Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Siyasət / Bakı Ali Neft Məktəbinin tədqiqat mərkəzinə gənc alim rəhbər təyin olundu

Bakı Ali Neft Məktəbinin tədqiqat mərkəzinə gənc alim rəhbər təyin olundu

Bakı Ali Neft Məktəbində (BANM) müasir ixtisaslar üzrə mütəxəssis hazırlığını və aktual mövzular üzrə elmi tədqiqatların aparılmasını təmin etmək məqsədilə yaradılan  Bərpaolunan enerji mühəndisliyi üzrə tədris və tədqiqat mərkəzinə Böyük Britaniyanın London İmperial Kollecinin məzunu Sənan Eminov müdir təyin olunub. O bu yaxınlarda London İmperial Kollecdə doktorantura pilləsini uğurla başa vuraraq Bərpaolunan enerji və ətraf mühit mühəndisliyi üzrə doktorluq dissertasiyasını müdafiə edib və alimlik (PhD) dərəcəsinə yüksəlib.
Bu barədə Modern.az-a BANM-dən məlumat verilib.
 Sənan Eminov 1987-ci ildə Bərdə rayonunda anadan olub. Orta məktəbə Bərdə şəhəri 3 saylı orta məktəbdə başlayıb, sonra təhsilini Mingəçevir Özəl Türk Liseyində davam etdirib. Hələ məktəbdə oxuyarkən “Kimya” fənninə olan həvəsi onu bu elmin sirlərinə dərindən yiyələnməyə sövq edib.
Elə bu həvəs də ona beynəlxalq olimpiadalarda uğur qazanmasına stimul verib. Təhsil aldığı müddətdə “Kimya” fənni üzrə respublika fənn olimpiadalarında 3 qızıl medal qazanıb. O, 2003-cü ildə Yunanıstanda keçirilən 35-ci Beynəlxalq Kimya Olimpiadasında bürünc medal, 2004-cü ildə Almaniyada keçirilən 36-cı Beynəlxalq Kimya Olimpiadasında qızıl medal qazanıb, 2005-ci ildə Tayvanda keçirilən 37-ci Beynəlxalq Kimya Olimpiadasında ölkəmizi layiqincə təmsil edərək qızıl medala sahib çıxıb.
“Kimya” beynəlxalq fənn olimpiadaları tarixində ilk dəfə olaraq Tayvanda keçirilən Beynəlxalq Kimya Olimpiadasında imtahanın nəzəriyyə bölməsində ən yüksək balı (229 mütləq baldan 228 bal) topladığı üçün mütləq birinciliyə layiq görülüb və xüsusi mükafatla təltif olunub. Olimpiadalardakı uğurlarından sonra Türkiyənin Orta Doğu Texniki Universitetinə qəbul olan Sənan Eminov I kursu bitirdikdən sonra təhsilini Almaniyanın  Beynəlxalq Bremen Universitetində davam etdirib.
Almaniyada təhsil aldığı müddətdə ilk elmi işi “Qallotanninlərin yaşıl çayın tərkibindən ekstraksiyası” mövzusunda olub. Sonra o, 2010-2011-ci illərdə SOCAR-ın təqaüd proqramı ilə Böyük Britaniyanın London İmperial Kollecində magistraturada təhsil alıb. Magistratura pilləsini bitirdikdən sonra Sənan Eminov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” xətti ilə 2011-2015-ci illərdə London İmperial Kollecində doktorantura pilləsinə qəbul olub və orada Gələcək üçün enerji (Energy Future’s Lab) və professor Tom Veltonun rəhbərlik etdiyi Üzvi kimya və ekologiya laboratoriyalarında bərpaolunan enerji sahəsi üzrə elmi tədqiqatlar aparıb.
Elmi-tədqiqat sahəsi ion mayelərdən istifadə edərək biokütlənin parçalanması və alternativ enerji mənbəyi olan platforma kimyəvi maddələrinə çevrilməsidir. Bu elmi tədqiqat işi yeni nəsil bioenerjinin alınması və tətbiqini əhatə edir. Biokütlənin bioyanacaqlara çevrilməsi hal-hazırda tükənməkdə olan və bərpa oluna bilməyən nefti əvəz etməsi üçün ideal variant hesab olunur.
Onun bu sahədə elmi məqalələri dünyanın ən nüfuzlu jurnallarından biri olan ACS (American Chemical Society) Sustainable Chemistry and Engineering-ə  təqdim olunub. Elmi məqalələrindən biri 2014-cü ildə çap olunub, redaktorlar tərəfindən ən yaxşı məqalə seçilib (Editors’ Choice Article) və həmçinin, bu elmi məqalə jurnalın üz qabığında öz əksini tapıb. Sənan Eminov bir çox beynəlxalq elmi konfrans və simpoziumlarda əsas məruzəçilərdən biri kimi iştirak edib. Həmçinin, onun məruzələri və tezisləri beynəlxalq konfransların elmi məqalələr toplularında yer alıb.
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovun dəvəti ilə Ali Məktəbin Kimya mühəndisliyi kafedrasında baş müəllim vəzifəsinə təyinat alan Sənan Eminov həmçinin, sözügedən mərkəzə rəhbər təyin olunub.

Həmçinin oxuyun

Bundan sonra avropalı rəsmilər də eyni açıqlamaları verəcək (ŞƏRH)

“Amerika bir daha bəyan edir ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Dağlıq Qarabağın Azərbaycan ərazisində …

Bir cavab yazın