Çərşənbə , İyun 19 2019
Ana səhifə / Siyasət / BDU-nun qalmaqallı dekan müavinləri

BDU-nun qalmaqallı dekan müavinləri

Son zamanlar BDU-da dekan müavinləri ilə tələbələr arasında ard-arda qalmaqallar yaşanır. Məsələni tələbələrin sosial şəbəkələrdə yayması ilə vəziyyət ictimailəşir və bundan hər kəs xəbərdar olur. Qədim tarixə malik, məşhur professorların, elm adamlarının, ziyalıların çıxdığı təhsil ocağında bu kimi halların baş verməsi təbii ki, heç də ürəkaçan deyil. Lakin fakt budur ki, bunlar yaşanır.

BDU-da dekanların əksəriyyəti elmi dərəcələrinə görə professor, dekan müavinləri isə elmlər doktorudurlar.

Maraqlı haldır ki, problemlər daha çox yeni təyin olunan gənc xanım dekan müavinləri ilə oğlan tələbələr arasında baş verir. Öncə xatırladaq ki, bu ilin yanvar ayında Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekan müavini Aytəkin Zeynalova tələbələrə səsli mesaj göndərərək aşağıdakıları bildirmişdi:

“Sizə tapşırıram, axırıncı dəfə sizə deyirəm, belə tipli, Könül xanım haqqında, Cahangir müəllim haqqında, mənim haqqında, ümumiyyətlə rəhbərlik, dekanlıq haqqında biriniz bir kəlmə artıq-əskik, lağa qoyulacaq şəkildə sosial şəbəkədə bir cümlə yazın…”
Tələbələrin bu səsi ictimailəşdirməsindən sonra bu məsələ sosial şəbəkələrdə xeyli müzakirə olundu və dekan müavini qınanıldı.
Jurnalistika fakültəsində baş verənlər yavaş-yavaş unudulurdu ki, bu dəfə BDU-nun İlahiyyat fakültəsinin dekan müavini Nigar İsmayılzadə ilə tələbə Zəka Mirağayev arasında qalmaqal yaşandı.

Bu qalmaqal çapına görə daha böyük oldu və tələbə ilə dekan müavini arasında yaşanan narazılıq məhkəməyə qədər gedib çıxdı.

Mayın 25-də keçirilən məhkəmədə dekan müavini Nigar İsmayılzadə çıxış edərək deyib ki, fakültənin dördüncü kurs tələbəsi olan Zəka Mirağayev mediada ona böhtan atıb. Dekan müavini tələbə tərəfindən “rüşvətxor” adlandırıldığını söyləyib.
Dekan müavini həmçinin əlavə edib ki, tələbə mətbuatdakı açıqlamalarında onu universitetdə neqativ əməllərlə məşğul olmaqda da ittiham edib. N.İsmayılzadə məhkəmədəki çıxışında “MTN işi” çərçivəsində həbs edilmiş və həbsdə olarkən intihar edən İlqar Əliyevlə adının birlikdə çəkilməsinə də etiraz edib.

Onun sözlərinə görə, intihar etmiş MTN polkovniki İlqar Əliyevlə əlaqəsi haqda yazılanları özünə təhqir hesab edir: “Mətbuatda “Xanım dekan müavininin intihar etmiş MTN polkovniki ilə nə əlaqəsi var?” başlığı ilə məqalə yayılmışdı. Azərbaycanlıyıq, bu cümləni oxuyan mənim haqqımda nə düşünər? Guya, mənim dekan müavini təyin olunmağımda İlqar Əliyevin rolu olub. Yalandır. İlqar Əliyev mənim qrup yoldaşım olub, “Türkologiya”da birlikdə təhsil almışıq. Dekan müavini nə vəzifədir ki, məni MTN polkovniki ora təyin elətdirsin? Mənim təqdimatımı dekanımız, dünya şöhrətli alim Vasim Məmmədəliyev verib”, deyə N. İsmayılzadə bildirib.

Bəs doğrudan da İlahiyyat, Jurnalistika kimi fakultələrin rəhbərliyinin təyin olunmasında xüsusi xidmət orqanlarının təsiri olurmu?

Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl “Yeni Müsavat”a bildirib ki, bu, mümkün deyil:

“Nə dünyada, nə də Azərbaycanda belə bir müdaxilə yoxdur. Eyni zamanda qanunda, qanundan kənar da bu cür iş aparılmır. Dekan və ya dekan müavini məxfi sənədlərlə məşğul olmadığı üçün onların təyinatında da xüsusi xidmət orqanlarının heç bir qatqısı, razılaşması olmur. Yalnız məxfi sənədlərlə işləyənlər, bank işçisi üçün nəzərdə tutulan xüsusi yoxlamalar olur. Bura dekan və dekan müavini daxil deyil”.

musavat.com

 

Həmçinin oxuyun

“ELÇİBƏY BAŞ NAZİRLİYİ TƏKLİF ETDİ, RAZILAŞDIM…” – “Amma axşam Bakını tərk etdi…”

1993-cü ilin bugünlərində Azərbaycanda baş verən ziddiyyətli olaylarda üzdə olan fiqurlardan biri də AMİP lideri …

Bir cavab yazın