Ana səhifə / Siyasət / Bəxtiyar Hacıyev: “Amerika 90-cı ildən bəri qadın prezidentə hazır idi” – fərqli baxış

Bəxtiyar Hacıyev: “Amerika 90-cı ildən bəri qadın prezidentə hazır idi” – fərqli baxış

Gənc politoloq: “Hillari Klinton az fərqlə də olsa, noyabrda qalib gələcək”; “tək Azərbaycana yox, ABŞ prezidentinin kim olması bütün dünyaya təsir edə bilər”

Hazırda dünyanın diqqəti Amerikada Birləşmiş Ştatlarında keçiriləcək prezident seçkilərinə yönəlib. Əsas namizədlərin bir-birilə gərgin mübarizəsi, verdikləri açıqlamalar və onun təsiri ilə dəyişən qüvvələr nisbəti Azərbaycan daxil olmaqla, bütün ölkələrin siyasi gündəmində mühüm yer tutur. 

Musavat.com mövzu ilə bağlı ABŞ siyasətinə bələd olan, Hillari Klintonla şəxsən görüşmüş gənc fəal Bəxtiyar Hacıyevlə söhbətləşib. B.Hacıyevin baxışı ilə ABŞ seçkilərini, ordakı vəziyyəti, namizədlərin şanslarını qiymətləndirdik.

– Bəxtiyar bəy, dünyanın gözü ABŞ-dakı seçkilərdədir. Və seçkilərdə qüvvələr nisbəti, ayrı-ayrı namizədlərlə bağlı üstünlüklər tez-tez dəyişir. Bu, təkcə ölkədəki demokratik ab-havanın nəticəsidir, yoxsa dünyada seçki dönəminin uzun olması ilə bağlıdır? 

-Birincisi, ABŞ-dakı seçkilər prosesi çox uzun və müəyyən qədər yorucu, bəzi tərəflərinə görə isə ədalətli sayılmaya biləcək bir prosesdir. Təsəvvür edin ki, 4 illik prezidentlik müddəti üçün 2 ilə yaxın seçki kampaniyası aparılır. Əvvəlcə ilkin seçkilər, sonra isə əsas seçkilər keçirilir. Bu zaman hər iki partiyanın ilkin seçki qaydalarına görə, bəzən milyonlarla seçicinin səsindən yüzlərlə supernümayəndənin səsi daha həlledici ola bilir. Bu, məsələnin birinci tərəfidir. Hər seçkidə ABŞ ictimaiyyətini narahat edən müəyyən məsələlər (məsələn, səhiyyə sığortası, silah alışı üçün icazənin verilib-verilməməsi, terrorizmlə mübarizənin necə aparılması və s.) namizədlər arasında kontrast yaratmağa, onlardan bəzilərini önə çıxarıb, bəzilərinə olan dəstəyin azalmasına səbəb ola bilir. Bəzən də seçkidə ən çox müzakirə olunan və namizədləri önə, yaxud arxaya aparan mövzular Azərbaycan cəmiyyəti üçün təəccüblü mövzular ola bilər. Məsələn, gey və lesbiyanlara evlənmək hüququ verilməlidirmi, aborta münasibət necə olmalıdır və s. Bu məsələlər ABŞ seçkilərində həlledici ola bilir. Son zamanlar isə terrorla mübarizə, seçki sisteminin maliyyənləşdirilməsi, silah satışı ilə bağlı namizədlərin fərqli mövqeləri onlara olan dəstəyə təsir edir.

– Donald Tramp namizədliyini elan edən vaxt başda ABŞ cəmiyyəti olmaqla, bir çox ölkələrdə onun şansı cüzi qiymətləndirilirdi. Adətən tanınmış siyasətçilər, Konqresdə olan simaların prezident seçilmək şansı daha çox olur. Tramp Konqresdə də təmsil olunmur. Sadəcə, böyük varidatı olan mediatik bir insan kimi tanınırdı. Nə baş verdi ki, ABŞ cəmiyyəti onunla bağlı fərqli mövqe ortaya qoydu? 

-ABŞ-da son bir neçə prezident seçkilərində bir tendensiya müşahidə edilir. Seçicilər uzun illər Vaşinqtonda çalışmış, siyasi isteblişment üzvü kimi tanınan siyasətçilərdən daha çox siyasi sistemdən kənarda sayılan şəxslərə dəstək verməyi üstün tuturlar. Məsələn, 2008-ci ildəki seçkilərdə demokratlardan Co Bayden, Con Edvards, Hillari Klinton, respublikaçılardan Con Makkeyn kimi təcrübəli şəxslər iştirak etsələr də, ən populyar namizəd cəmi 2 illik senatorluq təcrübəsi olan Barak Obama oldu. “Dəyişiklik” mesajı ilə seçkiyə qatılan Barak Obama qalib və ABŞ prezidenti oldu. 2016-cı il seçkilərində də demokratlar arasında dəyişikliyə, inqilaba çağıran Berni Sanders böyük bir dəstək qazandı, milyonlarla insanın səsini topladı, heç kimin gözləmədiyi qədər donorların kiçik ianələri ilə çox uğurlu kampaniya apardı. Eləcə də, Respublikaçılar partiyasından daha təcrübəli, tanınmış siyasətçilər seçkidə iştirak etsə də, sistemdən kənar, özünü xalqın adamı, sadə insan kimi təqdim etməyi bacarmış Donald Tramp partiyanın namizədi oldu. Bu, birinci növbədə onu göstərir ki, ABŞ seçiciləri indiki ABŞ isteblişmentindən daha çox, kənardan sistemi dəyişməyə çalışanlara dəstək verməkdə maraqlıdırlar. İkincisi, ABŞ seçkilərində qorxu və nifrət, qəzəb çox önəmli rol oynayır. Tramp qeyri-leqal immiqrantlara, müxtəlif dini qruplara hücum etməklə bu qorxu, qəzəbi daha da alovlandırdı və özünə dəstək qazandı.

– Bəli, elə bundan danışaq. Onun bu mövqeyi xeyli tənqid də alıb. Amma qısa müddət öncə bir əfqanın “gey klub”da törətdiyi qətliam sanki onun bu mövzudakı mövqeyini cəmiyyətə təsdiqlədi və nüfuzunu artırdı… Siz necə düşünürsüz?

“Onun prezidentliyi dövründə postsovet məkanında ərazi münaqişələrinin həllində yeni bir mərhələ gözləyə bilərik” 

-Seçki ilində 11 sentyabr hadisələrindən sonra ən böyük silahlı qətliam, terrorun baş verməsi seçkiyə birbaşa təsir etməli idi. Ancaq sonda bu təsirin kimin xeyrinə, kimin əleyhinə çevriləcəyini demək çətindir. Hər iki partiyanın namizədləri bu hadisədən öz mövqelərini gücləndirmək üçün istifadə etməyə çalışırlar. Hillari Klinton silahların asanlıqla satılmasının əleyhinədir, Tramp isə lehinə. Klinton müsəlmanlara qarşı yumşaq, qucaqlayıcı mövqe tutur, Tramp isə əksinə. Qətliamdan dərhal sonra Tramp özünün haqlı olduğunu bildirən mesajlar yayımlamağa başladı. Klinton isə hər hansı bir şəxs asanlıqla silah əldə edə bilərsə, belə hadisələrin təkrarlana biləcəyini vurğuladı, silah satışının əleyhinə olmasını bu hadisə ilə yenidən gündəmə gətirib, haqlı olmasını göstərməyə çalışdı.

Çoxları müzakirələrin  dayanacağını gözləsə də, Tramp başqa bir arqumentlə seçki kampaniyasına davam etməyə başladı. O bildirdi ki, əgər silah satışı daha da asan olsaydı, həmin “gey klub”da kimsə öz üzərindəki silahı çıxarıb terrorçunu zərərsizləşdirə bilərdi. Görünən odur ki, bu hadisədə buna bənzər arqumentlər hər iki qərargah tərəfindən düşünülüb, özlərinin haqlı olmasını əsaslandırmağa çalışacaqlar. Ancaq ilkin mərhələdə bu hadisə ilə Tramp müsəlmanlara, radikal dini qruplara qarşı öz qəzəbli auditoriyasının və silah lobbisinin dəstəyini daha da möhkəmləndirmiş oldu.

– İllər öncədən ABŞ siyasətini təhlil edənlər deyirdilər ki, ABŞ qadın prezidentə və qaradərili prezidentə hazır deyil. Sonuncu Obamanın timsalında baş verdi. Hillari Klintonun timsalında ABŞ-ın qadın prezidenti ola bilərmi,sizcə? Onun şansını nə qədər qiymətləndirirsiz? 

-Zənnimcə, ABŞ cəmiyyəti hətta 90-cı illərin əvvəllərindən buna hazır idi. Sadəcə olaraq qaradərili və ya qadın namizədlərdən uyğun və uğurlusu ortaya çıxmamışdı. 2007-ci ildə ABŞ-da təhsil almağa gedəndə öz müşahidələrimdən deyə bilərəm ki, 2008-ci ildə ABŞ cəmiyyəti həm qaradərili, həm də qadın prezidentə hazır idi. Ancaq Obamanın uğurlu kampaniyası, onun sistemdən kənar namizəd olması, dəyişiklik mesajı ilə seçkiyə getməsi onun xeyrinə işlədi və o əvvəlcə Klintona, sonra isə Makkeynə qalib gələrək prezident oldu. Klintonu isə məğlub edən səbəblərdən biri onun prezident xanımı olması idi. Bir çox seçicilər “Ata Buş, sonra ər Klinton, sonra oğul Buş, sonra xanım Klinton olmaqla ard-arda iki ailə tərəfindən idarə edilmək istəmirik” deyirdilər. Yəni, Klintonun qarşısında duran maneə onun qadın olması yox, daha çox keçmiş birinci xanım olması idi.

“Daha öncə Hillari Klintonun qarşısında duran maneə onun qadın olması yox, keçmiş birinci xanım olması idi” 

– Yəni, doğrudanmı ABŞ çəmiyyəti kişini qoyub bir qadına səs verə bilər?

– Zənnimcə, Amerika cəmiyyəti bu mərhələni çoxdan keçib. Hətta qadınlar belə səslərini Klintona, yaxud digər qadın namizədə sırf qadın olduqları üçün yox, namizədin keçmişinə, keçmiş fəaliyyətinə və bu gün səsləndirdiyi seçki mesajlarına, verdiyi vədlərə görə verirlər. Noyabrda keçiriləcək əsas seçkilərdə də böyük əksəriyyət namizədlərə səslərini onların cinslərinə görə yox, təcrübələri, xarakterləri və verdikləri seçki mesajlarına görə verəcəklər.

– Yaxşı, məsələni başqa cür qoyaq. Qadın prezident, xüsusən də bu, Hillari Klintondursa, Amerikanın həyatını necə dəyişə bilər? 

-İndiki mərhələdə namizədlər arasındakı fərqi, kontrastı onların cinsi ilə yox, təcrübələri ilə dəyərləndirmək lazımdır. Məncə, həm demokratlardan, həm müstəqillərdən, həm də respublikaçılardan bir çox insan Hillari Klintonun senator, birinci xanım, dövlət katibi kimi təcrübəsi ilə, Trampın iş adamı kimi təcrübəsini, dövlət adamı kimi isə təcrübəsizliyini görürlər. Klintonun müxtəlif dünya liderləri ilə ən ağır məsələlərdə apardıqları danışıqları da xatırlayırlar, Trampın ziddiyyətli mesajlarını da. Onlar Klintonun miqrantlara, müxtəlif dini azlıqlarla olan münasibətinin də Amerikaya nə verəcəyini bilirlər, Trampın qəzəb püskürməsinin nə ilə nəticələnə biləcəyini də. Düşünürəm ki, seçicilər bunlara əsasən səs verəcəklər və yenidən hər hansı bir böyük hadisə, sürpriz məsələ olmasa, Klinton az fərqlə də olsa, noyabrda qalib gələcək. Klinton hələ birinci xanım olduğu dövrdə həyat yoldaşı Bill Klintonun apardığı iqtisadi islahatları da, dövlət katibi işlədiyi zaman apardığı xarici siyasəti də, Obama administrasiyasında çalışdığı zaman Obamanın başlatdığı bir çox işləri, o cümlədən səhiyyə sektorundakı islahatları da davam etdirəcək. ABŞ prezidenti olmaq iş təcrübəsi keçmək üçün bir yer deyil, andiçmədən dərhal sonra oval ofisdə mühim qərarlar verəcək qədər təcrübə olmalıdır və bu təcrübə iki namizəddən yalnız Klintonda var. Çoxları onu sevə, başqaları sevməyə bilərlər, ancaq hazırda qalan namizədlər arasında oval ofisdə oturub ilk gündən doğru qərarlar verə biləcək tək namizəd Hillari Klintondur.

“Bir çox insanlar Hillari Klintonun senator, birinci xanım, dövlət katibi kimi təcrübəsi ilə, Trampın iş adamı kimi təcrübəsini, dövlət adamı kimi isə təcrübəsizliyini görürlər” 

– Bəs bu seçkilərin nəticələri Azərbaycana nə vəd edir? Prezidentin kimliyi ölkəmizin gələcəyinə hansı formada təsir edə bilər? 

– Tək Azərbaycanla bağlı yox, ABŞ prezidentinin kim olması bütün dünyaya təsir edə bilər. Məsələn, prezident öz vitse-prezidentini, dövlət katibini, bir çox başqa postlarda olan şəxsləri müəyyənləşdirir. Onlar isə ABŞ-ın xarici siyasətində necə davranılacağını müəyyənləşdirirlər. Əgər C.Buş dönəmində sərt gücə üstünlük verilirdisə, müharibə qərarları rahatlıqla alınırdısa, Obama dönəmində yumşaq gücə, əməkdaşlığa, dialoqa, sülhə meyillər hiss olunurdu. Obama dönəmində İran və Kuba kimi ölkələrlə diplomatik münasibətlər quruldu. ABŞ-ın növbəti prezidentinin kim olması da onun administrasiyasının xarici siyasətini müəyyənləşdirəcək. Ancaq düşünmürəm ki, məhz Azərbaycanla bağlı hansısa fərqli bir siyasət formalaşacaq, yaxud hansısa namizəd region ölkələrinə bir münasibət, Azərbaycana isə müstəsna başqa siyasət tətbiq edəcək. Azərbaycan kiçik ölkədir və ABŞ-ın növbəti prezidentinin regionumuzla bağlı verəcəyi qərarlar Azərbaycana təsir edəcək. Məsələn, ayrıca Qarabağ münaqişəsinin həllində fərqli mövqe yox, post-sovet məkanındakı bənzər ərazi münaqişələrində ümumi bir siyasət gözləyə bilərik və bu siyasət Azərbaycana təsir edə bilər. Donald Tramp prezident seçilərsə, bu siyasətin necə olacağını indidən demək çətindir. Ancaq Klinton təcrübəli, dialoqa, sülhə, əməkdaşlığa meyilli siyasətçidir və dövlət katibi olduğu müddətdəki fəaliyyətindən də müşahidə edib deyə bilərik ki, onun prezidentliyi dövründə post-sovet məkanında ərazi münaqişələrinin həllində yeni bir mərhələ gözləyə bilərik.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın