Bazar , Oktyabr 2 2022
Ana səhifə / Siyasət / “Baydenin “təbrik məktubu” Azərbaycan əleyhinə açıq mətnlə yönəlmiş növbəti təxribatın əsasını qoymuş oldu”

“Baydenin “təbrik məktubu” Azərbaycan əleyhinə açıq mətnlə yönəlmiş növbəti təxribatın əsasını qoymuş oldu”

Birləşmiş Ştatlar prezidenti Cozef Bayden Ermənistanın müstəqillik günü münasibətilə baş nazir Nikol Paşinyana təbrik məktubu göndərib. Məktubda Bayden Paşinyanın demokratiyaya sadiqliyini tərifləyib: “Siz korrupsiyaya qarşı mübarizəni davam etdirdiyiniz, hesabatlı institutları inkişaf etdirdiyiniz, qanunun aliliyi və insan hüquqlarına hörməti gücləndirdiyiniz zaman ABŞ Ermənistanın yanındadır”.

Daha sonra Bayden bir az da irəli gedərək. “Dağlıq Qarabağ xalqı”ndan bəhs edib: “Son döyüşlər diplomatiyamızı ikiqat artırmağın zəruriliyini vurğulayır ki, Ermənistan, öz qonşuları ilə münasibətləri normallaşdırmaq da daxil olmaqla, firavan və dinc gələcəyə baxa bilsin. Son hücumların qurbanlarına başsağlığı veririk. Regionda sabitliyin təmin edilməsi səylərinə verdiyiniz dəstəyi yüksək qiymətləndiririk. Biz, Dağlıq Qarabağ xalqı da daxil olmaqla, münaqişənin sülh yolu ilə həllini təşviq etmək üçün sizinlə və qarşı tərəflə işləməyə davam edəcəyik”.

Bayden hansı “Dağlıq Qarabağ xalqı” barədə danışır? Bu nə məsulyətsiz açıqlamadır?

Məsələyə münasibət bildirən AMİP-in sədr müavini Afsəddin Nəbiyev hesab edir ki, Baydenin məlum ifadəsi qəbuledilməzdir: “ABŞ prezidenti Baydenin Ermənistanın müstəqillik günü ilə bağlı təbriki, təbrik məktubundan daha çox, “məzlum erməni xalqı” obrazı görüntüsünü yaratmağa hesablanmış növbətii addımlardan biridir. Baydenin “təbrik məktubu” Azərbaycan əleyhinə açıq mətnlə yönəlmiş növbəti təxribatın əsasını qoymuş oldu. Onun “Dağlıq Qarabağ xalqı” ifadəsini işlətməsi  beynəlxalq hüquqa, qanunların aliliyinə hörmət etməyərək ədalətsiz yanaşma ortaya qoyduğunu bir daha sübut etdi. Əvvəla, Azərbaycanın beynəlxalq hüquq tərəfindən tanınmış əzazisində “Dağlıq Qarabağ” adlı inzibati ərazi mövcud deyil. Azərbaycanın suveren ərazisində Qarabağ iqtisadi rayonu mövcuddur və bu ərazidə “Dağlıq Qarabağ xalqı” anlayışı qəbuledilməzdir. Bu bölgədə azərbaycanlılarla bərabər az sayda ermənilər yaşayır. Onlar  da Azərbaycanda yaşayan digər xalqlar kimi ölkə vətəndaşlarıdır. Sadəcə, 44 günlük müharibədən sonra  orada yaşayan ermənilər silahlarını Azərbaycan Ordusuna təhvil vermədiklərinə görə dövlətimiz dinc yaşayış naminə bu bölgədə təhlükəsizlik tədbirləri davam etdirir. Halbuki, Ermənistan erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılması ilə bağlı Rusiya və Azərbaycan qarşısında 10 noyabr Bəyannaməsində öz üzərinə öhdəlik götürüb. Bugünə qədər ermənilər bu öhdəliyi icra etməkdən imtina edirlər. Bayden, nədənsə,  Qarabağ və ətraf  rayonlarımızda dinc insanlarımızı silahla təhdid edən erməni silahlı qüvvələri barədə bir kəlmə işlətməyib”.

A.Nəbiyevin fikrincə, əslində ABŞ dövlət başçısının ermənipərəst mövqeyi bizim üçün təəccüblü deyil: “Özünü dünyanın “demokratiya carçısı” adlandıran, dünyanın super gücü hesab edən bir dövlət BMT Təhlükəsizlik Şurasının Ermənistanın Azərbaycan ərazilərini işğal etməsilə bağlı 4 qətnaməsini susqunluqla 27 il ərzində seyr etməklə “yola”  verdi. Üstəlik, ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olaraq bölgədə erməniləri sülhə məcbur etməyərək bu illərdə yalnız bölgəyə turist səfərləri ilə yaddaşlarda qaldı. Onun ikiqat diplomatiyamızı artırmaq ifadəsi birbaşa oyuncaq Ermənistanı Rusiyanın əlindən qoparmağa hesablanmış  sublimativ mesajdır. Bölgədə heç bir əhəmiyyəti qalmayan Ermənistana  birdən-birə  “dayaq” mesajları, məhz Ermənistanı Rusiyadan qoparmaq niyyətindən başqa bir şey deyil. Bu mümkün olacaqmı, bunu zaman göstərəcək. Ermənistan faktiki olaraq iki od arasında qalıb. Oyuncaq dövlət mövcud durumda Rusiyaya yaxınlaşdıqda, ABŞ-dan qapaz “yeyir, Amerikaya yaxınlaşdıqda isə Rusiya tərəfindən cəzalandırılır. Bütün bunlara baxmayaraq, Azərbaycan dövləti olaraq bütün təhlükəli ssenarilərə hazır olmalıyıq. Ölkə daxilində 44 günlük müharibədə olduğu kimi birlik modelini qorumalıyıq”.

Sədr müavini onu da əlavə etdi ki, Azərbaycan Ordusunun döyüş hazırlıqlarını ən yüksək səviyyəyə çatdırmaq üçün gərəkli addımları bundan sonra davam etdirməliyik. (Bakı-Xəbər)

Həmçinin oxuyun

Azərbaycanı təslimçiliyə çəkən kimlərdir?

Yenə də bir qrup şəxs “sarı simə” toxunub, “yurdda sülh, cahanda sülh” yalanı ilə insanları …