətlərin Azərbaycan hakimiyyəti ilə uzun sürən münaqişələrinə gətirib çıxarmışdı.

Əvvəlki tarixçə

Norveçin səfiri Steynar Gilin fəal etirazlarından sonra Azərbaycanın bu ölkə ilə münasibətləri ciddi şəkildə korlanmışdı. Özü də hətta Norveçin “Statoil” neft-qaz nəhənginin Azərbaycana olan böyük marağına da baxmayaraq…

S.Gildən sonrakı səfir Yon Ramberq, eləcə də daha sonrakı elçilər öz şərh və qiymətləndirmələrində ehtiyatlı olmağa çalışmalı və münasibətləri normallaşdırmaq üçün xeyli səy göstərməli oldular.

Şübhəsiz ki, İlham Əliyevin prezidentliyinin ilk illəri ilə müqayisədə sonrakı illərdə soyuq norveçlilərə aqressiyalarına görə xəbərdarlıq etmək, daha sonra isə bunun qarşısını almaq hər halda mümkün oldu. Bununla belə lovğa vikinqlərin qabalığı öz işini hər halda görmüşdü.

İki neft ölkəsinin münasibətlərindəki soyuqluq bu günə qədər də qalır. Bu iki ölkənin hökumətləri arasındakı səmimiyyətdən söhbət belə gedə bilməz. Çünki səfirin o hərəkətindən sonra təbii inamsızlıq və özünüqoruma instinkti hələ də qalır.

Almaniya ilə də bağlı eyni vəziyyət təkrarlandı. İŞİD adlı vəhşi stixiyaya yol açan qızmar “ərəb baharı” ideyasının dəbdə olduğu vaxtlar idi. Almaniyanın Azərbaycandakı səfiri Kvellenin etirazları gözlənilmədən qızışdırmağa başlaması Bakıda hakim elitanı xeyli dərəcədə heyrətləndirmişdi. Nə Kvelleyə qədər, nə də ondan sonra heç bir alman səfiri Azərbaycanda hakimiyyətə qarşı bu qədər açıq şəkildə çıxmağı özünə rəva görməmişdi.

Səfir Kvelle norveçli həmkarı Gilin sevimli texnologiyasını təkrarlayaraq əsas etiraz ruporu olmaq missiyasını öz üzərinə götürmüşdü (könüllü götürmüşdümü?).

Bəs Kvellenin Əliyev hakimiyyətinə bu cür utanmaz hücumu nə ilə nəticələndi? Ölkədən sürgün olunmaqla.

Belə görünə bilərdi ki, Almaniya kimi geosiyasi nəhəng Qərbin ekspansiv təzyiqləri ilə mütəmadi olaraq üzləşən Əliyev hakimiyyətinin davranış manerasını nəzərə almalı idi.

Bəs Berlin nəticədə nə qazandı? Almaniya Bakıdakı siyasi təsir və nüfuzunun son qalıqlarını da itirdi. Bakıda yeni səfirə müəyyən dərəcədə və tam haqlı olaraq ehtiyatla, inamsızlıqla yanaşmağa başladılar.

Bundan kim daha çox itirdi – Almaniya, yoxsa Azərbaycan? Sual ritorikdir. Çünki dünyada, o cümlədən Cənubi Qafqazda öz siyasi nüfuzunu artırmağa çalışan tərəf Almaniya və Avropa İttifaqıdır (Aİ), Azərbaycan yox. Neorevanşizm cəhdləri Əliyev hakimiyyətinin sərt qayalarına dəyib puç oldu.

Doğrudan da heyrətamizdir: frau Merkelin kifayət qədər nüfuzlu və ağıllı hökuməti Azərbaycan kimi ölkədə hakimiyyət dəyişikliyinin mümkünlüyü fikrini özünə necə yaxın buraxa bilərdi? Proseslərin bəlli inkişaf ssenarilərinin bütün variantlarını hesablamaq doğrudanmı bu qədər çətin idi?

Yox, o qədər də çətin deyil. Lakin bu halda sual yaranır: bəs onda rəsmi Berlinin və onun səfirlərinin bu açıq düşmənçiliyi haradan qaynaqlanır və nəyə xidmət edirdi? Doğrudanmı onlar sakit Xəzərdəki qayığı öz etiraz səsləri ilə yırğalaya biləcəklərini düşünəcək qədər sadəlövh idilər? İllah da o halda ki, həmin qayıq neftlə zəngin bu dənizdə sadəcə olaraq görünmürdü…

Məntiq və səfirlərin “avtoritarizmdən narazıları” qızışdırmaq sahəsindəki uğursuz təcrübəsi Azərbaycan hakimiyyətinə öz oyun qaydalarını qəbul etdirməyə çalışan Qərbi dayandırmalı idi. Lakin təkcə tarix yox, eləcə də qaynar qazana dönmüş müasir dünya Qərbin siyasətinin bu xarakterini aydın göstərir: qalaları birbaşa hücumla almaq.

Qərbdə də aydın başa düşürdülər ki, yeni narazı səfirin göndəriləcəyi təqdirdə də onu mütləq Gil və Kvellenin aqibəti gözləyəcək. Lakin…

Kiyevdə Maydan hərəkatının ən qızğın vaxtlarında ağırçəkili səfir-energetik Morninqstar elə bir bəyanatla çıxış etmişdi ki, belə bəyanatı heç qalib gəlmiş sosialist ölkələrindəki özünəinamlı və qürurlu sovet səfirləri də verə bilməzdi, bunu özünə rəva görməzdi. Morninqstar Bakı Maydanını yaratmağa açıq çağırışla çıxış etmişdi. Bundan bir azca əvvəl isə ABŞ dövlət katibinin köməkçisi Tomas Melia Bakıya barmaq silkələyərək onu hədələmiş, açıq şəkildə demişdi ki, Əliyev hökuməti qırmızı xətti keçir.

Azərbaycanın reaksiyasını çox gözləmək lazım gəlmədi. Morninqstarı Azərbaycandan sürgün etdilər. Melia isə Azərbaycan hökuməti ilə nəinki demokratiya və insan haqları məsələlərini müzakirə etmək hüququnu və imkanlarını itirdi, ümumiyyətlə, Azərbaycan torpaqlarına ayaq basmaq imkanlarından da məhrum oldu.

Bir vacib detalı qeyd edək: səfirlərin bu bəyanatları təkcə söz olaraq qalmırdı, onlar həm də əməli işlər görürdülər, yəni yerli müxalifəti maliyyələşdirir və onların fəaliyyətini koordinasiya etməyə çalışırdılar.

Əlbəttə, Qərbi Avropanın digər səfirləri də müntəzəm olaraq belə yolverilməz bəyanatlarla çıxış edirdilər. Lakin onların fəaliyyəti yuxarıda göstərilən nümunəyə – suveren ölkənin daxili işlərinə qarışmaq həddinə qədər gəlib çıxmırdı. Burada Vyana Konvensiyasının heç iyi-tozu da yoxdur…

Siddiq kölgədən çıxır

Budur, daha bir qərbli səfirin qəfildən fəallaşması bizi daha bir Qərbi Avropa ölkəsinin – bir vaxtlar Vaşinqtonun quyruğu kimi ad çıxaran və ya ABŞ-ın ştatdankənar ştatı olan ölkənin səmimiliyinə və dostcanlı olmasına şübhə ilə yanaşmağa məcbur edir. Bəli, söhbət Böyük Britaniyadan gedir.

Dauninq-stritin qeyri-sağlam reaksiyasına görə anlaşılmazlıq təkcə Qarabağ separatçılarının liderinin Londona biabırçı səfəri, Yunuslar cütlüyünə və darmadağın edilən, hazırda mövcud olmayan müxalifətin qalan tör-töküntülərinə kəsilmiş cəzalara görə haray səsləri ilə bağlı deyil. Yox, söhbət Britaniyanın Bakıdakı səfiri İrfan Siddiqin qəribə missiyasından gedir. Səfir buna heç bir əsas olmadan, necə deyərlər, durub durduğu yerdə Azərbaycanın daxili siyasi həyatına qəfildən böyük maraq göstərməyə başlayıb.

Etnik müsəlman olan Siddiqin Azərbaycana səfir təyin olunması tarixçəsinə baxası olsaq, gərək xatırladaq ki, bu diplomatı Bakıya Azərbaycanla münasibətlərin həddən artıq kəskinləşdiyi, hətta qarşıdurma həddinə çatdığı dövrdə göndəriblər.

Siddiq kimi konformist və sazişçiləri ipə-sapa yatmaz və barışmaz Əliyev hakimiyyəti ilə (hər halda Qərbin diplomatik çevrələrində belə hesab edirlər) yaxınlaşma əldə etmək, qarşılıqlı məqbul həll yolları tapmaq və böhrandan çıxmaq üçün səfir göndərirlər. Və Siddiq Bakıya təyinat aldığı gündən ta 2015-ci ilin qəribə avqust günlərinə qədər çox sakit və lal-dinməz oturmuşdu. Onun varlığı yalnız Britaniya səfirliyinin təşkil etdiyi şam yeməkləri və iki ölkə arasındakı mədəni tədbirlər proqramları zamanı nəzərə çarpırdı.

Və budur, siyasətdən uzaq lal-dinməz, sakit səfir qəfildən irimiqyaslı fəaliyyətə başlayır. Görünməmiş siyasi fəallıq və siyasi yetkinlik nümayiş etdirir. Amma londonlu müsəlmanın bu fəallığı yalnız müxalifət formatı ilə məhdudlaşır. Ən təəccüblüsü də odur ki, bu fəallaşma parlament seçkiləri ərəfəsinə təsadüf edir. Daha maraqlısı odur ki, britaniyalı səfirin siyasi ehtiraslarının şahə qalxması amerikalı səfirin tam biganəliyi, alman səfirin laqeydliyi, digər qərbli diplomatların meydanda olmaması fonunda baş verir. Yəni yeni mübarizədə ön plana Siddiq özü çıxır.

Uzağa getməyək. Böyük Britaniya səfirliyinin özünün və Britaniya XİN-in bu qəribə əməkdaşının məkik diplomatiyasını tirajlayan Azərbaycan KİV-lərinin məlumatlarına baxmaq kifayətdir.

Səfir müxalifəti birləşdirir

Siddiq avqustun 14-də Müsavat başqanı Arif Hacılı ilə görüşüb. Səfir narazı elektoratın liderlərindən biri ilə nə haqda danışıb? Müzakirə olunan bütün məsələlər hökuməti adətən qıcıqlandıran problemlər siyahısına daxildir.

Siddiq əvvəllər hökumətin rəyinə diqqətlə yanaşır, onu qəzəbləndirməməyə çalışırdı. İndi isə o, siyasi məhbusların taleyi, Avropaya inteqrasiya, seçkilər barədə fikirlərini uzun-uzadı izah edir. Bunlar isə Azərbaycan hökuməti üçün uzun illərdir başağrısı sayılan məsələlərdir…

Siddiq avqustun 17-də REAL hərəkatının nümayəndələri, yəni İlqar Məmmədovun məsləkdaşları olan Erkin Qədirli, Altay Göyüşov və Natiq Cəfərli ilə iki saatdan çox çəkən danışıqlar aparır. Həmin bu məsələləri onlarla da müzakirə edir. Əvvəllər belə şeylərə biganə olan səfir həbsdə olan İlqar Məmmədova xüsusi maraq göstərir.

Bunun da üstündən keçmək olardı. Amma səfirin sonrakı addımları daha böyük şübhələr yaradır. Məhz britaniyalı səfirin müdaxiləsindən sonra qəribə bir hadisə baş verir: bir-birini hakimiyyətlə separat danışıqlara və sazişə getməkdə ittiham edən, bir-birini heç vaxt qəbul etməyən Müsavat və REAL fəalları avqustun 21-də bir masa arxasında oturaraq birgə fəaliyyət göstərmək yolları axtarırlar.

Və budur, 25 avqust. Səfir İ.Siddiq Britaniya XİN-in Şərqi Avropa və Mərkəzi Asiya ölkələri Departamentinin rəhbəri Maykl Tethemlə birgə Bakıda AXCP sədri Əli Kərimli, Müsavat başqanı Arif Hacılı və İlqar Məmmədovun müavini Natiq Cəfərli ilə görüş keçirir. Özü də bağlı qapılar arxasında!

Elə həmin gün REAL rəhbərliyi gizli inqilabi təşkilat olan və 2013-cü il seçkiləri ərəfəsində darmadağın edilən NİDA rəhbərliyi ilə görüş keçirir. Görüşdə parlament seçkilərində birgə iştirak məsələsi müzakirə olunur.

Bu görüşün səhərisi gün – avqustun 26-da isə Müsavat, NİDA və REAL rəhbərləri yenidən bir araya gəlirlər. Görüşdə səfir Siddiqin qarşıya qoyduğu vəzifə – qarşıdan gələn seçkilərdə səyləri birləşdirmək məsələsi ətrafındakı müzakirələr davam etdirilir. Və “Yeni Müsavat” qəzetinin verdiyi məlumata görə, 26 avqust görüşündə tərəflər seçkilərdə birgə iştirak və deputatlığa namizədlərin vahid siyahısını hazırlamaq barədə qərar qəbul edirlər.

Britaniyalı səfirin bu xüsusi və qəfil fəallığından hansı nəticələr çıxır?

Bizim qənaətimiz

Belə görünür ki, amerikalılar bu dəfə britaniyalılar vasitəsilə hərəkət etmək qərarı veriblər. Bu dəfə onlar sanki kənardadır, oyun meydanında deyillər, amma şübhəsiz ki, pərdənin arxasındadırlar.

İkinci əsas nəticə: son nəfəsini verən dağılmış müxalifəti birləşdirib dirçəltmək ideyası da Qərbdən gəlir. Qərbdə başa düşürlər ki, bir böyük yumruq halında birləşdirilmiş narazı qüvvələrin koalisiyası olmadan Azərbaycanda vəziyyəti gərginləşdirib qızışdırmaq mümkün olmayacaq. Britaniyalı səfir də bir-birinə qarşı düşmən münasibətdə olan müxalifətçiləri vahid koalisiyada birləşməyin zəruriliyinə inandırmağa çalışır.

Böyük ehtimalla Qərb AXCP, Müsavat və REAL da daxil olmaqla narazı qüvvələrə yeni model təklif edib. Lakin Azərbaycanın daxili siyasi həyatının bütün incəliklərinə bələd olan əksər ekspertlərin qənaətinə görə, cəbhəçilərlə müsavatçılar arasındakı ziddiyyətlər və düşmənçilik 2013-cü il seçkilərindən sonra elə həddə çatıb, elə eybəcər şəkil alıb ki, belə bir ittifaqı yaratmağa hətta donorların da gücü çatmaz.

Müsavatçıları satqınlıqda və sazişçilikdə ittiham edən AXCP-ni inandırmaq hər halda son anda da mümkün olmadı. Ona görə də onu “Sağ sektor”un Azərbaycan modeli olan “kokteyl NİDA”-sı ilə əvəz etməli oldular.

Daha bir məqam. Bu versiyanı gücləndirən detal REAL-ın yeni koalisiyada iştirakıdır. REAL özünü ənənəvi olaraq üçüncü qüvvə kimi təqdim edir, ənənəçilər və milli-demokratlarla ittifaqa girmək ehtimalının özünü qətiyyətlə rədd edirdi. Onlar belə bir ittifaqa girmək ideyasını hətta nəzərdən keçirməkdən də imtina edirdilər.

Və budur, REAL qəfildən milli-demokratlarla, hətta cəbhəçilərin və digər radikal qüvvələrin satqın adlandırdığı müsavatçılarla eyni ittifaqda yer alır. Aydın məsələdir, bunu REAL-a qərbli diplomatlar məsləhət görüb. Onların qulağına lazımi əmri – məhz bu koalisiyaya girməyin lazım gəldiyini pıçıldayıblar. Çünki Müsavatın güclənməyə ehtiyacı var. Özü də radikal-populist AXCP-nin buna ehtiyac duymadığı bir vaxtda…

Belə görünür ki, Qərb hakimiyyətin üstünə eyni vaxtda iki koalisiyanı – Müsavat-REAL-NİDA və AXCP-Milli Şura koalisiyasını göndərməyi nəzərdə tutaraq seçki ərəfəsində britaniyalıların əli ilə yeni qarışıqlıq hazırlayır.

Yeni ssenarinin uğur qazanmaq imkanları haqqında indidən hər hansı mülahizə yürütmək çox çətindir. Lakin britaniyalı səfirin qəfildən boy göstərən fəallığı hakimiyyətin ən azı diqqətini cəlb etməlidir.

Hakimiyyət yeni fors-major vəziyyətinin yaranmasına yol verməmək üçün ciddi önləyici tədbirlər görməlidir. Əsas məsələ odur ki, bu dəfə gecikmək olmaz. Çünki hakimiyyət özünə çox arxayın görünür. Halbuki hətta aydın səmada da istənilən an şişmək çaxa bilər.

Artıq bu gün təcili tədbirlər görülməlidir. Özü də Azərbaycandakı sabitlikdən hiddətlənmiş britaniyalı səfirdən başlamaq lazımdır. O, çağırılmalı, sorğu-sual olunmalı, hətta ölkədən sürgün edilməlidir! Əlbəttə ki, görünür, İlham Əliyevə Saakyan hadisəsindən sonra rəsmi yeni sürpriz hazırlamağa qərar vermiş Londondan da izahat tələb olunmalıdır!

Virtualaz.org

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …

Bir cavab yazın