Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Beynəlxalq Avrasiya Mətbuat Fondu Qarabağda baş verənlərlə bağlı bəyanat yaydı – MƏTN

Beynəlxalq Avrasiya Mətbuat Fondu Qarabağda baş verənlərlə bağlı bəyanat yaydı – MƏTN

Beynəlxalq Avrasiya Mətbuat Fondu Qarabağda baş verənlərlə bağlı bəyanat yayıb.

Mia.az-a daxil olan bəyanatda deyilir:

“BMT-nin Sosial-İqtisadi Şurasının əsas məşvərətçi statuslu üzvü olan Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) son günlər Qarabağda Ermənistan qoşunlarının işğalı altında olan ərazilərdə yerləşən təmas xəttində baş verən gərgin silahlı toqquşmalarla bağlı dərin narahatlığını bildirir. BAMF-ın sədri Umud Mirzəyev bildirir ki, aprelin 1-dən 2-nə keçən gecə cəbhə bölgəsində baş verənlər 1994-cü ildə Ermənistan və Azərbaycan arasında bağlanmış Atəşkəs sazişindən sonra ən irimiqyaslı hərbi əməliyyatlardır. Azərbaycanın tərkib hissəsi olan Dağlıq  Qarabağda etnik münaqişə zəminində yaranan ağır hərbi qarşıdurma  90-cı illərin əvvəllərində, beynəlxalq terrorçu qruplaşmaların və Sovet İmperiyasının 366-cı alayının müdaxiləsi ilə alovlandırılmışdır. Hərbi münaqişə nəticəsində 30 mindən çox insan həlak olmuş, Dağlıq Qarabağ və onunla həmsərhəd Azərbaycanın 7 rayonu işğal olunmuşdur. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1993-cü ildə Azərbaycan ərazilərinin işğal edilməsini qınayan, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığını bir daha təsdiq edən və Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olmasını tanıyan 822, 853, 874 və 884 saylı qətnamələrinə baxmayaraq bu gündə işğalçı qüvvələr zəbt olunmuş Azərbaycan ərazilərində qalmaqda davam edir, regionun inkişafına ciddi maneə olmaqla yanaşı, beynəlxalq təhlükəsizliyin qorunması istiqamətində təhdidlərə yol açır. Təəssüf hissi ilə bildirməliyik ki, münaqişənin sülh yolu ilə həll olunması üçün ATƏT-in Minsk qrupunun 20 ildən çox fəaliyyətinə baxmayaraq, münaqişənin beynəlxalq hüquqi prinsiplər əsasında həlli istiqamətində irəliləyişlər hələ də əldə edilməmiş, işğalçı qüvvələrin separatist fəaliyyətinə  ikili standartlarla yanaşılmış, gərgin status kvo qorunub saxlanılmışdır. Nəticədə bu ərazilərdən məcburi köçkün düşmüş bir milyona yaxın Azərbaycanlının fundamental azadlıqları kobud şəkildə pozulmuş, işğal altındakı Azərbaycan ərazilərindəki maddi mənəvi, tarixi abidələr, yaşayış məskənləri talanaraq barbarcasına məhv edilmişdir. Cinayət tərkibli əməllərin davamı olaraq son günlər Ermənistan hərbi qüvvələrinin ardıcıl surətdə təxribatçı fəaliyyətləri nəticəsində yaranan silahlı qarşıdurmanı regionda sülhün və sosial-iqtisadi inkişafın, beynəlxalq hüququn prinsiplərinin kəskin surətdə pozulması aktı kimi dəyərləndiririk. Silahlı toqquşmalar zamanı erməni hərbi birləşmələrinin təmas xəttindən geridə yerləşən və mülki Azərbaycanlıların məskunlaşdığı yaşayış məskənlərini hədəfə alması nəticəsində 10-larla dinc sakin həlak olmuş və ya yaralanmış, infrastruktura ciddi ziyan dəymişdir. BAMF, Ermənistan hərbi qüvvələri tərəfindən uzaqmənzilli ağır raket qurğularının bölgəyə yerləşdirilməsi, etnik separatçı qüvvələrin qarşıdurmanın alovlandırılması istiqamətindəki müxtəlif təxribatçı əməllərini  kəskin şəkildə pisləyir. Qarabağ müharibəsinin ilk illərindən müharibədən zərərçəkmiş ərazilərdə, sülh çağırışları ilə fəaliyyət göstərən BAMF, münaqişənin yeganə həll yolunu Qarabağ ərazisinin erməni hərbi birləşmələri tərəfindən işğalı faktının aradan qaldırılması və münaqişənin beynəlxalq hüquqi prinsiplər əsasında danışıqlar yolu ilə həll edilməsində görür. Beynəlxalq qurumları işğal faktoruna səssiz qalmamağa, bu çətin regionda davamlı sabitliyin yaranması, ədalətin bərpası  üçün Azərbaycanın işğal olumuş ərazilərinin qeyd şərtsiz azad edilməsi və sülh danışıqlarının bərpa olunması istiqamətdə həmrəylik nümayiş etdirməyə çağırır”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın