Şənbə , Noyabr 28 2020
Ana səhifə / Siyasət / “Bakının işğaldan azad olunması tariximizin şərəfli səhifəsidir” – AMİP

“Bakının işğaldan azad olunması tariximizin şərəfli səhifəsidir” – AMİP

Azərbaycan Milli İstiqlal Partiyası Bakının azad edilməsinin 102-ci ili ilə bağlı açıqlama yayıb.

Açıqlamada deyilir: “Bu gün Bakının bolşevik hərbi birləşmələri və işğalçı daşnak quldurlarından azad edilməsinin 102-ci ili tamam olur. 15 sentyabr – Bakının yadelli işğalçılardan xilas günü olmaqla yanaşı, həm də Azərbaycan tarixinin şanlı səhifələrindən biri, zəfər günümüzdür. 102 il öncə, mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti müstəqilliyini elan etdikdən sonra, müvəqqəti olaraq Gəncədə yerləşən hökumətin qarşısında duran başlıca vəzifə paytaxt Bakının işğalçılardan azad olunması idi.

1991-ci ildə olduğu kimi o zaman da Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət qardaş Türkiyə oldu. 1918-ci il iyun ayının 4-də Azərbaycan hökuməti ilə o zamankı Osmanlı dövləti arasında “Qarşılıqlı yardım və dostluq haqqında” müqavilə imzalandı. Müqavilənin 4-cü bəndinə əsasən, Osmanlı hökuməti zərurət olduğu halda Azərbaycana hərbi yardım göstərməyi öhdəsinə götürürdü. 1918-ci ilin iyulundan başlayaraq Qafqaz İslam Ordusu artıq Bakının işğaldan azad olunması üçün hərəkətə keçdi. Bu o dövr idi ki, bir tərəfdən Azərbaycan xalqına qarşı soyqırım həyata keçirmiş bolşevik hökumətinə rəhbərlik edən Stepan Şaumyan, digər tərəfdən Denstervilin komandanlıq etdiyi ingilis qoşunları Bakını zəbt etmişdilər. Həm də Bakı nefti və Bakı uğurunda mübarizə aparan yalnız Sentrokaspi hökuməti deyildi, Rusiyadakı bolşevik hökuməti də türklərin Azərbaycan paytaxtına daxil olmasını istəmirdi.

Belə bir çətin tarixi şəraitdə babalarımızın şərəfli mübarizəsi sayəsində 1918-ci il sentyabrın 15-də Qurban bayramı günündə Bakı işğalçılardan azad olundu. Bakının azad olunması uğrunda gedən döyüşlərdə yerli əhalidən şəhid olan minlərlə soydaşımızla yanaşı mindən artıq türk əsgər və zabiti də şəhidlik zirvəsinə ucaldı. Osmanlı dövlətinin bilavasitə hərbi dəstəyi və yerli əhalinin qəhrəman mübarizəsi sayəsində Bakının işğalçılardan azad edilməsi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı və bu zəfər tarixinin yazılmasında Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun xüsusi rolu danılmazdır. Azərbaycan ordusu və türk əsgərlərinin Bakını düşmən işğalından azad edərək tariximizə yazdıqları bu şərəfli gün həm də Türkiyə-Azərbaycan əbədi qardaşlığının bariz nümunəsidir. Bakının azad olunmasından iki gün sonra Azərbaycan hökuməti müvəqqəti paytaxt olan Gəncədən Bakıya köçürüldü və Milli hökumətin Bakıya köçməsi ilə Azərbaycan tarixində yeni dövr başladı. Azərbaycan Milli İstiqlal Partiyası olaraq Vətənimiz Azərbaycan uğurunda döyüşərək şəhid və qazi olan minlərlə insanımızı böyük sayğı və minnətdarlıqla yad edir, uca Tanrıdan hər birinə rəhmət diləyirik. Bir daha bəyan edirik ki, işğal altında olan bütün torpaqlarımızı azad etməklə onların müqəddəs ruhlarını şad etmək başlıca amalımızdır!”.

Azinforum.az

Həmçinin oxuyun

Moldovalı ombudsman: “Ermənilər insan deyillər, işğalçıdırlar, vəhşidirlər” – Video

“İşğal altında saxladıqları Azərbaycan ərazilərini tərk edən erməni separatçıları evləri yandırır, əmlakı məhv edir, ev …