Çərşənbə , Avqust 21 2019
Ana səhifə / Siyasət / Bakının mərkəzində mağazalar sürətlə bağlanır – FOTO

Bakının mərkəzində mağazalar sürətlə bağlanır – FOTO

Manatın bir il ərzində ikinci dəfə dəyər itirməsindən sonra ölkə əhalisi “qənaət rejimi”nə keçməyə başlayıb. Bu hal özünü paytaxtın mərkəzində yerləşən mağaza və müxtəlif iaşə obyektlərində də açıq şəkildə göstərir.
Musavat.com-un əməkdaşı Bakının Fəvvarələr meydanı kimi tanınan Nizami küçəsində yeləşən mağaza və iaşə obyektlərinin müştərilərinin xeyli azaldığının şahidi olub.
Bir zamanlar insanlarla dolu olan mağazalar artıq müştərisizlikdən  içəridə gəzişən satıcılarla baş-başa qalıb.  İkinci devalvasiya Bakıda xüsusilə texnologiya mağazalarına təsir edib. Ən çox qiymət artımına məhz bu mağazalar gedib.  Bundan başqa, bəhs etdiyimiz küçədə qızıl-gümüş, zinət əşyaları mağazaları da çətin vəziyyətdə qalıblar. Orada yerləşən məşhur “Captain Silver” mağazası isə artıq öz fəaliyyətini tamamilə dayandırıb.
Satıcılar bildirirlər ki, manatın birinci devalvasiyasından sonra insanlar mal almasalar da, mağazalara girib baxırdılar. İndi isə heç baxmaq üçün də gələn yoxdur. Bu səbəbdən də əksər mağazaların üzərində böyük faizlə endirim, yaxud da bağlanacaqları ilə bağlı elan görmək olur.
İqtisadi ekspert Natiq Cəfərli isə musavat.com-a açıqlamasında bildirib ki, mərkəzdə mağazaların bağlanması prosesi bundan sonra daha sürətlə gedəcək:
“Mərkəzdəki mağazaların bağlanmasının iki önəmli səbəbi var.  Birinci səbəb odur ki, icarə haqları həddindən artıq bahadır. İkinci səbəb isə hazırda ticarət dövriyyəsinin azalması və insanların alıcılıq qabiliyyətinin aşağı düşməsidir. İnsanlar  sürətlə iş yerlərini və gəlirlərini itirirlər. Bu isə birbaşa alıcılıq qabiliyyətinə də təsir edir. Eyni zamanda vəziyyət elədir ki, sabaha güvən də yoxdur və əlində vəsaiti olan belə bu səbəbdən onu geyimə xərcləmir. Bu iki səbəbə görə, mərkəzdəki dükanlar sürətlə bağlanır. Bu sürət  o zaman aşağı düşə bilər ki, icarə haqları kəskin şəkildə azaldılsın və iqtisadi aktivlik, manata  olan güvən artsın. Ancaq təəssüf ki, ikinci dediyim məsələ yaxın zaman üçün keçərli deyil.  Mağazalarda qiymətlərin  kəskin şəkildə ucuzlaşması isə mümkün deyil. Çünki malın maya dəyəri var və hamısı xaricdən gətirilir. Dolların və avronun Azərbaycandakı indiki məzənnəsini nəzərə alsaq, qiymətlərin enməsindən danışa bilmərik”.
 







Həmçinin oxuyun

İlqar Məmmədovun açıqlaması AXCP və Müsavatı hiddətləndirib – QALMAQAL

Bir müddətdir, Respublikaçı Alternativ (ReAl) Partiyası ilə digər müxalifət partiyaları arasında qarşıdurma yaşanır. Səbəb isə …

Bir cavab yazın