Şənbə , İyun 19 2021
Ana səhifə / Siyasət / Belarus generalı Zas niyə Azərbaycana münasibətdə zay çıxdı?

Belarus generalı Zas niyə Azərbaycana münasibətdə zay çıxdı?

Belarus generalı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zasın onlayn-brifinqdə Qarabağdakı vəziyyətlə bağlı söylədikləri Azərbaycanda ciddi etiraz doğurub. Onun dedikləri Ermənistan mətbuatının ən sevimli mövzularından birinə çevrilib. Belarus prezidenti Aleksandr Lukaşenkonun generalı deyib ki, Qarabağdakı suriyalı terrorçular ərazini tərk etməlidir. Halbuki Azərbaycan tərəfdən muzdlu döyüşçülərin olması barədə iddialar nə müharibə dövründə, nə də ondan sonra keçən müddətdə təsdiqləndi. 

Yada salaq ki,  Ermənistan xeyli müddət KTMT-nin baş katibi postuna Stanislav Zasın və ümumiyyətlə, hər hansı bir Belarus təmsilçisinin gətirilməsinə qarşı çıxırdı. İndi isə Zas az qala ermənilərin özlərindən daha betər ermənipərəstlik, canfəşanlıq edir.  Xüsusilə də bunu o ölkəyə edir ki,  Belarus xalqına ən çətin vaxtlarında Azərbaycan dost əlini uzadıb, 100 milyonlarla dollarlıq borc ayırıb, yardım göstərib.

Bəs indi nə baş verdi? Nədir bu ermənipərəstlik və erməni təəssübkeşliyi? Və niyə bu təəssübkeşlik Azərbaycanı şərləmək hesabına gerçəkləşdirilir?

Emin Həsənli ile ilgili görsel sonucu

Emin Həsənli 

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli bir sıra suallar ünvanladı: “Təəssüflər olsun ki, belə adamlar həqiqətdən uzaq, məntiqə söykənməyən fikirlər səsləndirirlər. Dedikləri də heç bir fakta söykənmir. Yaxşı olardı ki, həqiqəti demək istəyirlərsə, Araikin oradan rədd olub getməsini desinlər. Erməni terrorçuları Azərbaycan ərazisində nə gəzirlər? 10 noyabr razılaşmasının  yerinə yetirilməsini tələb etməlidirlər. Rus sülhməramlıları gəldikləri zaman erməni terrorçuları oranı tərk etməli idilər, niyə getmədilər? İkinci Qarabağ müharibəsində Azərbaycan tərəfindən ancaq silahlı qüvvələrimiz iştirak ediblər. Şəhidlər vermişik, qazilərimiz var. Öz ordumuzun gücünə torpaqlarımızı işğaldan azad etmişik. Bunu artıq Ermənistanın indiki və keçmiş rəhbərliyinin özü də etiraf edib. Bu məsələ bitib”.

Qabil Hüseynli ile ilgili görsel sonucu

Qabil Hüseynli

Sabiq dövlət müşaviri Qabil Hüseynli: “Azərbaycan ərazisində kimin olub-olmaması KTMT-nin baş katibinin bilavasitə səlahiyyətlərinə daxil deyil. Xüsusi xidmət orqanları bununla bağlı nəsə söyləyə bilərlər, o da əllərində əgər dəlillər olarsa. Quru sözlərlə Azərbaycanın ünvanına şər-böhtan atmaq, zənnimcə, çiynində general rütbəsi daşıyan adama yaraşmaz. Müharibə bitib, hər şey tam yerbəyer olmasa da, Azərbaycan azad edilmiş yerlərdə hərbi korpusların yaradılması işlərini aparır. Çünki sərhədlərimizi qoruyan qüvvələr lazımdır. Bir azdan əhalinin qayıdışı başlayacaq və insanların təhlükəsizliyi də həyata keçirilməlidir. Başa düşmürəm, ağlı başında olan bir general müharibə olmadığı, dinc bir şəraitin bərpa edilmək üzrə olduğu zamanda niyə belə açıqlamalar versin? Digər tərəfdən, indiyə qədər Suriyadan döyüşçülərin Azərbaycan tərəfdə olduğu barədə bir fakta belə rast gəlinməyib. Bu cür uydurmalar nəyə xidmət edir? Düşünürəm ki, bununla Azərbaycanı şərləyib, gələcək danışıqlarda gözü kölgəli etmək istəyirlər. Əgər ordumuzun sıralarında Suriyadan gələn qüvvələr olsaydı, indi onlar geriyə qaytarılmalı idilər. Çünki indiki şəraitdə Azərbaycana onlar lazım deyillər. Digər tərəfdən, əgər Azərbaycana döyüşən xüsusi təyinatlı, yaxud başqa qüvvə lazım olsaydı, onu başqa yerdən, məsələn, Pakistandan ala bilərdik. Pakistan bunu həvəslə edərdi. Özü də muzdlu döyüşçü kimi deyil, qardaş ölkəyə yardım kimi edərdi. Bir məsələni da deyim ki, nəzərdə tutulan Suriyadan olan qüvvələr ciddi təlim belə görməyiblər, heç ciddi döyüşlərdə də olmayıblar. Onların Azərbaycana gətirilməsində Türkiyə iştirak edə bilərdi. Amma qardaş ölkə onlardan əgər Suriya və Liviya əməliyyatlarında istifadə etmirsə, Azərbaycana onu necə tövsiyə edə bilər? Bu cür səfeh fikirlər necə səsləndirmək olar? Düşünürəm ki, Müdafiə Nazirliyi və digər aidiyyəti qurumlar bu məsələlərlə bağlı KTMT-nin baş katibi ilə əlaqələr yaratmalı və ona Azərbaycanın ünvanına belə fikirlər səsləndirdiyi üçün sərt etiraz edilməlidir. Kabinetdə oturub, Azərbaycan Ordusunun tərkibində muzdlu suriyalıların olmasını demək kimin ağlına gələ bilər? Azərbaycana indiki vəziyyətdə peşəkar səviyyəsi aşağı olan, öz ölkələri üçün daha lazımlı olan adamlar nəyə lazımdır? Yaxınlarda orduya MAXE, gizir cəlb etmək üçün müsabiqə elan olundu. Orada yüzlərlə Azərbaycan vətəndaşının ərizəsi var. Bu faktın özü onu göstərir ki, Azərbaycan Ordusu hansı əsaslar üzrə qurulub. Eyni zamanda əsgərliyə çağırış daimi xarakter daşıyır. Bütün bu faktlar belə səfeh-səfeh danışanların fikirlərini darmadağın edir”. Musavat.com

Həmçinin oxuyun

Ərdoğanın Bakıdakı mətbuat konfransının TAM MƏTNİ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərindən sonra Türkiyə jurnalistlərinin suallarıana cavab verib. Son günlərdə …