Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / “Bakı şəhər Dövlət Yol Polisi İdarəsi bezdirib bizi” – ETİRAZ

“Bakı şəhər Dövlət Yol Polisi İdarəsi bezdirib bizi” – ETİRAZ

Dövlət tədbiridir, alternativ yoldan istifadə edin.
Bu sözü hər axşam işdən çıxandan sonra yolu Parlament küçəsinə və ya Nərimanov heykəlinin yanından Nəriman Nərimanov küçəsinə döngədən istifadə edən sürücülər eşidirlər.
Bu problem haqqında bundan əvvəl məlumat vermişdik. Lakin vəziyyət eyni qaydada davam etdiyindən və sürücülərdən çoxsaylı şikayət gəldiyindən, yenidən bu mövzuya qayıtmalı olduq.
Hər gün yolu Badamdardan Bayıl qəsəbəsinə olan sürücü danışır ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları yüzlərlə sürücünün canını boğazına yığıb.
“Mən hər gün Badamdar tərəfdən işdən çıxıb, Bayıla evimə gedirəm. Parlament küçəsi ilə gedib, sonradan Mehdi Hüseyn küçəsi ilə üzüaşağı, Teleteatrın yanından dönməklə evimə çatmalıyam. Amma hər gün axşam saat 18:30-dan 19:30-a qədər bu yolu bağlayırlar.
Qeyd edək ki, yol bağlanmazdan əvvəl həmin yollarda sıxlıq olsa da, dəhşətli tıxaclar olmur. Tıxaclar məhz yolun polis tərəfindən bağlanmasından sonra yaranır.
Soruşanda hər gün eyni cavabı verirlər – Dövlət tədbiridir. Hər gün dövlət tədbiri ola bilər? Mən əminəm ki, bu yolu hansısa dövlət məmurunun rahat keçməsindən ötrü bağlayırlar. Yüzlərlə insanın əsəbləri ilə hər gün oynayırlar. İnsanlar işdən çıxıb evə gedib, istirahət etmək istəyirlər, amma yolun bağlanmasına görə məcburdurlar ki, saatlarla şəhərdə dövrə vurub, başqa yollar axtarsınlar”, – sürücü deyir.
Sürücünün hər gün nələr çəkdiyini yoxlamaq üçün, bir gün onunla axşam yolunu getməyə qərar aldıq.
Həqiqətən də, gördüyümüz mənzərə dəhşətli idi. Pik saatı vaxtı, insanların evlərinə tələsdikləri zaman yollar bağlı, tıxac, əsəbi sürücülər, laqeyd yol polisi əməkdaşları, necə deyərlər sürücülərin söyüşlərinin biri bir qəpik.
Tıxac Fövqəladə Hallar Nazirlinin yanındakı dairədən başlayır. Keçmiş 20 saylı məktəbin yanından Parlament küçəsinə dönənlər yolun polislər tərəfindən bağlanmasına görə başqa küçələrə sürməlidirlər. Halbuki Parlament küçəsi ilə getsəydilər çox rahat və tez mənzil başəna çatardılar. İlk sualı burda verməli oluruq:
–         Yolu niyə bağlamısınız?
–         Dövlət tədbiridir.
–         Hansı dövlət tədbiri?
–         Deyə bilmərik, sirrdir.
–         Belə sirr olmur, və ümumiyyətlə bu gün dövlət tədbiri yoxdur.
–         Deyirəm dövlət tədbiridir, deməli belədir.
–         Yolu hər gün bağlayırsınız və hər gün də eyni sözü deyirsiz. Hər gün   dövlət tədbiri olar?
–         Bizlik deyil. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin göstərişi ilə bağlayırıq.
–         Hansı məmur üçün yolu saxlamısınız?
–         Heç kim üçün, sadəcə deyirlər bağla biz də bağlayırıq. Alternativ yollardan istifadə edin.
–         Hansı alternativ yol? Hamısı bağlıdır axı.
–         Hər gün necə yol tapırsan, bu gün də elə tap.
Fikir verdinizsə, dialoqun əvvəlində iddia edilən dövlət tədbiri bəhanəsi, dialoqun sonunda artıq yoxa çıxır və bizlik deyil səbəbi gətirilir və etiraf edilir ki, yolu hər gün bağlayırıq.
Yolumuza davam edib, alternativ yol üçün gəlirik Nərimanov heykəlinin yanına ki, oradan Nərimanov küçəsi ilə hərəkət edərək Mehdi Hüseyn küçəsinə çıxaq. İş günündən sonra istirahət etmək haqqımıza sahib olaq. Amma necə deyərlər, istirahət etmək haqqı yol polisi əməkdaşları tərəfindən növbəti dəfə pozulur.
Burada olan dialoqun əvvəli eyni başlasa da, sonu başqa cür bitir:
–         Yolu niyə bağlamısınız?
–         Dövlət tədbiridir.
–         Hansı dövlət tədbiri?
–         Deyə bilmərəm. Başqa yolla gedin.
–         Hansı başqa yolla. Bizim getdiyimiz istiqamətdə bütün yolları bağlamısınız.
–         Bir azdan açılacaq.
–         Mən indi gedirəm, birazdan açılması nəyimə gərəkdir?
–         Əslində biz, siz sürücülərin rahatlığını təmin etmək üçün bunu edirik. Formula 1 yarışmaları ilə əlaqədar bəzi yollarda qazıntı var və siz də gedib o yollarda ilişəcəksiniz.
–         Yollar qazıntı başlamazdan əvvəl də bağlanırdı.
–         Vallah bizlik deyil. Deyirlər bağla, bağlayırıq. İstəyirsən səni buraxaq, amma qarşıda yenə də saxlayacaqlar.
Bu dialoqun sonunda bizi buraxırlar və yola düşərkən, polis  əməkdaşının həmkarına dediyi sözləri eşidirik:
“4-5 maşın burax getsin”.
Sürücü bu dəfə maşınında jurnalist olduğuna görə, süni yaradılan maneədən keçdi. Amma birincisi, hər gün onun yanında jurnalist olmayacaq, ikincisi də, hər gün Yol polisi əməkdaşları ilə çənə-boğaza çıxmaq mümkündürmü, əsəblər buna tab gətirə bilərmi?
Sualımız isə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinədir: “Əhalidə süni olaraq etiraz yaratmaq nəyə lazımdır? Siz ümumiyyətlə nəyə nail olmaq istəyirsiniz? Ən başlıca sual – Yolu kimin üçün bağlayırsınız?”(Gün.Az)

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın