Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Siyasət / “Biri gəlib deyir ki, elə et ki, mən polis rəisi olum” – Azərbaycanlı ekstrasens

“Biri gəlib deyir ki, elə et ki, mən polis rəisi olum” – Azərbaycanlı ekstrasens

PİA.AZ “Qoroskop” qəzetinin baş redaktoru, tanınmış astroloq Səbuhi Rəhimli ilə müsahibənin ikinci hissəssini təqdim edir.

Dosye: Səbuhi Rəhimli 1970-ci ildə Tərtər rayonunda doğulub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirib. Qarabağ müharibəsinin könüllü iştirakçısıdır. Qazidir. Ötən əsrin 90-cı illərindən astrologiya ilə məşğul olur. Azərbaycanda astrologiya üzrə tanınmış mütəxəssis hesab olunur. 38 kitabın müəllifidir. Şairdir və bir neçə şer kitabı nəşr olunub. “Qoroskop” qəzetinin baş redaktorudur.

Səbuhi Rəhimli ilə müsahibənin birinci hissəsini BU LİNKDƏN oxuya bilərsiniz.

– Bəs, baş verəcək hansısa hadisənin qarşısını almaq mümkündür? Yəni, mütləq şəkildə baş verəcək hadisədə bir fərdi oradan uzaqlaşdırmaq olur? Axundovun Yusif Sərrac misalı kimi bir şey mümkündürmü?

– Baş verə biləcək hadisədən kimlərisə tam uzaqlaşdırmaq olmaz, amma zərəri azaltmaq mümkündür. Məsələn, 1990-cı ildə bir çox öncəgörənlər, ekstrasenslər Bakıda qan töküləcəyini bildirmişdilər. Hətta astroloq Pavel Qloba hadisənin yanvar bürcdəyişməsində (Oğlaq bürcündən Sutökən bürcünə keçdiyi məqamda) olacağını da demişdi. Bu amili nəzərə alan fəal ziyalılar faciənin minimal itki ilə başa çatmasına çalışmışdılar. Onlar həmin gün gecə saatlarında meydanda tələbələrin, xüsusən də qadınların olmamasına çalışmışdılar. Amma bütün hallarda 20 Yanvar faciəsi baş verdi, necə deyərlər, çünki artıq Göylər “fərman” vermişdi. Siz bilirsinizmi ki, “Türkmənçay müqaviləsi”ni məhz astroloqla məsləhətləşərək həyata keçirmişdilər, onun məsləhəti ilə görüş gecə düz saat 12 tamamda baş vermişdi. Rusiya, İran və İngiltərənin rəsmilərinin məhz astroloqdan kömək istəməsinin alt qatlarında təbii ki, bir şeylər var.

Əgər Qarabağ döyüşləri başlayarsa, mən sırf hərbi astrologiyanı mənimsəyən insan kimi dəqiq proqnoz və tövsiyələr verə bilərəm. Siyasi gedişatlarda təkcə siyasi təcrübə, hərbi üstünlük kifayət etmir, informasiya müharibəsi, psixotron təsir, parapsixoloji və astroloji yardım mütləq vacibdir. Astrologiyanın köməkliyi ilə hücum əməliyyatlarının uğurlu zamanını təyin etmək mümkündür.

– Demək olar ki, ayrı-ayrı astroloqlar tərəfindən hazırlanan günlük, ya da aylıq, hətta illik astroloji proqnozlar çox vaxt ziddiyyət təşkil edir. Bunu nəylə əlaqələndirirsiniz?

– Qismən razıyam. Amma ilk növbədə verilmiş proqnozların mənbəyinə baxmaq, haradan götürüldüyünü və kimin yazdığını bilmək lazımdır. Mən 1994-cü ildən mətbuatdayam və çox görmüşəm ki, əksər redaksiyalarda jurnalistlər bu “proqnozları” özləri yazır. Bir çoxunda isə Türkiyə və Rusiya mətbuatından tərcümə edirlər. Bu məlumatlar konkret elmi hesablamalara, planetar trayektoriyaya əsaslanmadığı üçün söz yığınından başqa bir şey deyil. “Bu gün evdən çölə çıxmayın”, “çox pis gündür”, “işləriniz alınmayacaq” kimi ifadələrin müəllifləri də məhz onlardır.

– Səbuhi bəy, istər Türkiyədə, istərsə də Rusiyada verilən astroloji proqnozlar da bir-birini təkzib edir. Bunun əsl səbəbi nədir?

– Çünki o proqnzoları yazanlar arasında sırf astrologiya ilə məşğul olanlar azdır. Məsələn, Rusiyada ən ciddi qəbul olunan astroloq Mixail Zarayevdir. Mən astroloji xəttləri bildiyim üçün Zarayevin proqnozunu oxuyanda görürəm ki, o da həmin mənbəni dəqiq hesablayır. Mixail və İrina Koşlar, Tamara Qloba və digərləri isə sadəcə həyəcanlı ifadələr üzrə mütəxəssislərdir.

– Biz demək istəyirik ki, astroloji proqnozları oxumuşuq və o proqnozlar köklü olaraq ziddiyət təşkil edir. Məsələn, öz bürcümüz haqqında iki astroloqun verdiyi aylıq və ya illik proqnozları oxuyanda heç biri uyğun gəlmir…

– Soruşsam, hansı iki astroloq, bəlkə də cavab verməkdə çətinlik çəkəcəksiniz. Azərbaycanda nə qədər astroloq var ki? Mediada çıxış edən cəmi iki mütəxəssis var: Firudin Qurbansoy və bəndəniz. Bizdə də ziddiyyət ola bilməz. Tutuşdura bilərsiniz. Ola bilər onun günlük proqnozunda maliyyə və sevgi öz əksini tapsın, məndə isə fəaliyyət və səhhət. Amma bu, o demək deyil ki, ziddiyyətlidir. Çünki bürcün günlük məlumatı çoxşaxəlidir və qısa yazıldığı üçün məhdudlaşdırılır. Digər proqnozlara isə şəxsən mən cavabdehlik daşımıram. Siz mediadasınız və bir hadisəyə nə qədər ziddiyyətli xəbərlər hazırlandığını da görmüsünüz. Bu da ona bənzər bir şeydir.

– Astrologiya və kosmik enerji. Bunlar eyni qavramı əhatə edir, yoxsa tamam başqa-başqa qavramlardır?

– Kosmik enerjinin tətbiq edilmə növləri var. Məsələn, bioenergetiklər kosmik enerjini alır və insanın müalicəsinə sərf edirlər, yaxud da kimsə kosmik enerji ilə hansısa cihaz düzəldir. Astrologiyada vəziyyət fərqlidir. Məsələn, planetlərdə 2 dəqiqədən bir baş verən sürüşmə insanların iliyinə, bədəninin formalaşmasına, sümük strukturuna, dünyaya baxışına birbaşa təsir edir. Yəni təbii ki, hər şey enerji ilə bağlıdır. Əgər enerji olmasa, biz heç nəyə nail ola bilmərik. Amma o mövzunu mistikləşdirmək cahili düşüncədən doğan məlumatsızlıqdır.

– Yəni deyirsiniz ki, həmkarınızla heç bir ziddiyyətiniz yoxdur?

– Var (gülür). Məsələn, mən 11-ci bürcü Sutökən, o isə Dolça adlandırır. Mən izah edirəm ki, 12 Zodiak işarəsindən yalnız biri – Tərəzi cansız, qalanları canlıdır, lap şəklinə baxanda da aydın görünür. Bundan başqa mən Şərq Zodiak təqviminin 20 yanvar-19 fevral aralığında başladığını, o isə martın 21-də başladığını deyir. İzah edirəm ki, martın 21-i zərdüştlük təqvimi başlayır. Məsələn, Çin-Şərq təqviminə görə, builki Xoruz ili yanvarın 28-də başlandı, gələn il fevralın 14-də isə başa çatacaq.

– Siz Allaha inanan biri kimi tanınırsınız. İbadət edirsinizmi və astrologiya ilə din arasında hər hansı bağlılıq varmı?

– Sualınız mənə qəribə gəldi. Kimsə Allaha inanan kimi tanınmır, sadəcə olaraq inanır. İbadət də, inam da, iman da bəndə ilə Allahın arasında olan bir bağdır və məncə, bu, başqalarını ilgiləndirməməlidir. Hər halda, fanatik dindar olmasam da, Yaradanın qaydalarına bacardığım qədər riayət etməyə çalışıram. Mən dini mövzularda razılaşmadığım məqamlara tənqidi yanaşma da sərgiləyirəm, bunu zaman-zaman sosial şəbəkələrdə də görə bilərsiniz. Bu gün də deyirəm ki, dinimizdə reforma yaranmalı, yenidənqurma olmalıdır. Başqa vaxt deyirik ki, Avropa inkişafdadır,. Çünki onlar renosans dövründə dini dövlətdən ayırdılar. Bizdə isə dinlə bağlı hansısa hədisə və ya təfsirə tənqidi yanaşan kimi adamın üstünə düşürlər. Məsələn, kimsə Qurandakı bir ayə ilə razılaşmır. Onu topa tutmaqdansa, din alimləri səbr və təmkinlə o ayəni izah etməlidirlər, nəinki onu düşmən və ya kafir elan etməlidir.

Astrologiya ilə dində cəmi bir ziddiyət var: dini ehkamlarda bildirilir ki, insan özünü dərk edə bilməz, astrologiya isə bunun əksini deyir. Başqa heç bir ziddiyyət yoxdur. Əslində Qurani-Kərimdə astrologiyanı təkzib edəcək heç nə yoxdur, əksinə 20-yə qədər ayə var ki, astrologiyanı açıq şəkildə dəstəkləyir. Kitablarımın girişində zaman-zaman o ayələrdən sitat gətirirəm. Amma gülməli olsa da, bəzən fanatik dindarlar deyir ki, orada fal oxları, fala baxma, düyünə üfürmə həm də astrologiyaya aiddir. Bu “ittihama” isə gülməkdən başqa əlacımız qalmır.
photoslide_title
– Astrologiyada ateist baxışlar varmı? Yoxsa, bütün astroloqlar ateizmi birbaşa rədd edirlər? Yəni, Tanrını inkar edən astrologiya varmı?

– Mən astrologiyaya dində ikən başlamışam, bunu sığorta və ya gözə soxmaq üçün etməmişəm. Astrologiyanı öyrəndikcə gördüm ki, dinlə astrologiyanın vəhdəti böyükdür. Hətta bəzi dindar kəsim bunu bəyənməsə də, rədd etsə də, dünya ölkələrinin böyük əksəriyyəti astrologiyanı “sonuncu din” kimi də qəbul edirlər. Çünki ola bilsin ki, dini bilgiləri oxumaqla insan özünü dərk edə bilmir, amma insan astrologiyanı oxumaqla özünü dərk edə bilir. İnsan özün dərk edəndə də həm təmkinli olur, həm də Allaha bağlanır. Məsələn, mənim işimlə bağlı mənə çox şərlər atırlar, deyirlər ki, guya fala baxıram və s. Amma təmkinim sayəsində çalışıram ki, onlara cavab verim. Heç vaxt da debatlarda uduzmamışam və həmişə çalışmışam ki, əlimdə olan arqumentləri ortaya qoyam. Əlimdəki arqument zəif ola bilər, amma arqumentsizlik deyilən bir şey yoxdur. Artıq 26 ildir bu işin içindəyəm və 38 kitabım çıxıb, demək ki, sual verənlərdən bir az çox bilirəm (gülür).

– Səbuhi bəy, bəs öz taleyinizi nə qədər bilirsiniz? Yəni, 3 il sonrakı həyatınızı hesablaya bilirsiniz?

– Mən 10-15 il sonrakı həyatımı da hesablaya bilərəm. Amma burada bir məsələ var ki, 3 il sonrakı həyatda Səbuhi nəyi hesablayacaq? Tutaq ki, mənim bir layihəm var və televiziyada veriliş götürmək istəyirəm. Bu işlə bağlı da mənə avqust ayına söz veriblər. Mən bu işin qoroskopunu qura bilərəm, ambulator-müayinə üçün vaxt seçə bilərəm. Astrologiya təkcə gələcəkdən xəbər vermir, insanın potensialını göstərir və ondan nə zaman, nə qədər istifadə olunacağı əmsalını göstərir.
photoslide_title
Səbuhi Rəhimli: “Mənim işimlə bağlı mənə çox şərlər atırlar, deyirlər ki, guya fala baxıram”.

– Dünyada, həmçinin Türkiyədə və Rusiyada bir çox məşhur insanlar bütün addımlarını astroloqlarla məsləhətləşərək atırlar. Azərbaycanda vəziyyət necədir? Sizin məşhur və pullu müştəriləriniz varmı və əgər varsa, onlar verdiyiniz məsləhətlərdən məmnun qalırlarmı?

– Birinci qeyd edim ki, mən müştəri ilə işləmirəm, bunu bütün Azərbaycan bilir. Mən sırf yaradıcılıq və mətbu fəaliyyətlə məşğul oluram. Yalnız tanışlar müraciət edəndə təmənnasız yardım etməyə çalışıram, onların da çoxuna psixoloji söhbət kifayət edir. Həm də elə insanlar var ki, onlara heç nəyi başa salmaq olmur, mövhumatın içində boğulurlar. Məsələn, biri gəlib deyir ki, elə et ki, mən polis rəisi olum. Anladıram ki, elə edə bilsəm, elə özümə edərəm də (gülür). Yaxud da işdə elə bir qayda pozuntusu edir ki, mən ona uğurlu vaxt da desəm o həmin işə qayıda bilməz. Statistikanı bilmək istəyirsinizsə, siyahıda birinci yeri devalvatik depressiyaya düşənlər, ikinci yeri incəsənət adamları, üçüncü yeri isə siyasilər tutur. Məsələn, bu günə qədər neftdə işləyən bir nəfər də mənə müraciət etməyib.

– Astroloqun siyasi tərəf olması təhlükəli deyil ki?

– Olduqca təhlükəlidir. Tarixin acı dərsləri çox olub bu barədə. Mənim Səbuhi Rəhimli kimi öz siyasi dünyagörüşüm var və heç bir partiyanın üzvü deyiləm, olmayacağam da. Astroloji baxışa partiya sığmır. Çalışmışam ki, qızıl ortanı tutum. Məsələn, mən “Yeni Müsavat” qəzetində işləyə-işləyə, “Səs” İnformasiya Agentliyində çalışmışam, Lider televiziyasında verliş də aparmışam və mənə heç kim bir söz deməyib. Hamı bilir ki, mən astrologiya pəncərəsindən hər bir fərdə sadəcə bəndə kimi baxıram – prezidentə də, fəhləyə də. Təxribatlara, şouya, siyasi oyunlara qapılarım bağlıdır.

– Sizə heç pronoz verməklə bağlı iş adamlarından müraciət edənlər olubmu?

Ardı var…

Həmçinin oxuyun

Putin:“Qarabağla bağlı üçtərəfli bəyanat ardıcıl şəkildə icra olunur”

Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Qarabağla bağlı 9 noyabrda imzaladıqları birgə bəyanat ardıcıl şəkildə icra …

Bir cavab yazın