Bakı şəhərində Yəhudi Mədəniyyət Mərkəzi açılacaq.
Toplum TV xəbər verir ki, bu barədə “Jewish News Syndicate” nəşri məlumat yayıb.
“Mərkəzin tikiləcəyi 10 akr ərazini Azərbaycan Prezidenti İlham Əliyev yəhudi icmasına hədiyyə edib və bütün tikinti xərclərini də öz üzərinə götürüb”, – bunu nəşrə açıqlamasında Bakı şəhəri Dağ yəhudiləri dini icmasının ravvini Avraham Yakubov deyib.
Onun sözlərinə görə, mərkəzdə ivrit, ingilis və dağ yəhudilərinin qədim dili olan cuhuri dili, həmçinin İncil dərsləri tədris ediləcək. Burada koşer restoranı da fəaliyyət göstərəcək.
Avraham Yakubov qeyd edib ki, Azərbaycanla İsrail arasında çiçəklənən münasibətlər buradakı yəhudi icmasının vəziyyətini daha da yaxşılaşdırıb.
Mərkəzin tikintisinə yaxın aylarda başlanılacaq və 2024-cü ilin sonunadək başa çatdırılacaq.
“Jewish News Syndicate” yazır ki, bu payızda Avropa Ravvinləri Konfransının iki ildən bir keçirilən tədbiri Azərbaycanda baş tutacaq. Prezident Əliyevin dəvəti ilə tədbirdə iştirak etmək üçün qitənin hər yerindən yüzlərlə Avropa ravvini Azərbaycana gələcək. Bildirilir ki, müsəlman ölkəsində ilk dəfə belə bir konfrans keçiriləcək.