Çərşənbə axşamı , Noyabr 29 2022
Ana səhifə / Siyasət / “Biz həm də xalq olaraq düşmənə qalib gəldik” – BAP

“Biz həm də xalq olaraq düşmənə qalib gəldik” – BAP

Böyük Azərbaycan Partiyasının bəyanatı

Xalqımız tariximizin ən şərəfli günlərindən birini -Zəfər Gününün növbəti ildönümünü böyük qürurla qeyd edir.

Müzəffər Azərbaycan Ordusu 2020-ci il sentyabr ayının 27-dən etibarən Ermənistan tərəfindən işğal edilmiş ərazilərimizin azad olunması üçün zəfər yürüşünə başladı.

Milli Ordumuz 44 günlük Vətən müharibəsində düşmən ordusunu darmadağın etdi, bir sıra şəhər və qəsəbələrimiz, 300-dən çox yaşayış məntəqəsi, o cümlədən, strateji yüksəkliklər işğaldan azad edildi.

Noyabrın 8-də cəsur Xüsusi təyinatlarımızın, qəhrəman ordu birləşmələrimizin rəşadətli mübarizəsi, dünya hərb tarixinə qızıl hərflərlə yazılacaq unikal hərbi əməliyyatları nəticəsində Şuşa şəhəri işğaldan azad olundu. Şuşa şəhərinin azad olunmasından sonra Ermənistan məğlubiyyətini etiraf etmək məcburiyyətində qaldı.

Bu əlamətdar qələbəyə öz həyatları bahasına töhvə vermiş şəhidlərimizin ruhunu minnətdarlıqla anır, qazilərimizə can sağlığı, bütün hərbçilərimizə güc-qüvvət arzulayırıq.

44 günlük Vətən müharibəsində qazandığımız qələbədə Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevin liiderlik, təşkilatçılıq bacarığı və qabiliyyəti xüsusi qeyd olunmalıdır.

Eyni zamanda xalqımızın hər bir sadə, vətənpərvər övladının ordumuza dəstəyi, köməyi, siyasi partiyaların dürüst mövqeyi də xüsusi qiymətləndirilməlidir.

Biz həm də xalq olaraq düşmənə qalib gəldik.

Müharibədən sonra biz həm yaralarımızı sağaltmaqla, həm işğaldan azad olunmuş ərazilərimizdə geniş tikinti-quruculuq işləri aparmaqla, həm ordumuzu, müdafiə qabiliyyətimizi gücləndirməklə , həm də diplomatik üsullarla sülhü təmin etməklə məşğul olmağa başladıq.

Hazırda Ermənistanla yekun sülh müqaviləsi imzalamaq, delimitasiya, demarkasiya proseslərini həyata keçirmək üçün danışıqlar gedir. Bir sıra ölkələrin ədalətsiz mövqeyi ilə üzləşirik. Ermənilər ənənəvi olaraq götürdükləri öhdəlikləri yerinə yetirməkdən yayınmağa çalışırlar.

Lakin zaman bizim lehimizə, düşmənlərimizin və bədxahlarımızın isə əleyhinə işləyir. Azərbaycanla qardaş Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi proseslərin daha uğurla gedəcəyinin təminatçısıdır.

Görüləcək çok işlərimiz var. Naxçıvanla ana Vətəni birləşdirən Zəngəzur dəhlizini açmalı, hələ də düşmən tapdağında qalan Vətən torpaqlarını azad etməli, tarixi ədalətsizlikləri aradan qaldırmalıyıq.

Lazım gəlsə yenə düşmənə gücümüzü göstərməli olacağıq. Bunun üçün ölkə daxilində sabitlik olmalı, insanlarımız rifah və hüquq təminatı altında yaşamalı, ordumuz daha da gücləndirilməlidir.

Ən əsası birlik və bərabərliyimizi təmin etməli, düşmənə görk olsun deyə, tarixi-qələbə günlərimizi xüsusi şövq ilə qeyd etməliyik.

Böyük Azərbaycan Partiyası olaraq, yuxarıda göstərilənləri nəzərə alaraq Zəfər Günü münasibətilə xalqımızı ürəkdən təbrik edir, qələbələrin davamlı olmasını arzu edirik!

Zəfər Bayramınız mübarək!

BAP mətbuat xidməti.

Həmçinin oxuyun

Nemət Pənahlı hönkür-hönkür ağladı – Video

TV Müsavat-ın efirində qonaq olan Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı cənublu soydaşlarımızdan danışarkən …