Şənbə , Avqust 13 2022
Ana səhifə / Siyasət / Berlində AMİP-in tam hüquqlu üzv olduğu BDİ-nin icraçı toplantısı və sammiti keçirilib

Berlində AMİP-in tam hüquqlu üzv olduğu BDİ-nin icraçı toplantısı və sammiti keçirilib

İyunun 26-29-u tarixlərində Berlində AMİP-in tam hüquqlu üzv olduğu Beynəlxalq Demokrat İttifaqının (BDİ) Forumu, İcraçı Toplantısı və Sammiti keçirilib.

 Tədbirlərdə partiyanı AMİP-in fəxri lideri Etibar Məmmədov və AMİP Sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev təmsil edib.

 BDİ-yə üzv olan dünyanın bir sıra sağ mərkəz partiyalarının rəhbərlərinin, bir çox hazırkı və keçmiş dövlət, hökumət başçılarının, Avropa Parlamenti deputatlarının, ATƏT təmsilçilərinin və tanınmış siyasətçi, ekspertlərin iştirakı ilə keçirilən Forumda əsas mövzulardan biri Rusiya-Ukrayna müharibəsi olub.

Forumda Ukraynanın keçmiş prezidenti Petro Poroşenko və keçmiş baş nazir Yuliya Timoşenko geniş nitq söyləyərək bu günə qədər olan hərtərəfli dəstəyə görə təşəkkür edərək, dünya dövlətlərini Ukraynaya köməklərini daha da artırmağa və Rusiyanın işğalçılıq siyasətinin qarşısını almaq üçün bütün vasitələrdən istifadə etməyə çağırıblar.

BDİ-nin İcraçı Toplantısında AMİP-in fəxri lideri Etibar Məmmədov Cənubi Qafqazdakı vəziyyət və Ukraynadakı hadisələrin regiona təsirləri ilə bağlı çıxış edib. Ermənistan Azərbaycan arasında müharibə vəziyyətinin qalmasının regiona və Avropanın enerji təhlükəsizliyinə təhdid olduğunu  bildirən E. Məmmədov çıxışında regionda sabitliyin yaranmasında əsas yolun Azərbaycan və Ermənistan arasında sülh müqaviləsindən keçdiyini bildirib.

 Bunun üçün isə tərəflərin bir-birilərinin ərazi bütövlüyünü tanıması və ərazi iddialarının olmamasını əsas şərt kimi vurğulayıb.

E. Məmmədov çıxışında Azərbaycanın sülh müqaviləsini imzalamağa hazır olduğunu, Ermənistanın isə müxtəlif bəhanələrlə bundan yayınmaq istədiyini bildirərək Avropa İttifaqını bu istiqamətdəki fəaliyyətini daha da artırmağa, dünya dövlətlərini daha da fəal olmağa çağırıb.

Berlin Sammitindən öncə məlum olmuşdur ki, Sarkisyanın lideri olduğu Ermənistanın Respublikaçılar partiyası BDİ -yə üzv olmaq üçün Berlin toplantısına qatılacaqdır.



Bu partiya indiyədək bir neçə dəfə belə cəhdlər etsə də AMİP onların BDİ-nin prinsiplərinə zidd fəaliyyət göstərdiklərini əsas gətirək  üzvlülük məsələsinin  qarşını ala bilib.  Bu dəfə də regionda separatçılığın və terrorun əsasını qoyan Sarkisyanın liderlik etdiyi partiyanın BDİ-yə üzvlüyünün imkansız olması ilə bağlı AMİP faktlarla etirazını bildirib.  Belə ki, Krımın anneksiyası zamanı Rusiyaya dəstək verməsi, Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibəyə heç bir münasibət bildirməməsi, partiyanın Moskvadan idarə olunması reallığı,  hakimiyyətə gəlmək üçün Kremlin yardımına arxalanması, Azərbaycanla yenidən müharibəyə başlamaq təbliğatını aparmaqla sülhün yaranmasına qarşı çıxması AMİP tərəfindən diqqətə çatdırılıb.  Nəticədə onlara üzvlük üçün  zəmanət verən (sponsorluq edən)  partiyalar zəmanətlərini geri çəkməklə bu məsələ ümumiyyətlə gündəlikdən çıxarılıb.

Həmçinin oxuyun

Təbriz Musayev: “Göyçəyə, Zəngəzura, Dərələyəzə, Ağbabaya dönüşümüz xəyal yox, reallıqdır”

“Azərbaycan Prezidenti İlham Əliyev 1988-ci ildən sonra Ermənistanda yaşayış məntəqələrini və evlərini tərk etmiş azərbaycanlıların …