Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Bakının gözəgörünməz piyada zolaqları…

Bakının gözəgörünməz piyada zolaqları…

Daha çox “zebra” adlandırdığımız piyada keçidi işarələri şəhərin demək olar ki, hər yerində olsa da onların bəziləri pozularaq görünməz hala düşüb. Hətta artıq gözdən itənləri də var.

Bu keçidlərin bir qisminin məktəb və uşaq bağçalarına yaxın olması həmin ərazini potensial təhlükə mənbəyinə çevirir. Bu vəziyyət sürücülərə də müəyyən qədər problem yaradır.

Virtualaz.org saytının əməkdaşının çəkdiyi fotolardan da göründüyü kimi, üzərindən mütəmadi olaraq maşınların keçməsi, yağışın-günün təsiri boyaların silinməsi ilə nəticələnib.

Bəs bu keçidlərin boyanması işləri neçə müddətdən bir aparılır? Onların ayrıca istifadə müddəti varmı? Və silinən xətlər niyə yenidən rənglənmir?

“Azəryolservis” ASC mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli suallarımıza cavabında bildirdi ki, piyada zolaqlarının rəngləri solduqca onlar yenidən rənglənir: “Hazırda da bu prosesə start verilib. Yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq ilk növbədə məktəblərə yaxın yerlərdə, məktəbə yaxın yollarda dayanacaqlardakı piyada keçidlərinin rənglənməsi nəzərdə tutulur. Tədricən isə bütün piyada zolaqları yenidən rənglənəcək”.

İstifadə müddətinə gəlincə isə A.Nəcəfli bildirdi ki, boyalar vurularkən onlara konkret istifadə müddəti müəyyən edilmir: “Bu, həmin ərazidə hərəkətin nə qədər olmağından asılıdır. Maşınların daha çox keçdiyi yerlərdə boyalar daha tez silinir. Bundan başqa yağış, qar, günəşli hava da həmin boyalara təsir edir. Ona görə dəqiq vaxt təyin etmək olmur”.

Məlumat üçün bildirək ki, yollardakı piyada zolaqları və digər xətlərin çəkilməsi üçün xüsusi boyalar hazırlanır. Belə boyalar Azərbaycanda fəaliyyət göstərən bir neçə firmada istehsal olunur, eyni zamanda xaricdən də gətirilir.

 

 

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …

Bir cavab yazın