Çərşənbə axşamı , Sentyabr 22 2020
Ana səhifə / Siyasət / Bakıda və Minskdə lidersiz xalq mitinqləri – ŞƏRH

Bakıda və Minskdə lidersiz xalq mitinqləri – ŞƏRH

Sosial medianın tərəqqisidir, yoxsa siyasi liderlərin deqradasiyasıdır, səbəbini söyləmək çətindir, amma dünyada hərəkatların rəngi, üslubu dəyişib. Meydanlar, küçələr getdikcə lidersiz xalqın əlinə keçir.

Təkcə bu yay baş verən iki hərəkatı qeyd etmək kifayət edir: Belarusda seçkilərin nəticələrinə, Azərbaycanda isə erməni işğalına etirazlar…

14 iyul gecəsi orduya dəstək üçün Bakıda yürüşə çıxan minlərlə insanın önündə gedən nə lider, nə təşkilat, nə avanqard varıydı.

Orduya dəstək aksiyasında təxribat - bir qrup Milli Məclisin ...

Xalq özü prosesin təşkilatçısı və iştirakçısıydı. Sözsüz ki, hadisələrin sonluğu arzulanan olmadı. Lakin reallığı qəbul etməliyik: insanlar siyasi liderə, hansısa müxalifət partiyasına ehtiyac duymurlar.

Minskdəki küçə etirazlarında da analoji situasiyadır: slavyanlar kiminsə arxasınca getmirlər, hansısa liderin çağırışına gərək yoxdur.

Düzdür, orada Lukaşenkoya rəqib olan Tixanovskaya əsas fiqurdur. Lakin xalqla birgə meydanlarda deyil. Yəni, etirazlar lidersiz keçir.

Təbii ki, Bakı və Minsk mitinqlərinin mahiyyəti fərqlidir. Bizdə Tovuzda gedən döyüşlərə görə xalq ordunun yanında olduğunu nümayiş etdirirdi, Belarusda isə siyasi rejimin seçkiləri saxtalaşdırmasına etiraz olunur.

Amma lidersiz hərəkatlar dövrü çox-çox əvvəldən başlanıb. Söhbət “ərəb baharı”ndan gedir. Misir, Tunis, Liviyadakı çevrilişlərdə heç bir siyasi fiqur diqqət çəkmirdi.

O dönəmdə sosial şəbəkə üzərindən təşkilatlanma ilə insanlar meydanlara axışırdılar. Bu gün də xalq, yeni gənclik siyasi təşkilatlar, liderlər olmadan toparlana, küçələrə çıxa bilir.

Politoloq Hikmət Hacızadənin “Yeni Müsavat”a söylədiklərinə görə, bu, ilk dəfə deyil və kütlənin özünütəşkili gözəl hadisədir.

Qaynar Qazan”da Hikmət Hacızadə (II sonuncu hissə): “Qraçov Pənah ...

H.Hacızadənin fikrincə, xalqın lidersiz meydanlara çıxması adətən antidemokratik rejimlərdə müşahidə olunur: “Çünki lider, partiya yaranmasına imkan verilmir. Ona görə xalq gözləyir, görür ki, lider yoxdur və özü coşur. Digər tərəfdən biz həmişə elə təsəvvür edirik ki, lider xalqı oyatmalıdır, kütlə onun dalınca getməlidir. Amma əvvəl xalq oyanır, sonra lider gəlir.

Biz bunu Meydan hərəkatında, Honkonqda, Xabarovskda, Venesuelada görmüşük. Əksinə, lider olanda, onu həbs edirlər və proses sakitləşir.

Ancaq xalq özü iştirak edəndə təsir etmək çətin olur. Demokratik rejimlərdə siyasi qruplar planlar cızır, proqram hazırlayır, ideyalarını təbliğ edir, lider əhalini meydana çağırır. Bu, liberal rejimlər üçün səciyyəvidir”.

Natiq Cəfərli: “Azərbaycanda kərə yağı Gürcüstandan 40-45 faiz ...

REAL Partiyasının icraçı katibi Natiq Cəfərlinin fikrincə, liderlik şəxslə bağlı deyil, bir funksiyadır:

“Adını çəkdiyiniz fəlsəfəsi fərqli mitinqlərə gəlincə, oturuşmuş, institusionallaşmış təşkilatları olmayan proseslər uğurla nəticələnmir. Hərçənd ki, Bakıda 14 iyul və Minskdə 9 avqust yürüşləri bir-birindən çox fərqlənir. Amma formalaşmış siyasi təşkilatlar olmayanda bu cür yürüşlər nəinki uğur əldə etmir, sonradan böyük problemlərə yol açır. Necə ki, “ərəb baharı”na ilk aylarda pozitiv münasibət var idisə, sonra həmin ölkələrdə siyasi təşkilatların olmamasının hansı fəsadlara yol açdığını gördük. Düzdür, sosial medianın, qeyri-formal siyasi qrupların proseslərdə rolu var. Amma institusional liderlik olmayanda müsbət nəticə əldə etmək olmur”.

Partiya funksioneri hesab edir ki, dünyada yeni trend var və Avropanın özündə qeyri-formal hərəkatlar, kollektiv idarəçilik önə çıxmağa başlayıb: “Məsələn, İtaliyada dünənə qədər heç kəsin tanımadığı “Beş ulduz” hərəkatı var, artıq parlamentdə yer qazanıb, bir neçə şəhərdə mer seçkisini udub. Almaniya və Polşada da belə qruplar meydana çıxmaqdadır. Fransada Emmanuel Makronun seçkidə qələbəsi də qısa zamanda oldu. Amma liderlik oturuşmuş siyasi qurumların olmasından asılıdır. Artıq xaotik proseslərin nəticə vermədiyini bir neçə ölkələrin nümunəsində müşahidə edirik. Ona görə də Azərbaycanda siyasi partiyaların güclənməsi lazımdır ki, hansısa xaotik situasiyalarda bundan qaçmaq mümkün olsun”.

Həmçinin oxuyun

Azərbaycan XİN-in kollegiyasının tərkibi dəyişdi

Nazirlər Kabineti “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin kollegiya üzvlərinin təsdiq edilməsi haqqında” 2004-cü il 3 …