Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Siyasət / “Biri boykot deyir, biri iştirak, biri söyüş söyür, biri inamsızlıq yaradır…”

“Biri boykot deyir, biri iştirak, biri söyüş söyür, biri inamsızlıq yaradır…”

Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərində namizədlərdən sənəd qəbuluna fevralın 20-də start verilib. 

Qanunvericiliyə görə, prezidentliyə namizəd olmaq istəyən şəxslər sənədlərini səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18.00-dək Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etməlidirlər. İrəli sürülmüş namizədlərin qeydə alınması üçün namizəd və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinin seçki sənədlərini MSK-ya təqdim etməsi üçün ayrılan müddət martın 12-də başa çatacaq.

MSK indiyədək 13 nəfərin prezidentliyə namizədlyinin irəli sürüldüyünü təsdiqləyib.

Bəs namizədliyini irəli sürənlər imzatoplama kampaniyasına başlayıbmı?

Mia.az xəbər verir ki, Modern.az saytı bu sualla prezidentliyə namizədliyini irəli sürən bir neçə şəxsə  müraciət edib.

Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, deputat Araz Əlizadə:

“Artıq üç gündür, imzatoplama kampaniyasına başlamışıq. Lakin nə qədər imza topladığımızla bağlı məlumat verə bilmərik. Nümayəndələrimiz rayonlardadır və imzaları toplayırlar. Bu istiqamətdə hər hansı problemimiz yoxdur”.
Hüquqşünas Anar Umudov:

“Hardasa bir neçə gündür, biz də imzatoplama kampaniyasına başlamışıq. Cənub, şimal kimi müxtəlif bölgələrdə, həmçinin Bakı  şəhərində  imzalar toplanır. Çünki əsas şərtlərdən biri 60 dairəni əhatə etməkdir. Ona görə də çalışırıq ki, bütün dairələri əhatə edək. Bu istiqamətdə heç bir çətinlik yoxdur, hər şey normal qaydada gedir. Düzdür, hər cür insan var. Bəziləri imzaları canfəşanlıqla versələr də, bəzilərində əksini müşahidə edirik. Yəni müxtəlif yanaşmalar mövcuddur. Bu da anlaşılandır”.

Namizədliyi “Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən irəli sürülən Razi Nurullayev:

“Dünəndən imzatoplama kampaniyası başlayıb. 70 seçki dairəsi müəyyənləşdirmişik, könüllülər ezam edilib və edilməkdədir. Mənə belə gəlir ki, bu gün beş minə kimi imza toplana biləcək. Hələ ki, maneçiliklə qarşılaşmamışıq. Sadəcə, insanlar özləri könülsüz və həvəssizdir, bu da təbiidir. Çünki, seçki mədəniyyəti tam formalaşmamış ölkə sırasındayıq və bu məsələdə xalq günahsızdır.

Xalqda və ölkədə seçki mədəniyyəti formalaşdırmaq siyasi partiya və təşkilatlardan asılı məsələdir. Biri boykot deyir, biri iştirak, biri söyüş söyür, biri inamsızlıq yaradır, bu da təbii ki, xalqın əhval-ruhiyyəsinə təsirsiz ötüşmür. Seçki təbliğatı dövründə bunu tam dəyişəcəyimizə inanıram”.

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev:

“İmzatoplama kampaniyasına artıq  üç gündür ki, başlamışıq.  Nə qədər imzaların toplandığı barəsində hələ ki məlumatlar daxil olmayıb. Yəqin ki, həftənin sonu  ilkin məlumatlar olacaq.  Lakin imzatoplama ilə bağlı hər hansı problemin olduğu barəsində  partiyanın Mərkəzi Seçki Qərargahına məlumat daxil olmayıb”.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev:

“Dünən rayon təşkilat sədrləri Bakıya dəvət edilmişdi. Səlahiyyətli nümayəndələrimiz, o cümlədən Bakı Seçki Qərargahı rəisinin iştirakı ilə təlimatımızı verdik. İmza vərəqələrini hər bir rayon üzrə bölüşdürə bilmişik. Düşünürəm ki, 10-12 günə imzalarımızı toplayıb Mərkəzi Seçki Komissiyasına vaxtında təhvil verəcəyik”.

AĞ Partiya başqanı Tural Abbaslı:

“Demək olar ki, 4-5 gündür, imzatoplama kampaniyasına başlamışıq. Bütün regionları, dairələri əhatə etməyə çalışırıq. Həm də 40 mindən çox imza toplamalıyıq. Çalışırıq toplayaq, lakin işlər ağır gedir. Bir az regionlarda problemlər yaranır. İnsanların çoxu qorxur və imza vermək istəmirlər. “Başımızı ağrıtmaq istəmirik” kimi yanaşmalar da var. Bütün çətinliklərə baxmayaraq işlərimiz davam edir”.

Xatırladaq ki, növbədənkənar prezident seçkilərində namizədliyinin irəli sürülməsi təsdiqlənən şəxslər hələ ki bunlardır:

Azərbaycan prezidenti İlham Əliyev – prezidentliyə namizədiliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb;

Milli Məclisin deputatı Qüdrət Həsənquliyev – prezidentliyə namizədiliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülüb;

Milli Məclisin deputatı Zahid Oruc – prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülüb;

Milli Məclisin deputatı Fərəc Quliyev – prezidentliyə namizədiliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülüb;

Milli Məclisin deputatı Araz Əlizadə – prezidentliyə namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülüb;

Asif Məmmədov – prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülüb;

Razi Nurullayev – prezidentliyə namizədliyi “Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən irəli sürülüb;

Elşən Həsənov – prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülüb;

Hafiz Hacıyev – prezidentliyə namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülüb;

Fuad Əliyev – prezidentliyə namizədliyi Azərbaycan Liberal Demokrat Partiyası tərəfindən irəli sürülüb;

Tural Abbaslı – prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülüb;

Anar Umudov – prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülüb;

Ramazan Bəkirov – prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülüb.

Həmçinin oxuyun

Ermənistan bu yaşlı əsirlərə də sahib çıxmır (FOTO)

Ermənistan hərbçilərinin meyitini və vətəndaşlarını təhvil almaq istəmir. Bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Əsir …