Bazar ertəsi , İyun 24 2019
Ana səhifə / Siyasət / Bakının “üstü bəzək…” yeraltı keçidləri – FOTOLAR

Bakının “üstü bəzək…” yeraltı keçidləri – FOTOLAR

Paytaxtımızın əsas küçələrində yeraltı keçidlərdən çox istifadə olunur. Piyadaların rahatlığını nəzərə alıb bu keçidlərə pilləkəndən əlavə eskalator da qoyulur. Lakin bir müddət fasiləsiz fəaliyyət göstərən bu “yeriyən pilləkənlər” sonradan yeriməməyə başlayır. Bu da şəhər sakinlərinin keçidlərdən rahat şəkildə istifadəsinə mane olur.

Nəsimi rayon sakinləri tərəfindən “Qaynarinfo”ya ünvanlanan müraciətləri nəzərə alaraq üz tutdum şəhərin mərkəzi küçəsinə. Milli Bankın yanında məni toz basmış eskalator qarşıladı. Keçiddən xidməti otağa daxil olub “Eskalatorun işləməməsi ilə bağlı kimə müraciət edə bilərəm?”, deyə soruşdum. Dedilər ki, elə bizə… İşçilərin sözlərinə inansaq, eskalator 10 gündür ki, işlək vəziyyətdə deyil.

Tənbəllik etməyib qış parkının sonuna kimi getdim. Parkın sonunda daha maraqlı bir halla qarşılaşdım. Eskalatorun işlək vəziyyətdə olmaması bir yana, fiziki qüsurlu şəxslər üçün nəzərdə tutulmuş qurğu keçidin parka olan çıxışında ədəb-ərkanla quraşdırılıb. Lakin əks tərəfdə eskalatordan savayı heç bir qurğu yoxdur. Yəqin, bunun özündə də bir kəraməti var.

Məsələni aydınlaşdırmaq üçün Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini Zahid Xəlilovla əlaqə yaratdıq. Zahid müəllim məni bu işlərə nəzarət edən İnzibati İdarənin rəisi Vaqif Zeynalova yönləndirdi.

“Qaynarinfo”ya açıqlama verən idarə rəisi problemi belə izah etdi: “Eskalatorlara “Azəravtoyol” ASC-nin xüsusi təyinatlı 7 nömrəli yol istismar idarəsi nəzarət edir. Eskalatorlar işlək vəziyyətdə olmayanda biz onlara xəbərdarlıq edirik. Artıq bu vəziyyətlə bağlı məlumat verilib. Yəqin ki, 1-2 gün ərzində eskalatorlar işlək vəziyyətə salınacaq”.

Fiziki məhdudiyyətli şəxslər üçün nəzərdə tutulan qurğunun keçidin yalnız bir girişində quraşdırılıb, digər tərəfdə olmaması ilə bağlı sualımıza isə Vaqif Zeynalov belə cavab verdi: “Bu məsələdən də “Azəravtoyol” ASC-nin müvafiq idarəsinin xəbəri var. Yəqin ki, quraşdırılan zaman düşmək üçün nəzərdə tutulub, çıxmaq üçün yox. Biz yenidən bu məsələni onların nəzərinə çatdıracağıq. Həmin idarə ilə sadə vətəndaşlar da əlaqə yarada bilər. Belə ki, distpeçerlərin nömrələri keçidlər də yazılıb”.

 

Həmçinin oxuyun

İmamoğlunun mandatı nə zaman veriləcək? – YSK sədrindən rəsmi açıqlama

İstanbulda yenilənən bələdiyyə seçkilərində həbsxanalar və səyyar seçki məntəqələri daxil olmaqla 31 min 342 məntəqədə …

Bir cavab yazın