Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / Beynəlxalq Banka borcu olan 7400 nəfərin ölkədən çıxışına qadağa qoyuldu

Beynəlxalq Banka borcu olan 7400 nəfərin ölkədən çıxışına qadağa qoyuldu

Azpolitika.info saytına şərti olaraq “Kredit işi” adlanan cinayət işi ilə əlaqədar sensasion məlumatlar daxil olub.

Bu haqda məlumat verməzdən öncə sayt xatırladır ki, Beynəlxalq Bankdan kredit adı ilə götürülüb mənimsənilən və ya qaytarılması qeyri-real olan vəsaitlərlə bağlı cinayət işinin istintaqı artıq 3 aydır ki, davam edir. Bu proses prezident İlham Əliyevin ölkənin bank sektorundakı maxinasiyalara son qoyulması barədə göstərişindən sonra başlayıb.

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (“Bandotdel”) tərəfindən aparılan bu işlə əlaqədar ilk günlərdən xeyli sayda insan istintaqa cəlb olunub. “Bandotdel”ə çağırılıb dindirilən iş adamları və onların yaxınlarının sayının 100-lərlə olduğu bildirilir. Bu işlə bağlı 5 mindən artıq şəxsin dindirildiyi, 100-ə yaxın adam haqda həbs-qətimkan tədbiri seçildiyi də verilən məlumatlar sırasında idi.

Borcunu ödəməyə hazır olanlar və qısa müddətdə (bir neçə gün ərzində) ödəmək öhdəliyi götürənlərin sərbəst buraxıldığından hazırda onların sayının 20-yə düşdüyü bildirilir. Ancaq bu heç də cinayət işinin miqyasının kiçilməsi demək deyil.

“Bandotdel” Beynəlxalq Bankdan kredit alan hər kəsi tədqiqata cəlb edib. Bu məqsədlə Beynəlxalq Bankdan kredit götürmüş 7400 nəfərin ölkədən çıxışına qadağa qoyulub.

Nə qədər qəribə olsa da, ölkədən çıxışına qadağa qoyulanlar arasında Beynəlxalq Bankdan götürdüyü kreditləri vaxtında ödəməyən və ya aylıq ödənişləri gecikdirənlərlə yanaşı, vaxtilə kredit alıb qaytaranların da adları var. Məlumata görə, bu şəxslərin siyahısı “Bandotdel”ə Beynəlxalq Bankın rəhbərliyi tərəfindən verilib.

Əksəriyyəti Beynəlxalq Bankdan istehlak krediti götürən bu şəxslərin bir çoxunun “Bandotdel”ə çağrıldığı, krediti nə üçün, hansı yolla götürdüyünə dair sorğu-sual edildiyi də verilən məlumatlar sırasındadır.

Mənbə bunun nə məqsədlə həyata keçirildiyinə dair dəqiq bilgiyə malik olmasa da, siyahıda adı olanların böyük hissəsinin Beynəlxalq Bankdan kredit adı ilə götürülərək mənimsənilən kreditlərlə heç bir bağlılığının olmadığını bildirir.

Bankın “yoxa çıxan” milyardlarının isə təxminən 25-30 nəfərdə olduğu vurğulanır.

Sayt qeyd edir ki, belədə həqiqətən Beynəlxalq Bankdan istehlak krediti götürmüş, hətta nə vaxtsa götürdüyü kreditləri qaytaran vətəndaşların istintaqa cəlb olunmasına, ölkədən çıxışına qadağa qoyulmasına məntiqi izah tapmaq çətindir.

Nəzərə alsaq ki, bu insanların içərisində xaricə işgüzar səfər edənlər, müalicə üçün gedənlər də var, bu “STOP” qərarının həm də vətəndaşların hüququnu kobud şəkildə pozduğunu söyləmək olar.

Hansı ki, buna görə, “Bandotdel”dən daha çox müştərilərinin siyahısını sanki cinayət törətmiş şəxslər kimi bu quruma təqdim edən Beynəlxalq Bankın rəhbərliyi daşıyır.

Həmçinin oxuyun

Köhnə siyahılar üzrə ictimai rəyə soxuşdurulan “politoloq” və “hərbi şərhçi”lərlə vidalaşmağın zamanıdır…

Bir dəfə yazdım ki, ölkədə ard – arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının …

Bir cavab yazın