Cümə , Sentyabr 25 2020
Ana səhifə / Siyasət / Belarusda Venesuela ssenarisi: “Batka” Maduro yolu gedir

Belarusda Venesuela ssenarisi: “Batka” Maduro yolu gedir

Belarusda prezident seçkilərinin nəticələrinə etiraz olaraq başlanan mitinqlər eynilə Venesuela ssenarisini xatırladır. Uzaq Latın Amerikası ölkəsində ilin əvvəlində ayağa qalxan kütlələrin etirazları getdikcə eniş etdi və prezident Nikolas Maduro hakimiyyətdə qaldı. Baxmayaraq ki, onun rəqibi Xuan Quaydo ABŞ-a səfər etmiş, Vaşinqton onun prezidentliyini tanımış, bir sıra Qərb dövlətləri və Venesuelanın qonşuları da onu dəstəkləmişdilər.

Amma proses söndü, ordu müxalifətin tərəfinə keçmədi, bir neçə ay sonra Maduro mövqeyini tamamilə möhkəmləndirdi. Doğrudur, Karakasda baş verənlərdə birmənalı olaraq xalq müxalifətin yanında deyildi. Yəni Maduronun da kifayət qədər tərəfdarları olduğunu söyləmək lazımdır və hakimiyyət sanksiyalar üzündən böhran yaşayan ölkəni məhz xarici qüvvələrin qarışdırdığını bəyan edirdi. Ona görə də Venesuelada inqilab yarımçıq qaldı, sanki ölü doğuldu və əksinə, qonşu Boliviyada ordunun xalqın yanında olması tezliklə prezident Eva Moralesin ölkədən qaçmasına gətirib çıxardı.

İndi analoji proses Latın Amerikasından uzaqlarda – Şərqi Avropa və keçmiş postsovet ölkəsində baş verir. 26 ildir prezident postunu əldən verməyən Aleksandr Lukaşenko əleyhinə mitinqlər ilk günlərdə izdihamlı olsa da, hərəkat getdikcə zəifləyir. Artıq Qərb də bu məsələdə geri çəkilmiş görünür.

Almaniya kansleri Angela Merkel deyib ki, Avropa liderləri Belarus hakimiyyəti və Lukaşenko ilə dialoqa hazırdır, lakin o, heç kimlə əlaqə yaratmayıb. O, Rusiya prezidenti ilə bu barədə danışdığını və gözləntilərinin nədən ibarət olduğunu qarşı tərəfə çatdırdığını xatırladıb.

Fransa da inqilaba qarşıdır. Prezident Emmanuel Makron bildirib ki, Avropa İttifaqı Ukrayna ssenarisinin Belarusda təkrarlanmasını istəmir.”Belarus müstəqil şəkildə hakimiyyət, müxalifət və vətəndaş cəmiyyəti arasında dialoq qurmalıdır”, – Fransa lideri açıqlayıb.

Ramiyə Məmmədova: “İmamoğlunun daxili siyasətdə problemlər ...

Politoloq Ramiyə Məmmədovanın qənaətinə görə, Belarusda Venesuela ssenarisindən danışmaq tezdir.

Onun fikrincə, Amerikanın yəhudi əsilli ideoloqu, adı “rəngli inqilab”larla bağlı olan Bernard Henrinin səfəri gizli mətləblərdən xəbər verir.

“Dünya mediası onun Belarusda görünməsindən danışır. Bilirsiniz ki, Bernard harada görünübsə, orada çevrilişlər olub – Liviya, Ukrayna, Gürcüstan və s. Ona görə tələsməyə ehtiyac görmürəm. Sadəcə, Avropa dövlətləri həmişə böhrandan çıxış yolları təklif edirlər, Qərb kompromis və dialoq tərəfdarıdır. Amma prosesin necə yekunlaşacağını söyləmək çətindir. Artıq Tixanovskaya yenidən fəallaşıb, xalq da geri dönüşün hansı psixoloji sarsıntı yaşadacağını anlayır. Məsələ budur ki, Belarus xalqı çox təmkinlidir, qarşıdurmaya getmir, inzibati binaları tutmur, yəni ukraynalılar daha emosional və döyüşkən idilər”, – deyə siyasi ekspert “Yeni Müsavat”a bildirdi.

Onun sözlərinə görə, Qərb dialoqa çağırış etsə də, digər tərəfdən Lukaşenko əleyhinə sanksiyalara start verir: “Belarus prezidentinin əlini gücləndirən yeganə səbəb Putindir. Rusiya Belarusa ordu göndərir və zor yoluna ”Batka”nı iqtidarda saxlamaq istəyir. Amma xalqın dirənişindən çox şey asılıdır”.

Belarusda prezident seçkilərini müşahidə etmiş azərbaycanlı deputat Azər Badamov isə teleqraf.com-a deyib ki, etirazların nə ilə başa çatacağı ilə bağlı qabaqcadan fikir söyləmək çətindir. Onun sözlərinə görə, beloruslar bu illər ərzində qazandığı dövlətçilik ənənələrini və iqtisadi inkişafını qoruyub saxlasalar daha yaxşı olar: “Həyat onu göstərir ki, meydanlarda deyilən vədlər həyatda heç bir ölkədə reallaşmır. Meydanlardan gələn hakimiyyətlərin uğursuzluqlarının da şahidi olmuşuq. Bu gün küçələrə axın edən sadə belaruslar nə istədiklərini bilmirlər. Onlar sadəcə, çağırışlara qoşulublar və yeniliyik axtarışındadırlar”.

Sərdar Cəlaloğlu: Qadın azadlığı hotellərin qabağında ərəblərə ...

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu azpolitika.info-ya geniş müsahibəsində qeyd edib ki, Belarusda proseslər Ukrayna modeli üzrə inkişaf edir: “Əslində, Svetlana Tixanovskaya Belarusda Aleksandr Lukaşenkoya alternativ olacaq rəqib deyil və bu xanım təsadüf nəticəsində Lukaşenkoya rəqib olub. Belarusda problemin çətinliyi ondadır ki, narazı kütlənin önünə çıxan, xalqı özünün qələbəsinə səfərbər edən namizəd və ya lider yoxdur. Fikrimcə, Belarusda gedən bütün oyunlar Lukaşenkonun Rusiya əleyhinə apardığı siyasəti neytrallaşdırmaqla bağlı idi”.

ADP lideri hesab edir ki, Lukaşenko hakimiyyəti qoruyub saxlasa da, stabillik pozulacaq: “Onun əleyhinə küçələrə çoxlu sayda insan çıxıb. Lukaşenkonun açıqlamaları da göstərir ki, bu insanlara qarşı hər cür repressiya həyata keçiriləcək. Yəni proses İslam Kərimovun Əndincanda minlərlə insanı güllələməsinə bənzər situasiyaya qədər gedib çıxa bilər”. Musavat.com

Həmçinin oxuyun

“Rusiya sıradan bir ölkə deyil” – Deputat

Diplomatiyada yeni seçilən və yaxud təyin edilən şəxsin ilk səfərini hansı ölkəyə edəcəyi böyük əhəmiyyət …