Çərşənbə axşamı , Noyabr 28 2023
Ana səhifə / Siyasət / Bakı ilə İrəvan arasında sülh prosesi: Brüssel, yoxsa Moskva formatı?

Bakı ilə İrəvan arasında sülh prosesi: Brüssel, yoxsa Moskva formatı?

Brüssel hazırda Nikol Paşinyan, İlham Əliyev və Çarlz Mişelin üçtərəfli görüşünün təşkili üçün Ermənistan və Azərbaycanla ayrı-ayrılıqda danışıqlar aparır.

Adı açıqlanmayan Avropa İttifaqının yüksək rütbəli rəsmisi bununla bağlı “Azadlıq” radiosunun Ermənistan xidmətinə hələlik konkret nəticənin olmadığını deyib.

Lakin diplomat bildirib ki, danışıqların dekabr ayında baş tutması mümkündür. Eyni zamanda, Brüsseldəki mənbə bu danışıqlardan bəzi detallarını açıqlayıb.

Onun sözlərinə görə, Azərbaycanın qərb hissəsi ilə Naxçıvanla birləşdirən marşrut məsələsi də onların gündəmindədir. Bundan başqa, avropalı diplomat qeyd edib ki, Azərbaycan Prezidenti onlarla görüşlərdə Ermənistanın ərazi bütövlüyü ilə bağlı heç bir iddia irəli sürmür.

“O, əmin edir ki, Ermənistan və Azərbaycan sülh müqaviləsi imzalamalı və bir sıra məsələləri, o cümlədən əsirlər, sərhədlərin demarkasiyası və delimitasiyası, həmçinin Azərbaycandan Ermənistanın cənub hissələrinə çıxışı həll etməlidirlər”, – deyə yüksək rütbəli avropalı diplomat bildirib. 

“Bütün bu məsələlər müzakirə olunmalıdır və bu, prezident Şarl Mişelin və Avropa İttifaqının xüsusi nümayəndəsi Toyvo Klaarın petisiyasında söhbət məhz bundan gedir. Danışıqlar masasında biz Ermənistanın Baş nazirinin Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı aydın bəyanatını eşitdik, bu, 30 ildə ilk dəfə edildiyi üçün çox vacib idi. Biz eyni bəyanatı Prezident Əliyevdən dəfələrlə eşitmişik”, – deyə avropalı diplomat bildirib.

Məlumatda o da qeyd edilir ki, Brüssel tərəfləri danışıqlar masası arxasına keçirəcəyinə və barışığa nail ola biləcəyinə inanır.

Eyni zamanda, Rusiya tərəfi də Azərbaycan və Ermənistan arasında danışıqları təşkil etməyə səy göstərir. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin açıqlama verib.

Onun sözlərinə görə, Moskva Rusiya, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Rusiya paytaxtında görüşünü təşkil etməyə hazırdır. Lakin bununla bağlı hələlik dəqiq tarix mövcud deyil.

“Biz ikitərəfli münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması məsələlərində Ermənistanın və Azərbaycanın xarici işlər nazirləri səviyyəsində gələcək dialoq üçün Moskva platformasını təqdim etməyə hazır olduğumuzu dəfələrlə təsdiq etmişik. Bizim bu hazırlığımız dəyişməzdir. Belə bir tədbirin vaxtı ilə bağlı razılığa gələndə biz bunu zamanında elan edəcəyik”, – deyə Qaluzin bildirib.

Göründüyü kimi, müəyyən müddət regionda baş verən gərginlikdən sonra Azərbaycan və Ermənistan arasında danışıqların bərpası məsələsi yenidən gündəmə gəlib. Ancaq bu proses Brüssel formatı və Moskva platforması arasında diplomatik rəqabətin artması ilə müşahidə olunur.

Yəni Ermənistan üzərindən Qərb və Rusiya arasında baş verən geosiyasi qarşıdurma paralel olaraq danışıqlar prosesinə də transformasiya etməkdədir. Bu baxımdan, danışıqların baş tutması vasitəçi tərəflərin danışıq aparan tərəflərlə münasibətlərindən və sülh prosesi ilə bağlı mövqeyindən çox asılıdır.

Azərbaycan bu məsələdə müzakirələrə Avropa İttifaqının, yaxud Rusiyanın ev sahibliyi etməsindən asılı olmayaraq, daha çox öz milli maraqlarına üstünlük verir. Son zamanlar Rusiya ilə münasibətləri getdikcə gərginləşən Ermənistan hakimiyyəti isə Moskva platformasına qarşı çıxır.

Ona görə də Nikol Paşinyan hökumətinin Qaluzinin dediyi təklifə müsbət baxacağı inandırıcı görünmür. Rəsmi İrəvan daha çox Brüssel formatı çərçivəsində danışıqlara üstünlük verəcəyi şübhə doğurmur. Lakin Baş nazir Paşinyanın son açıqlamaları Ermənistanın Brüssel görüşünün nəticələrini öz maraqlarına uyğunlaşdırmaq niyyətində olduğunu göstərir. 

Yəni Paşinyan Azərbaycanla sülh sazişinə oktyabrın 5-də ispaniyanın Qranada şəhərində Ermənistan, Fransa, Almaniya və Avropa İttifaqı Şurası liderlərinin qəbul etdiyi bəyanatda öz əksini tapmış üç prinsipin daxil edilməsinə çalışır. Bunlar isə tamamilə Azərbaycanın əleyhinə olan və Ermənistanın maraqlarına cavab verən şərtlər olduğundan Brüsseldə yenidən gündəmə gətirilməsi sülh prosesinə yalnız maneə yarada bilər.

Ona görə də Paşinyanın israrı Azərbaycanın Brüssel görüşündən imtina etməsinə yol açır.

Politoloq Yeganə Hacıyeva Cebhe.info-ya açıqlamasında bildirib ki, həm Brüssel formatının, həm də Moskva platformasının Azərbaycan üçün faydalı olduğunu söyləmək olmaz:

“Çünki həm Avropa İttifaqının, həm də Rusiyanın vasitəçiliyi ilə aparılan danışıqlarda Ermənistanın götürdüyü öhdəliklərin məhz “ev sahibləri” tərəfindən sabotaj olunması baş verdi. Brüssel formatını Fransa pozdu.

Moskvanın vasitəsilə əldə olunmuş razılaşmaları isə 2022-ci ilin yanvar ayında Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bəyanatı dayandırdı. Ona görə də biz hər iki formatın səmərəli olduğuna əmin deyilik. 30 illik işğalın nəticələrini Azərbaycan özü aradan qaldırmağa məcbur olduğu kimi, eləcə də 2020-ci il 10 noyabr Bəyanatının icrasını Azərbaycan Ordusu həyata keçirdiyi kimi, biz Rusiyanın və ya Brüsselin vasitəçiliyinin həmin mərhələ üçün faydalı olduğunu deyə bilmərik.

Üçtərəfli Bəyanatın imzalanması bir neçə rayonun dinc yolla azad olunmasını təmin etsə də, danışıqlar prosesi sülhün əldə edilməsinə kömıək etmədi. Digər bir məsələ kommunikasiyaların açılması ilə bağlıdır. Azərbaycan bu prosesin reallaşmasında maraqlıdır. Amma Ermənistandan fərqli olaraq, Azərbaycanın coğrafi mövqeyi paralel kommuniksiyaların formalaşdırılması üçün əlverişli imkanlar yaradır. 

Biz də bundan istifadə edirik. Zəngəzur dəhlizi açılmayacağı halda belə, Azərbaycan paralel kommunikasiyaları təmin edəcək lahihələrdən istifadə etməklə regionda genişlənmək, möhkəmlənmək və iqtisadi üstünlüyə nail olmaq imkanlarını həyata keçirəcək. Ermənistanın isə nə Zəngəzur dəhlizinə, nə Azərbaycanın “Araz dəhlizi” adlanan Ağbənd-Culfa yoluna, nə Türkiyə ilə sərhədlərin açılmasına alternativi yoxdur. 

Ona görə də Ermənistan yeganə çıxış yolu kimi Zəngəzur dəhlizinin açılması üçün şərtlər formalaşdırmalıdır. Bu, Azərbaycandan daha çox Ermənistanın problemi olduğuna görə, təşəbbüslər əslində, İrəvandan gəlməlidir. Lakin həm Brüssel formatında, həm Moskva platformasında açıq tərzdə sabotajçıların olması bu prosesi ləngidir. 

Sözügedən kənar maneələrin mövcud olması Ermənistana kommunikasiyaların açılması öz üzərinə düşən öhdəliklərindən və məsuliyyətdən yayınmağa əsas vermir. Hazırkı mərhələdə Zəngəzur dəhlizi ilə bağlı Rusiya, İran, Avropa İttifaqı, bir dönəm Kanada Ermənistan üçün öhdəliklər götürüb. 

Ermənistan da onlara cavab verməlidir. Bir sözlə, Ermənistan öz öhdəliklərini və məsuliyyətini yerinə yetirməldir. Əks halda, Ermənistanın əvvəlki məsuliyyətsizliyi hansı nəticələrə gətirib çıxartdısa, analoji addımları atmaqda davam etməsi eyni nəticələr doğura bilər. Ona görə də Ermənistan istəsə də, istəməsə də öz öhdəliklərinə əməl etməlidir”. 

Həmçinin oxuyun

Sülh danışıqları yenidən başladı: Blinken Əliyev və Paşinyana zəng etdi

ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.  Bu barədə ABŞ Dövlət …