Ana səhifə / Siyasət / Bakı şəhər DYP-də sürücülərə «karusel oyunu»

Bakı şəhər DYP-də sürücülərə «karusel oyunu»

Son günlər bu məzmunla müraciətlərin artması bizi bu mövzuya toxunmağa vadar etdi. Bəri başdan bildiririk ki, heç bir sürücü qayda pozduğu üçün tətbiq olunanan cəriməni ödəməkdən azad deyil. Sürücü barəsində tərtib olunmuş protokolu və qərarı “unudub” cəriməni ödəməkdən yayına biləcəyini düşünməməlidir. Ünvana rəsmi bildiriş gəlibsə, qanunvericiliyə uyğun reaksiya verilməlidir. DYP-nin göndərdiyi elektron protokollar əsasında sürücü banka və ya poçta gedib cəriməni ödəməlidir, yaxud müvafiq əsaslar olduqda bu protokoldan şikayət etməlidir.
Amma MMX protokol aldığı halda «Bir il ödəməsəm öz-özünə silinəcək» düşüncəsi ilə yaşayan sürücülər də var. Bu düşüncə sonda avtomobilin cərimə meydançasına salınması, cərimə ödənilməmiş qaldıqda isə sürücülük hüququnun məhdudlaşdırılması ilə nəticələnə bilər. Bunlar Avtosfer.az saytı olaraq sürücülərə tövsiyyələrimizdir. Bunlara əməl etmədikdə problemlər qaçılmazdır. Lakin toxunacağımız məsələ bir az fərqlidir. Bakı şəhər Dövlət Yol Polisi İdarəsində sürücülərin üzləşdiyi eyni məzmunlu problemlər barədə redaksiyamıza daxil olan bir-iki məlumatı nəzərdən keçirdikdə əvvəl düşündük ki, bəzi inspektorlar səhvə yol verir, məsuliyyətsizlik edir və ya sürücünün qanunları bilməməsindən istifadə edərək başqa fikirlərə düşürlər. Lakin bu cür xəbərlərin sayı durmadan artmağa başladı və nəhayət, dünən Sumqayıt şəhər sakini Nicat Heydər oğlu Mirzəyevin dediklərindən sonra bu mövzuya toxunmaq qərarına gəldik.
Nicat Mirzəyev Avtosfer.az-a bildirib ki, iki həftə bundan əvvəl idarə etdiyi «VAZ-21015» markalı, 01-BH-559 dövlət nömrə nişanlı avtomobil Bakı şəhər DYPİ-nin cərimə meydançasına aparılıb. Səbəb isə onun 96 manat ödənilməmiş cəriməsinin olmasıdır. Sürücü avtomobili çıxarmaq üçün Bakı şəhər DYPİ-yə gedib: «Orada 1-ci otaqda oturan Hüseyn adlı polis mayoru bildirdi ki, get cəriməni ödə, sonra sürücülük vəsiqəsini də götür gəl yanıma. Soruşdum ki, vəsiqə nəyə lazımdır? Mayor bildirdi ki, cərimənin ödənilməsindən 3 aydan artıq vaxt keçdiyi üçün sürücülük hüququmu məhdudlaşdıracaq. Mən soruşdum ki, bunun başqa yolu yoxdurmu? Cavab verdi ki, 300 manat versən, həll edərik, maşını da götürüb gedərsən. Amma maşın 2 həftə cərimə meydançasına qaldığı üçün ora da 50 manat ödəmək lazımdır (Qeyd: cərimə meydançasında avtomobilin saxlanılmasının haqqı bir gün üçün 30 qəpikdir – red.). Mən bildirdim ki, o qədər pulum yoxdur, taksi sürürəm, başqa işim də yoxdur. Mayor dedi ki, o zaman 150 manat gətirərsən, həll edərik. Dünən yenidən onun yanına gedib bildirdim ki, cəriməni 3 gün əvvəl ödəmişəm, dövlətə cərimə lazım idi, onu da ödədim, maşınımı buraxın gedim. Dedi ki, yox, vəsiqəni gətir, sonra baxarıq».
Nicat kimi sürücülərin sayı hər gün artır. Ödənilməmiş cərimələrə görə avtomobili cərimə meydançasına salınan sürücülər cəriməni ödədikdən sonra Bakı şəhər DYPİ-dəki otaqları gəzməli olurlar. Burada isə sürücüləri «vəsiqəni məhkəməyə göndərəcəm, əslində sürücülük hüququ 1 il məhdudlaşdırılmalıdır, amma sənə hörmət edib 6 ay edəcəm» kimi fikirlərlə qorxudub 100-300 manat arası pul tələb olunur. Bu pulun hara getdiyi heç kimə məlum deyil. Adətən bu pulları otaqlarda oturan mülkü şəxslər alıb işi həll edirlər. Mülkü şəxslər isə otaqlardakı polislərin köməkçisi sayılır. Onlar pulu alandan sonra sürücülük vəsiqəsini qaytarır və avtomobilin cərimə meydançasından buraxılması barədə qəbz verirlər. Amma pul verməyənlər Nicat Mirzəyev kimi get-gelə salınır. Sual yaranır: Əgər həmin inspektor həqiqətən də sürücünün sürücülük hüququnu məhdudlaşdırmaq istəyirsə, bunu hansı qanuna əsasən edəcək? Bir halda ki, sürücü cəriməni ödəyib, o zaman DYP əməkdaşı məhkəməyə hansı sənədi göndərəcək, məhkəmə nəyə əsasən sürücülük hüququnu məhdudlaşdıracaq? Axı, sürücülük hüququnun məhdudlaşdırılmasına səbəb ola biləcək gecikdirilmiş cərimə ödənilib, o zaman bu məsələ necə həllini tapmalıdır? Bu və digər suallarla yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynova müraciət etdik. Ə.Hüseynov Avtosfer.az-a bildirdi ki, cərimənin ödənilməsi gecikdirildikdə sürücülük hüququnun məhdudlaşdırılması, yəni İnzibati Xətalar Məcəlləsinin (İXM-in) 313-2.2-ci maddəsinin tətbiqi cərimə sanksiyasının ödənilməsini təmin etmə üsulu kimi təsbit edilir. Ona görə də, birincisi, cərimənin tətbiqi barədə qərar qüvvəyə mindikdən sonra 3 aylıq müddət bitənədək icra olunduqda İXM-in 313-2.2-ci maddəsi heç bir halda tətbiq oluna bilməz. İkincisi, bu qərar qanuni qüvvəyə mindikdən sonra 3 aylıq müddət keçsə də, müvafiq DYP orqanında sürücü barəsində İXM-in 313-2.2-ci maddəsi üzrə inzibati xəta haqqında protokol tərtib edilərkən sürücü cəriməni ödəməsi barədə sənəd təqdim etdikdə protokol tərtib edilməməli, onun nəqliyyat vasitəsi dərhal mühafizə olunan duracaqdan buraxılmalı, sürücünün vəsiqəsi özünə qaytarılmalıdır.
İXM-in 451.7-ci maddəsinə əsasən, sürücüyə tətbiq edilən inzibati cərimənin ödətdirilməsi üçün 3 ardıcıl tədbir nəzərdə tutulur:
1) qərarın qanuni qüvvəyə mindiyi gündən 1 ay sonra dəbbə pulunun hesablanması;
2) həmin gündən 2 ay sonra inzibati xəta törətmiş şəxsin inzibati xətanı törədərkən idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edilməsi;
3) həmin gündən 3 ay sonra İXM-in 311-2.2-ci maddəsinin tətbiqi.
Cərimənin ödətdirilməsi üçün bu tədbirlər məhz belə ardıcıllıqla tətbiq edilməlidir. Cərimənin gecikməsi 3 aydan artıq davam etsə də, sadalanan tədbirlərin tətbiqi ardıcıllığı gözlənilməlidir. Belə olduqda nəqliyyat vasitəsi cərimə meydançasına qoyulan şəxs bundan sonra cəriməni və dəbbə pulunu ödəyərsə, İXM-in 313-2.2-ci maddəsinin tətbiqindən söhbət gedə bilməz. Hətta DYP əməkdaşı sürücünü İXM-in 313-2.2-ci maddəsi üzrə protokolun tərtib edilməsi üçün  çağırdıqada və çağırışa gələn sürücü DYP əməkdaşı ona vəziyyəti izah etdikdən sonra cəriməni və dəbbə pulunu ödəmək istədikdə ona qısa müddətə (məsələn, həmin iş gününün sonunadək) vaxt verilə bilər ki, cəriməni və dəbbə pulunu ödəsin. Belə halda da İXM-in 313-2.2-ci maddəsi üzrə protokol tərtib edilməyəcək. Çünki bu tədbirlərin  hədəfi cərimənin ödənilməsini təmin etməkdir.
Xəbərə dair fotolar (Şəkilləri böyütmək üçün tıklayın)

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın