Çərşənbə axşamı , Avqust 16 2022
Ana səhifə / Siyasət / “Bəzi NATO ölkələri istəyir ki, PKK-nın fəaliyyəti hesabına Türkiyə zəifləsin” – Təbriz Musayev

“Bəzi NATO ölkələri istəyir ki, PKK-nın fəaliyyəti hesabına Türkiyə zəifləsin” – Təbriz Musayev

İspaniyanın paytaxtı Madriddə NATO-nun növbəti sammiti başlayır. İclasda Alyans ölkələrinin dövlət və hökumət başçıları iştirak edəcək. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan toplantıda iştirak edəcək. Ukraynanın dövlət başçısı Volodimir Zelenski sammitə videoformatda qatılacaq. Sammitdə qurumun yeni strateji konsepsiyası qəbul olunacaq. Həmçinin Ukraynaya dəstək, NATO-nun xərclərinin artırılması məsələləri müzakirə ediləcək. İclas iki gün davam edəcək.

Məlum olduğu kimi, sammitdə əsas müzakirə olunan məsələlərdən biri də Finlandiya və İsveçin NATO-ya üzv qəbul edilməsidir. Bununla bağlı müzakirələrin kritik olacağı gözlənilir. Məsələ ondadır ki, Türkiyə sözgedən ölkələrdən PKK terror təşkilatına dəstəyin dayandırılmasını istəyir. Türkiyə bu iki ölkəni qanunlarını dəyişməyə və PKK üzvlərinə sığınacaq verməyi dayandırmağa məcbur etməyə çalışır. Çünki terrorçular bu ölkələrdə nəinki kütləvi təbliğat maşını işlədirlər, həm də Stokholm və Helsinki siyasətinə təsir göstərirlər. Digər tərəfdən, Ankaranın xüsusi şərtlər deyərkən nəzərdə tutduğu odur ki, Türkiyə müdafiə sənayesinə qarşı bütün məhdudiyyətləri ortadan qaldırılmalıdır. Çoxları qarşıdan gələn görüşü son iyirmi ilin ən mühüm sammiti hesab edir. Ərdoğan bəyan edib ki, alyansın hər hansı lideri İspaniyanın paytaxtında Türkiyə əleyhinə gündəmi təbliğ edərsə, sərt reaksiya verəcək. Ərdoğan qeyd edib ki, Türkiyə alyansın genişlənməsinə qarşı deyil. Ancaq Ankaranın terrorizmlə mübarızədə tələblərinin nəzərə alınmasını istəyir. O üzdən, sammitin gərgin keçəcəyi gözlənilir.

Bütün bu deyilənlərin fonunda maraqlıdır, NATO Türkiyənin tələbləri baxımından nə kimi qərar verəcək?

Məsələyə münasibət bildirən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevin fikrincə, indidən NATO-nun konkret hansı qərar verəcəyini proqnozlaşdırmaq çətindir: “Ona görə ki, bununla bağlı üzvlər arasında yekun rəy müşahidə olunmur. Təkcə NATO-nun baş katibi Yens Stoltenberq Türkiyənin terrorizmdən ən çox əziyyət çəkən alyans ölkəsi olduğunu deyir. Digər üzv ölkələr, əfsuslar olsun ki, Türkiyə ilə bağlı bu qədər narahat deyil. Əksinə, bəzi NATO ölkələri istəyir ki, PKK-nın fəaliyyəti hesabına Türkiyə zəifləsin. Başı ancaq daxili məsələlərə qarışsın. Xarici siyasət sahəsində, regional məsələlərdə aparıcı ölkə olmasın. Çünki Türkiyənin dünyada artan gücünü həzm edə bilmirlər. PKK-ya bu və ya digər dərəcədə dəstək verən, onların fəaliyyətinə meydan verən ölkələr Almaniya ilə Fransadır. Almaniyada çox sayda PKK mənsubu Türkiyəyə qarşı fəaliyyət göstərir. Suriyada, İraqda PKK-nın qolları olan PYD və YPG-nin boy göstərməsinin arxasında ABŞ dayanır. Silahla təmin edir, logistik dəstək verir və s. Məgər onlar bilmir ki, bunlar terror təşkilatıdır? Çox yaxşı bilirlər. Sadəcə, Türkiyənin güclənməsini istəmirlər. Fikrimcə, Finlandiya və İsveçin NATO-ya üzv olması məsələsində Ərdoğan geri çəkilməyəcək. Ya həmin ölkələr Ankaranın şərtlərini qəbul edəcək, ya da veto qərarı ilə üzləşəcəklər. Ərdoğana bununla bağlı təzyiqlərin daha da artacağı istisna olunmur. Ancaq onun təcrübəli və xarizmatik lider olduğunu nəzərə alsaq, Türkiyənin maraqlarını qurban verməyəcəyinə əminəm. Digər tərəfdən, Rusiyanın Ukraynaya təcavüzü Qərb ölkələri arasında birlik yaratsa da, bu o demək deyil ki, NATO-dakı fikir ayrılıqları azalacaq. Fikrimcə, Almaniya və Fransa NATO hesabına ABŞ-ın Avropada təsirinin artmasını istəmir. Bu səbəbdən sammitin gərgin keçəcəyi istisna olunmur”.

İAT sədri NATO-nun bölünmə ehtimalını da istisna etmədi.

Həmçinin oxuyun

David Babayan Azərbaycana təşəkkür etdi

Qarabağdakı qondarma rejimin “xarici işlər naziri” David Babayan Azərbaycana təşəkkür edib. Bu barədə o, “Facebook” …