Şənbə , Sentyabr 21 2019
Ana səhifə / Siyasət / AZAL-ın özbaşınalığına prezident də etiraz etdi

AZAL-ın özbaşınalığına prezident də etiraz etdi

Ekspertlər “Azərbaycan Hava Yolları” QSC-nin qiymət artımının iqtisadi əsası olmadığını vurğulayır, bu məsələ ictimaiyyətdə geniş narazılıq və narahatlıq doğurub…

“Azərbaycan Hava Yolları” QSC-nin qiymətlərinin bahalığı barədə yazılanlara dövlət başçısı İlham Əliyev də reaksiya verib. Prezident Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda bununla bağlı da danışıb. Dövlət başçısı son günlər daha çox müzakirə mövzusuna çevrilən AZAL-da biletlərin qiymətlərinin bahalılığı məsələsinə də toxunub, bildirib ki, biletlər həddindən artıq bahadır və bu məsələ tez bir zamanda nizama salınmalıdır.

AZAL-a məxsus təyyarə ilə uçmaq üçün biletlərin baha olması uzun müddətdir cəmiyyətdə geniş müzakirəyə yol açıb. Bu məsələ ictimaiyyətdə geniş narazılıq və narahatlıq doğurub. Ekspertlər bildirirlər ki, bahalıq səbəbindən Azərbaycan vətəndaşlarının əksəriyyəti xarici ölkələrə getmək üçün biletləri əcnəbi şirkətlərdən almağa üstünlük verir. Həmçinin AZAL-ın qiymətlərinin bahalığı səbəbindən ölkədə maraqlı tendensiya yaranıb, xaricə getmək istəyən insanların əksəriyyəti Gürcüstan üzərindən uçmağa üstünlük verir. Hətta Türkiyə və Avropaya belə Gürcüstan aviaşirkətləri ilə gedir. Ekspertlərə görə, Azərbaycan üçün yanacaq Gürcüstandan daha ucuz başa gəldiyi halda, bu cür siyasət yolverilməzdir. Gürcüstan yanacağı kənardan aldığı halda, Azərbaycan özü istehsal edir. Bununla belə, AZAL-ın qiymət siyasəti nəticəsində Azərbaycanın pulları Gürcüstana axır. Bundan həm ölkə iqtisadiyyatı, həm aviaşirkətlər uduzur, həm də vətəndaşlar əziyyətə düşür. Ekspertlər biletlərin bahalığını bir qayda olaraq monopoliya ilə bağlayırlar. Bildirilir ki, maya dəyərinə görə qiymətlər bu dərəcədə baha olmamalıdır. Yəni qiymət artımının iqtisadi əsası yoxdur. Ekspertlərin fikrincə, Azərbaycanda qiymətlər hətta qonşu ölkələrdən də ucuz olmalıdır. Səbəb Azərbaycanın aviasiya kerosini istehsal edən ölkə olmasıdır. Görünən odur ki, AZAL ölkədə yeganə yerli aviaşirkət olması və bazarda hökmran mövqeyə sahib olması səbəbindən qiymətləri istədiyi kimi tənzimləyir.

İqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə, qiymətlərin baha olması ilə bağlı əsas səbəb AZAL-ın inhisarçı mövqeyi və hökumətin də bu şirkətin qərarlarının arxasında durmasıdır. AZAL ölkəyə digər şirkətləri buraxmadığına görə aviaxidmət bazarını təkbaşına idarə edir və istədiyi qiyməti tətbiq edir: “Bütün dünyada ucuzlaşma getdiyi bir vaxtda Azərbaycanda AZAL inhisarçı mövqeyindən istifadə edib qiymətləri tənzimləmək istəmir, həm də bazara daha ucuz xidmət göstərən şirkətləri buraxmır. Nəticədə Azərbaycanda çox ciddi bir proses başlayıb, xaricə uçmaq istəyən insanların əksəriyyəti Gürcüstan üzərindən uçmağa üstünlük verirlər. Hətta Türkiyə və Avropaya belə Gürcüstan aviaşirkətləri ilə uçuş həyata keçirirlər. Bazarda AZAL-ın ciddi rəqibləri olmadıqca, bu proses davam edəcək. Qiymətlərin aşağı düşməsi üçün mütləq rəqabətli mühit yaradılmalıdır”.

Ekspert Qadir İbrahimli də deyir ki, AZAL-ın qiymətlərinin baha olması onun monopolist mövqeyi ilə bağlıdır: “Bu mövqeyinə görə də AZAL qiymətləri öz istədiyi kimi formalaşdırır”.

Həmçinin problemlərdən biri də odur ki, AZAL ölkədə fəaliyyət göstərən digər hava yolları şirkətlərinə qiymətləri diqtə edir. Bilet qiymətləri olduqca baha olan şirkət, digər şirkətlərə də qiymətləri ucuzlaşdırmağa imkan vermir. İddialara görə, ucuz uçuşlar həyata keçirən şirkətlər AZAL-ın qəzəbinə gələrək, ölkəni tərk etməli olur. Həmçinin bildirilir ki, AZAL-dakı süni qiymət artımı digər şirkətlərə rəqabət aparmaq üçün də imkan yaratmır. Ancaq qiymətlərdə yenə də fərq var. Belə ki, Bakıdan İstanbula Türk Hava Yolları ilə uçanlar AZAL-la uçanlarla müqayisədə təqribən iki dəfə az pul ödəyirlər.

Bir müddət əvvəl “Turan Air” şirkəti artıq fəaliyyətini dayandırıb. Hava nəqliyyatı ilə sərnişin daşınmasında özəl sektoru bir şirkət – “Silk Way Business Aviation” MMC təmsil edir. Bu şirkətin bazarda payı cüzidir – sərnişin daşımalarının 0,4 faizi özəl şirkətlərin payına düşür. Daşınmaların 99,6 faizini AZAL həyata keçirir və beynəlxalq hava yollarına görə tarifləri də özü müəyyənləşdirir. Bu tariflər sanki havadan götürülüb və heç bir iqtisadi əsaslandırması yoxdur. Şirkət monopolist mövqeyindən istifadə edərək, tarifləri orta statistik azərbaycanlılar üçün əlçatmaz edib.

Dünyaboyu müşahidə edilən endirim kampaniyaları da AZAL-da müşahidə edilmir. Həmçinin neftin qiymətinin ucuzlaşması da bu məsələdə təsirsizdir. AZAL bazarda qiymətləri istədiyi səviyyədə saxlaya bilir. Həmçinin o da bildirilir ki, Gəncədən İstanbula uçuş həyata keçirən “OnurAirz” şirkəti də Bakıya buraxılmır. Macarıstanın “Wizz Air” hava yollarının Bakı-Budapeşt marşrutu da bağlanıb.

Əvvəlcə aviareysin rentabelli olduğu bildirilsə də, sonradan qiymətlərin ucuzluğu səbəbindən şirkət ölkədən çıxarılıb. Çox ucuz səfərlər təşkil edən “Wizz Air”ə artıq iki ildir ki, Azərbaycanda fəaliyyət imkanı verilmir. Həmçinin “Peqasus Airlines” şirkəti Gəncədən Türkiyəyə ucuz qiymətə səfərlər təşkil edirdi. Artıq buna da imkan verilmir. Türk Hava Yolları ilə isə AZAL qiymət sazişi bağlayıb ki, qiymətlər aşağı düşməsin.

Ekspertlər bildirirlər ki, aviauçuşların qiymətinin Tarif Şurası tərəfindən tənzimlənməsi daha düzgün olardı…

Həmçinin oxuyun

Səudiyyə üzərindən yeni “antitürk” hədəfləri

Səudiyyə üzərindən yeni “antitürk” hədəfləri 23-24 sentyabr tarixində ABŞ-ın Nyu-York şəhərində İran adlı dövlətin mollla …

Bir cavab yazın