Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / Siyasət / “Bankın rəhbəri mənim pulumu vermir”

“Bankın rəhbəri mənim pulumu vermir”

 

“Dəmirbank”ın keçmiş əməkdaşı, rəhbərliyin ona qarşı etdiyi qanunsuzluqlardan şikayətçıdır

Orxan Tağıyev adlı Ağstafa sakini musavat.com saytına müraciət edərək, şikayəti olduğunu bildirib. O.Tağıyevin şikayətini dinləmək üçün onu redaksiyaya dəvət etdik və problemlərini dinlədik.
O.Tağıyevin sözlərinə görə, işlədiyi bankın rəhbəri onunla ədavətə girib və ona qarşı haqsızlıq edir: “Mən “Dəmirbank”ın Qazax filialında işləyirdim. Mənim keçmiş müdirimlə heç bir problemim olmayıb. Sonradan isə rəhbərlik dəyişdi və Fuad Qurbanlı bizim yeni müdirimiz oldu. Bundan sonra aramızda problemlər yaşanmağa başladı.
O.Tağıyev deyir ki, hər şey iş yoldaşının maaşını almaq istərkən başlayıb: “İş yoldaşım xəstə idi və bülleten götürmüşdü. Məndən xahiş etdi ki, onun kartındakı pulu çıxarım və ona verim. Mən də razılaşdım. Sonra isə kartı itirdim. Yeni kart sifariş verdim, amma pulu çıxara bilmədim. Dedilər ki, kartın sahibinin, yəni iş yoldaşımın qardaşının banka borcu var. Ona görə də, bu karta blok qoyulub. Hesabdakı pul çıxarılcaq ki, qardaşının kredit borcu ödənilsin. Bu isə qanunsuzdur. Bunu edən isə Fuad Qurbanlı idi.
F.Qurbanlı ilə görüşdüm və bunun səbəbini soruşdum. Dedi ki, “Kartı masandan mən götürmüşdüm. Onun qardaşının borcu var”. Mən də dedim ki, kartı ver, aparım, özünə verim. Arada mən qalmayım. Qaytarmadı. Həmin iş yoldaşım özü borc pul tapdı, ödədi və kartını götürdü. Bu məsələ hər şeyin başlanğıcı oldu”.
O.Tağıyev bildirir ki, F.Qurbanlı onu qanunsuz olaraq polisə verib: “Gördüm ki, belə getməz. İşdən ayrılmaq qərarına gəldim. Amma məni buraxmadı. Əvvəlcə xoş sözlərlə, sonra hədələrlə məni işdə saxlamaq istədi. Mən isə çıxmaq istəyirdim. Ötən ilin noyabr ayında məni Ağstafa polisinə şikayət edib ki, guya mən 30 nəfər adamın ödənişini götürüb, xərcləmişəm. Xahiş edib, həmin pulların ona qaytarılmasına polis köməklik göstərsin. Belə bir şey isə olmayıb. Olsa belə, bunu polis həll etməli deyil.
Mən dekabr ayından bu günə kimi get-gəldəyəm. Saxta şikayət əsasında girinc olmuşam. Çünki adlarını verdiyi həmin adamların heç biri belə bir şikayət etməyib. Bir nəfər belə, demir ki, “Orxan məni aldadıb, pulumu “yeyib”. Çünki elə şey olmayıb”.
O.Tağıyev iddia edir ki, F.Qurbanlının Qazax yox, Ağstafa polisinə müraciət etməsinin də səbəbləri var:“Bundan əlavə bizim bank Qazax rayonundadır, şikayət isə Ağstafaya edilib. Hansı ki, Qazax polisi bizim bankın demək olar ki, düz yanındadır. Onun Ağstafa polisinə şikayət etməsinin səbəbi budur ki, oranın icra başçısı bununla tanışdır. Bütün səbəb də budur”.
O.Tağıyev qeyd edir ki, məsələnin bu yerə çatmasına səbəb puldur: “Mən kredit şöbəsində çalışıram. Təbii ki, gecikmələr var. Onların da işi məhkəmədədir. Bunun mənə aidiyyatı yoxdur. Bu şəxs istəyir ki, gecikmələr olmasın və o bonus alsın. Amma burada mən də itirirəm. Mən də bonus almıram. O, istəyir ki, gecikmələri mən ödəyim. Niyə..?”
O.Tağıyev bildirdi ki, ona ödənilməli olan məzuniyyət pulu hələ də verilməyib: “Mənim məzuniyyət pulumu da vermir. Mənə 900 manat ödənilməlidir. Amma ala bilmirəm. Bir dəfə dedi ki, 900 manatla mənim bankdan kredit götürən qohumumun borcları silinsin. Mən də təbii ki, razılaşmadım. Həmin adam öz kreditini vaxtı-vaxtında ödəyir. Üstəlik, ondan mənə nə..? Belə şey harada görülüb?”
O.Tağıyev məhkəməyə müraciət edəcəyini deyir: “Mənə iftira atdığına görə onu məhkəməyə verəcəyəm. Sadəcə, polisin araşdırmasının bitməsini gözləyirəm. İndidən sonra heç kim məni işə də götürməyəcək. Çünki haqqımda ağılasığmaz şayələr yayıblar. Gah deyir ki, “Orxan pulu ödəməmək üçün Ukraynaya qaçıb”, gah da başqa yalanlar… Mənim heç kimə borcum yoxdur. Heç bir yerə də gedəsi deyiləm”.
O.Tağıyev 7 aydır ki, işsiz olduğunu deyir: “Yeddi aydır ki, işsizəm. Özümün başqa banklara borcum var. Dost-tanış pul yığıb, kreditlərimi ödəyirlər. Tələbim budur ki, mənim 900 manatımı versinlər və əmək kitabçama uydurma yox, işdən uzaqlaşmağımın əsl səbəbini yazsınlar”.
Məhəmməd TÜRKMƏN,
Fotolar müəllifindir.

 

Həmçinin oxuyun

Parlamentdə koronavirus müzakirələri

Noyabrın 24-də Milli Məclisin növbəti plenar iclası keçirildi. Parlamentin sədri Sahibə Qafarova iclası açaraq bildirdi …

Bir cavab yazın