Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Bağça müdirəsinin sensasion fırıldağının qurbanları məhkəməyə yürüş etdi – FOTOLAR

Bağça müdirəsinin sensasion fırıldağının qurbanları məhkəməyə yürüş etdi – FOTOLAR

Qazaxın Xanlıqlar kəndində baş verən sensasion fırıldağın qurbanları artıq ayağa qalxaraq haqlarını tələb etməyə başlayıblar.
Adlarına Xanlıqlar kəndindəki uşaq bağçasının müdirəsi Xatirə Əsgərova tərəfindən banklardan pul götürülərək aldadılan vətəndaşlar dünən Qazax Rayon Məhkəməsinin binası qarşısına toplaşıb.
Kənd sakinlərinin virtualaz.org saytına verdiyi xəbərə görə, onlar pensiya və maaşlarının verilməsinin dayandırılmasını və həmin vəsaitin kreditlərin ödənilməsi üçün tutulmasını nəzərdə tutan məhkəmə qərarının ləğvini tələb ediblər.
Xatırladaq ki, Xanlıqlar sakinləri bağça müdirəsi tərəfindən aldadılaraq adlarına kredit götürüləndən sonra problemlə üzləşmişdilər. Həmin kreditlər X.Əsgərova tərəfindən ödənilmədiyi üçün sakinlər banklar tərəfindən məhkəməyə verilmişdilər.
Məhkəmə isə vətəndaşların iştirakı olmadan qərar çıxarıb ki, borcu olanların pensiyası və maaşları tutulmaqla bu borclar ödənilsin.
Bu qərardan xəbərsiz olan kənd sakinləri indi haqlarını tələb etmək üçün yenidən məhkəməyə müraciət ediblər. Onlar məhkəmədən çıxarılan qətnamənin surətini tələb ediblər. Lakin məhkəmədən onlara bildirilib ki, qətnamaə poçt vasitəsi ilə evlərə göndərilib. Sakinlər isə heç kimin belə bir sənəd almadığını bildirir.
Məhkəmə binasının qarşısına toplaşanlar əsasən müəllimlər və pensiyaçılar olub. Pensiya və maaşlarının verilməsinin bərpa olunmasını tələb edən vətəndaşlara məhkəmədən rayon prokurorluğuna müraciət etmələri məsləhət görülüb. Prokuroluqdan isə bildirilib ki, işə rayon polisi baxır.
“Bizi get-gələ salıblar. Şikayətimizə nə baxan var, nə də bizi dinləyən” – deyə kənd sakinləri problemlərini virtualaz.org saytına danışır.
Polisdən isə kənd sakinlərinə araşdırmaların davam etdirildiyi deyilib.
Bağça müdirəsinin bank müdirləri ilə əlbir olaraq vətəndaşları aldatması faktı mətbuatda işıqlandırılandan sonra kredit verən banklardan bəzilərinin rəhbərliyi kənd sakinləri ilə görüşüb. Onlardan xahiş edilib ki, şikayətlərini geri götürsünlər. Onlar vətəndaşları əmin etməyə çalışıblar ki, borclarınız ödəniləcək.
Lakin Xanlıqlar sakinləri növbəti yalanın qurbanı olmaq istəmədiklərini əsas gətirərək bununla razılaşmayıblar.
Xatirə Əsgərova və qurbanları
Qeyd edək ki, bağça müdirəsi Xatirə Əsgərova 200-dək həmkəndlisinin adına müxtəlif yollarla və fərqli məbləğlərdə kredit götürüb. Bu kreditləri ödəmədikdə isə bu sensasion fırıldağın üstü açılıb.
X.Əsgərova kənd sakinlərinin əksəriyyəti ilə uzaq da olsa qohumdur. Onların əksəriyyətinin adına krediti də elə bu qohumluq əlaqələrindən istifadə edərək götürüb. Gah müdirə statusundan yararlanıb, gah da oğluna qonşu kənddə ev almağı əsas gətirərək həmkəndlilərinin razılığını alıb.
Qeyd edək ki, X.Əsgərovanın adına kredit götürdüyü şəxslər arasında ümumiyyətlə heç yerdə işləməyən, bu kreditlərdən xəbəri olmayan, hətta fiziki qüsurlu insanlar da var.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın