Bazar , Oktyabr 25 2020
Ana səhifə / Siyasət / “”Azadlıq” qəzetinin ilk nömrəsini gətirən Nəcəf Nəcəfova muştuluq olaraq diktafon da vermişdi”

“”Azadlıq” qəzetinin ilk nömrəsini gətirən Nəcəf Nəcəfova muştuluq olaraq diktafon da vermişdi”

“Gərək Əli Kərimov onu o vəziyyətdə iclasa çıxartmazdı…”

Moderator.az Milli Azadlıq Hərəkatının lideri, sabiq prezident Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyevlə müsahibənin üçüncü, sonuncu hissəsini tədim edir.
Əvvəlki hissəni bu linkdən— moderator.az/news/140605.html —-oxuya bilərsiniz.
– Almurad bəy, nəhayət 1989-cu il yetişdi, 16 iyulda AXC-nin təsis konfransı keçirildi və Əbülfəz Bəy AXC-nin sədri seçildi. Və beləliklə də Əbülfəz bəyin Elçibəylik dövrü başlandı. Həmin illərdən nələri xatırlayırsınız? 
– AXC yaranandan sonra Bəyin mübarizəsi daha da genişləndi. Demək olar ki, gecə-gündüz millətin arasındaydı, mitinqlərdəydi. Moskvadan gələnlərlə danışıqlar apaprırdı, deyirdi xalqı qırğına vermək olmaz, məsələni demokratiya yolu ilə həll etmək lazımdır. O zaman həm də qəzet çıxarmalıyıq deyirdi, az keçmədi ki, “Azadlıq” qəzetini yaratdılar. Qəzet çıxan günü çox sevincliydi, qəzetin ilk nömrəsini gətirən Nəcəf Nəcəfova muştuluq olaraq diktafon da vermişdi.
Daha sonra baş verən hadisələri indi çoxunuz yaxşı bilirsiniz, bəlkə mən danışanda nələrinsə üstündən keçərəm. Ancaq onu deyim ki, Bəy 1918-ci ildə Məmmədəmin Rəsulzadənin qaldırdığı üçrəngli bayrağı özü öz əlləriylə aparıb parlament binasına sancmışdı. Fəxr edirdi ki, 70 ildən sonra olsa da Rəsulzadənin vəsiyyətini yerinə yetirməyi bacardı. Daha sonra dekabr ayının 31-də Bəyin tapşırığına uyğun olaraq Araz boyu tikanlı məftillər söküldü. Həmin gün azərbaycanlıların həmrəylik günü kimi tarixə düşdü.
Sonra da 20 yanvar hadisəsi baş verdi, ardınca SSRİ dağıldı, Ayaz Mütəllibov prezident oldu. 1992-ci ildə Xocalı hadisəsi baş verəndən sonra da Ayaz Mütəllibov vəzifəsindən uzaqlaşdırıldı. Təzədən prezident seçkiləri keçirildi və Bəy prezident seçildi.
 
– Əbülfəz Bəyin prezident seçkiləri ərəfəsində və prezident olandan sonra ailəsinə, dostlarına münasibəti necə oldu? Prezidentlik Bəyi dəyişdirmədi ki?
– Yox, əsla. Prezident seçkilərindən bir neçə gün əvvəl evdəydik, axşam süfrədən qalxandan sonra Bəylə zarafat elədim, necə deyərələr “sataşdım” ona. Küsdü məndən, eləcə də gedib yatdı. Səhər tezdən oyananda da gördüm ki, mənə acığı soyumayıb, hirslidir. Könlünü almaq üçün dedim ki, niyə hirslənirsən, bir azdan prezident olacaqsan, əgər bir qardaşına dözəmmirsənsə, o boyda millətə necə dözəcəksən. Elə bu sözümlə də hirsi yatdı, qucaqlaşıb barışdıq. Heç vaxt küsülü qalmamışdıq, mən çox vaxt onunla bərabər olmuşam, ya o, bizdə qalıb, ya da mən onlarda.
Heç Bəy özü prezident olmaq istəmirdi ki. Dostları, yoldaşları onun prezident seçilməsini təkid edirdi, Bəy də onların qərarına hörmətlə yanaşdı. Bəyə Türkiyədən bayraq gətirmişdilər və onda bir tədbir keçirmişdilər, həmin tədbirdə prezident olmağa razılaşmışdı.
Prezident olmamışdan qabaq mən Naxşıvana Heydər Əliyevin yanına getdim, dedim ki, Bəy deyir hazırlaşsın, gəlib prezident olsun. Heydər Əliyev mənə müsbət cavab vermədi, dedi ki, hələ mən prezident olmağa hazır deyiləm. Get bəyə de ki, özü hazırlaşsın prezidentliyə, ətrafına da qohumlarını, dostlarını yığsın, zir-zibili yığmasın yan-yörəsinə. Daha sonra Heydər Əliyevin qardaşı Həsən Əliyev rəhmətə getdi, onun hüzr məclisində Bəylə görüşdülər. Həmin görüşdə də Bəy Heydər Əliyevə demişdi ki, qal, getmə. Heydər Əliyev yenə razılaşmamışdı və Bəyə yenə də tapşırmışdı ki, ətrafına qohumlarını, sadiq dostlarını yığ.
Prezident seçiləndən sonra da o rahatlıq tapmadı, sanki taleyinə yazılmışdı ki, rahatlığı olmasın. Prezident olduğu dövrdə də, ondan sonra da həyatına qəsd etməyə çalışdılar. Bir dəfə bir dostum mənə dedi ki, qardaşına de eyvana çıxmasın, vuracaqlar onu. Mən də gəlib evdə Bəyə dedim ki, bəs eyvana çıxma. Elə bunu deyən kimi mənim sözümün əksinə durub eyvana çıxdı. Gördüm ki, saxalamaq mümkün olmayacaq, mən də onunla bərabər eyvana çıxdım. Nə qədər dayandıq eyvanda, siqaret çəkdi, çox gözlədik, amma heç nə baş vermədi. Səhər tezdən qapı döyüldü, gördüm bir cavan oğlan gəlib. Salamlaşandan sonra içəri keçdi, dedi ki, bəs mən axşam səni vurmalıydım, ancaq gördüm ki, iki nəfərsiz, çaş-baş düşdüm. Elə onunla da fikrimdən vaz keçdim və alacağım pula da tüpürüb ordan getdim. Oğlan daha sonra onu kimin tutduğunu, nə qədər pul verəcəyini açıb Bəyə dedi. Bəy məsələnin nə yerdə olduğunu bilsə də özünü o yerə vurmadı, dedi ki, onlar səninlə zarafat edirlərmiş, sən də inanmısan. Bir dəfə də Bəyi öldürmək üçün kəndə bir oğlan gəlmişdi. 16-17 yaşlı uşaq idi, öyrədib göndərmişdilər. Cəbhəçilər də onu tutub quyuya salmışdılar. Gedib oğlanı Bəyin yanına gətirdim, Bəy iki gün oğlanı evimizdə qonaq saxladı, yedirib-içirdi, sonra dədəsinə xəbər göndərdi ki, gəlib oğlunu aparsın.
Bəy qorxan adam deyildi. Evimizin arxasında sahə var idi, pomidor, xiyar əkirdik. Orda balaca bir otaq da tikmişdik. Gedirdi ora, gecə də tək yatıb qalırdı. Bəy rəhmətə gedəndən sonra bir dəfə həmin evə getmişdim. Gözlərimə inanmadım. Gördüm ki, Bəy yenə yatıb orda, məni görüb dedi ki, gəl yanıma yat. Dedim yox, sən yat burda, mən yerdən yatacam. Yıxılıb yatdım, səhər duranda da əlimi vurdum, gördüm ki, orda yatıb. Çıxıb sahəyə getdim, qayıdanda gəlib gördüm ki, yoxdur… Bir dəfə də qəfildən həyətimizə böyük br işıq düşdü, sonra həmin işıq qeybə çəkildi. Bütün camaat da o işığı görmüşdü…
Bəyin düşündüyü ancaq xalqı, milləti idi, nə vəzifə düşünmürdü, nə var-dövlət. İyun hadisələri zamanı təkcə Ordubaddan 300-dən çox adam gəlmişdi ki, Surətin dəstəsiylə döyüşsünlər. Ancaq Bəy imkan vermədi, dedi ki, kimi qıracaqsız, öz millətinizimi?! Ondan sonra həmin dəstə geri qayıtdı. Bununla Bəy millətini hər şeydən uca tutduğunu bir daha sübut elədi.
Bəy bir ayrı aləm idi, səxavətliydi, ürəyi açıq idi. Yol ilə gedirdik, bir də baxırdın ki, maşını saxlatdırdı, yolda gördüyü hansısa tələbələrə pul verdi. Cibində pul qalmazdı, ehtiyacı olanlara paylayardı, ümumiyyətlə heç pul pərəst insan deyildi. Elə vaxt olurdu ki, cibində bir qəpik olmadan çıxıb işə gedirdi.
– Bəyin xəstəliyi necə başlamışdı? Nə zaman bildiniz ki, Bəy ağır xəstəliyə tutulub?
– Düzünü deyim ki, əvvəlcə Bəyin xəstəliyin bilmirdim, bacardıqca gizlədirdi bizdən. Onu bilirəm ki, kənddə olanda xəstə deyildi, bura gələndən sonra oldu. Xəstəliyini biləndə də çox yubatdı, deyirdim gedim öz adıma dərman alım gətirim, imkan vermirdi, olmaz deyirdi. O vaxt tibb universitetinin həkimi vardı, çox yaxın dost idilər. O dedi ki, özüm aparacam səni Almaniyaya, orada əməliyyat etdirib gətirəcəm. Ancaq razılaşmadı, getmədi. Həkim dedi ki, yaxşı getmirsənsə, qoy özüm əməliyyat edim, söz verirəm ki, bir həftədən sonra da işə çıxacaqsan. Ona da razılaşmadı, əməliyyat olunmaq istəmirdi. Hətta bir gecə həkimlə plan qurduq ki, Bəyə yuxu iynəsi vursun və ondan sonra əməliyyat eləsin. İnanın allaha, həkimi yola salan kimi məni yanına çağırıb hirsləndi, planımızdan xəbər tutmuşdu. Dedi ki, anamım ruhuna and verirəm, məni gizlin əməliyyat etsəniz, özümü öldürərəm. Məəttəl qaldım ki, axı hardan bildi, necə hiss elədi, nəyə görə neçə gün heç belə söz demirdi, biz plan quran kimi ürəyinə necə damdı. Mən də həkimlə danışıb vəziyyəti dedim, vaz keçdik.
Xəstəliyi başlayandan sonra ABŞ-a getmişdi, orda da özünü gözləməmişdi, soyuğa vermişdi. Ordan gələndən sonra yanına getdim, gördüm ki, ayaqları şişib. Dedim bu nədir belə, sənin ayaqların gör nə qədər şişib. Məni aldatdı orda, dedi ki, istirahət etməyə imkan vermirsiniz, qoymursunuz gedib dincələm, ona görə ayaqlarım belə olub. Dedim niyə qoymuruq axı. O vaxt dostunun bağı var idi, sən demə başımızı qatıb ora getmək istəyirmiş ki, xəstəliyindən xəbər tutmayaq. Dedi gedirəm dostumun bağına, amma yanıma gəlməyəcəksiz. Mən də razılaşdım, getmədim yanına. Qoymurdu məni, təkcə uşaqlar gedirdilər yanına, ancaq onlar da gəlib mənə bir söz demirdilər. Vəziyyətinin ağır olduğunu Əli Kərimov Bəyi iclasa çağıranda bildim. Aşağıda kabinetdə gördüm ki, bütün şiş içindədi, ayaqları, üz-gözü, əlləri çox şişmişdi. O vəziyyətdə də iclasa çıxartdılar, ancaq gərək Əli Kərimov onu o vəziyyətdə iclasa çıxartmazdı. Bilmədim nə məqsədi var idi, amma heç də yaxşı eləmədi. İclasdan qayıdan kimi həkim çağırdım, Xanım Xəlilova gəldi və dedi ki, müalicəsi burda mümkün deyil. Bəyi aparıb Türkiyəyə yola saldım, gedəndə yaxşı idi, özü öz ayağıyla getdi. Ancaq Türkiyədə də əməliyyat eləməmişdilər. Gedəndən sonra dəfələrlə telefonla danışdım, dedim qoy mən də gəlim, ancaq razılaşmadı. Sanki öləcəyini hiss eləmişdi, heç kimə əziyyət vermək istəmirdi…
– Sizinlə danışanda nəsə tapşırırdımı, ümumiyyətlə sizə son sözləri nə oldu?
– Yox, heç nə demədi mənə. Nə demişdisə Mirmahmuda demişdi, yazıb vermişdi ona. O zaman Mirmahmud da məni aldadırdı, nə vaxt soruşurdumsa ki, Bəy necədir, yaxşıdır deyirdi. Bir gecə yuxumu qarışdırmışdım, səhər Mirmahmuda dedim ki, məni aldatma, bax yuxu görmüşəm, Bəyin başına bir iş gəlsə, özündən küs. Yenə də dedi ki, yox, Bəy yaxşıdır, mən də gəlmişdim ki, səni görüm, indi yanına gedirəm. Elə bunları deyib getdi, o gedəndən üç gün sonra, avqustun 22-də Bəyin ölüm xəbərini aldıq…
– Həmin məktubu saxlayırsınızmı, nə yazmışdı o məktubda?
– Yazmışdı ki, ailəyə mən baxmalıyam, böyük qardaşımız Muradla da məsləhətləşməliyəm, Murad nə desə ona əməl etməliyik.
– Sonradan Bəyin öldürülməsi, daha doğrusu zəhərlənməsi ilə bağlı söz-söhbət yayıldı. Həqiqətə nə qədər uyğun idi bu deyilənlər?
– Bununla bağlı məni də o vaxt Prokraturya çağırmışdılar. Onda da dedim, indi də deyirəm ki, elə şey yox idi. Əgər zəhərlənmiş olsaydı belə, bəlkə də əvvəldə olmuşdu, ancaq həmin ərəfədə zəhərlənməklə bağlı heç nə yox idi. Açıq aşkar bilinirdi ki, xərçəng xəstəliyinə yoluxub. Bəlkə də müalicəsini yubandırmasaydı, vaxtında əməliyyat olunmağa razılıq versəydi, sağalma ehtimalı olardı. Ancaq nə edək ki, dediyindən dönmədi…
Onu da deyim ki, mənim anamda da xərçəng xəstəliyi olmuşdu. Ancaq anam loğman idi deyə özünü sağalda bilmişdi. O vaxt anamı Ordubadda həkimə aparmışdım, həkim vəziyyətinin ağır olduğunu deyib anamı evə göndərdi. Gələndən sonra anam bizə cürbəcür otlar yığdırırdı, həmin otlardan xörək hazırlayıb yeyirdi. Anam təbabət yolu ilə xərçəng xəstəliyini sağalda bildi və ondan sonra hələ 15 il də yaşadı. Anamı evə ölməyə göndərən həkimlə sonra qarşılaşdıq, mənə dedi ki, Allah ananı rəhmət eləsin. Dedim nə rəhmət, anam ölməyib ki, sağdır. Həkim inanmadı, gəlib özü anamı evdə gördü, qayıdanda da anamın yediyi bitkilərinin adlarını yazıb özüylə apardı. Hələ bibim qızının da sinəsində xərçəng var idi, anam onu da müalicə eləmişdi, bibim qızı ondan sonra 25 il yaşadı.
– Bəyin vəfatından sonra ailəsini, sizi arayıb-axtaran, zəng vuran olurmu?
– Bircə Mirmahmud zəng edir, vəssalam. Üç ildən çoxdur Qüdrətlə danışmıram heç.
 
– Vəfatından sonra bəzi şəxslər Bəy haqqında heç də xoş olmayan sözlər söyləməyə başladı. Bu sizə necə təsir edir. 
– Ağzına gələni danışan bir tək Nemətdir, türmədən çıxandan sonra yenə də başlayıb. Ancaq mən elə o vaxtdan onun pis niyyətli olduğunu bilirdim. O, fəhlə adam idi, o vaxt mitinqlərdə tapşırıqları yerinə yetirirdi, ona nə deyirdilərsə onu edirdi. Bəyin hesabına hörmət qazandı, sonra da başladı Bəyin dalınca danışmağa. Deyir Almurad gəlib məndən xahiş elədi ki, Bəylə barış. Sən kimsən axı mən səndən xahiş edim. Düzdür, Nemət Ordubada gələndə onu kəndə aparmışdım. Evdə oturmuşduq, bəy də yanımızda idi, dedim ki, Nemət, içindəki qara zibili tulla getsin, sənə zərər edər. Bu sözümdən acıq elədi, durub getdi o biri otağa. Bəy də bir az hirsləndi mənə, dedi ki, mənim qonağımla sənin nə işin. Dedim baxarsan qonağına. Ordan da çıxıb getdik Nemətgilə, Allah rəhmət eləsin, çox yaxşı dədəsi vardı.
Daha sonra yazmışdılar ki, Bəyin bacısı erməniyə ərə gedib. Halbuki bizim heç bacımız yox idi. Mən də bunu eşidib tezdən durub gəldim ki, dava edəm. Onu yazan adamı tanıyırdım, Bəy gələndən sonra gəlib ayağına düşdü, yalvardı. İndi Bəyin haqqında mənfi danışan adamlara Bəyin heç bir pisliyi keçməyib, pisliyi keçmiş olsaydı adama bu qədər təsir etməzdi.
– Bu gün Elçibəyə olan xalq sevgisindən, verilən dəyərdən razısınızmı?
– Əlbəttə ki, razıyam. Çölə-bayıra çıxan kimi məni Bəyə oxşadırlar, yaxınlaşıb qucaqlayırlar, öpürlər. İllər keçdikcə də o sevgi daha çox artır. Xüsusən də Bəyi görməyən, tanımayan şəxslərdə, gənclərdə Bəyə qarşı daha çox sevgi var. Bir də görürsən ki, gecə saat 11-də qapımız döyülür və Bəyin adına evimizə gəlirlər. Hökumət adamları da sağ olsunlar, diqqət və qayğıların əsirgəmirlər. Bəy vəfat edəndə ona olan xalq sevgisini hər kəs gördü və o sevgi indi azalmayıb, əksinə, daha da artıb və bunu görmək çox xoşdur.

Həmçinin oxuyun

Daniyelyan: “Mnatsakanyanın cavab verə bilmədiyi suallar…”

“Zöhrab Mnatsakanyanın müsahibəsini diqqətlə oxuyun, daha dəqiq desəm, onun cavab verə bilmədiyi KİV-in suallarını oxuyun”. …

Bir cavab yazın