Cümə , Dekabr 9 2022
Ana səhifə / Siyasət / Azərtac-dan rus mediasına sərt cavab: “Tı kto takoy, davay, do svidaniya”

Azərtac-dan rus mediasına sərt cavab: “Tı kto takoy, davay, do svidaniya”

Bu il fevralın 22-də Azərbaycan ilə Rusiya arasında diplomatik münasibətlərin yaradılmasının 30-cu ildönümü münasibətilə Moskvada iki ölkənin rəhbərləri – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalanıb.

Bəyannamənin 11-ci bəndində deyilir: “Rusiya Federasiyası və Azərbaycan Respublikası öz ərazilərində təşkilatların və şəxslərin digər Tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını qətiyyətli surətdə alırlar”.

Məlumdur ki, separatizmin təbliği, onun adeptlərinə öz qanunsuz şüarlarını səsləndirmək üçün media platforması təqdim edilməsi başqa dövlətin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş pozucu fəaliyyətin formalarından biridir. Bununla əlaqədar, Rusiyanın ən iddialı jurnalistlərindən biri, bu il iyunun sonunda qeyri-rəsmi şəxs olan David Babayanı öz studiyasına dəvət edərək onu “arsax respublikasının xarici işlər naziri” kimi təqdim edəndən sonra özünü katolikosun özündən daha artıq dərəcədə daşnak kimi göstərmiş Vladimir Solovyovun ikiqat alçaldıcı üzrxahlıq etməsi yada düşür.

Bədnam şöhrətli Marqarita Simonyanın başçılıq etdiyi “RİA Novosti” Rusiya Dövlət Agentliyi isə, təəssüf ki, bir neçə həftə əvvəl, daha dəqiq desək iyunun 3-də Qarabağ separatist klounadasının digər təlxəyi Artak Beqleryanla müsahibə dərc etməsinə görə Azərbaycan tərəfindən üzr istəmədi. Məhz bu səbəbdən Bakı həmin kütləvi informasiya vasitəsinin verilişlərinin bizim dövlətin ərazisində yayımlanmasını dayandırmaq kimi kəskin addım atmağa məcbur oldu.

Hətta bu halda da birinci addım atan Azərbaycan tərəfi olmayıb. Üç ay əvvəl Azərbaycanın iki xəbər saytı – minival.az və haqqin.az saytları Rusiya ərazisində bloklanıb. Bundan ötrü bir əsas yox idi – bu iki mediaresurs Rusiya Federasiyasının ərazisində separatizmi heç vaxt təbliğ etməyib, rəsmi Bakı (xüsusən özəl nəşrlər) Moskva Bəyannaməsini imzalanmış digər Tərəfin üçüncü dövlətlərə media və ya rəsmi səviyyədə hücumlarını dəstəkləmək öhdəlikləri götürməyib. Buna görə də Azərbaycanın imzalanmış Moskva Bəyannaməsinə ardıcıl sadiqliyini nəzərə alaraq Rusiya ərazisində bu iki saytın gözlənilmədən qadağan edilməsi Azərbaycan ictimaiyyəti üçün anlaşılmaz qaldı.

Hər halda tərəflər, necə deyərlər, hərəsi digərinə bir qaşıq qatran verdi və güman ki, məsələ bununla bitmişdi.

İndi isə birdən-birə görün nələr olur. Oktyabrın 20-də bədnam şöhrətli, özünü “rusiyalı politoloq” adlandırsa da, ermənilərin mənafeləri üçün daha çox canfəşanlıq edən Andranik Miqranyan və proqramın sonunda, necə deyərlər, tamamilə yersiz bir formada “Qarabağ əzəli erməni torpağıdır” deyə bağıran Nataliya Naroçnitskaya (görün kimdən soruşmağı unudublar) Rusiya dövlətinə məxsus “Birinci kanal”ın ənənəyə görə aparıcısı “Yedinaya Rossiya” fraksiyasının üzvü, RF Dövlət Dumasının Beynəlxalq Məsələlər Komitəsinin sədrinin birinci müavini Vyaçeslav Nikonov (SSRİ xalq xarici işlər komissarı V.Molotovun nəvəsi) olan “Bolşaya iqra” proqramının efirində peyda oldu. Bu halda regionun studiyadakı böyük ekranda nümayiş etdirilən xəritəsində guya “bərabər dövlətlər” olan Ermənistanın, Azərbaycanın və “Dağlıq Qarabağ Respublikası”nın adları eyni şriftlə (!) göstərilmişdi.

Oktyabrın 28-də Rusiyanın digər dövlət kanalı “Rossiya-24”ün təqdim etdiyi reportajın lap əvvəlində, birincisi, ekranın yuxarı sol küncündə “Dağlıq Qarabağ Respublikası” sözləri yazılır, ikincisi, aşağı titrlərdə “Arsax Respublikasının prezidenti (2007-2020) kimi təqdim edilən Bako Saakyanın çıxışından bir epizod verilir.

Sual olunur: bu nə deməkdir? Təkrar edirik, bunlar özəl kanallar deyil, Rusiyanın dövlət kanallarıdır, hərçənd naməlum səbəblərə görə bloklanmış minval.az və haqqin.az saytları dövlətə məxsus deyil. Yəni doğrudanmı Rusiya dövlət kanallarının rəhbərliyini ağıllandırmaq və onların bir pillə yuxarı kuratorlarını ayıltmaq üçün Azərbaycanın dövlətə məxsus media resursları da eyni cür hərəkət etməlidir? Axı, məsələn, Əhməd Zakayevi axtarıb tapmaq, ondan müsahibə almaq və titrlərdə onu “İçkeria” Çeçen Respublikasının Baş naziri” kimi təqdim etmək çətin deyil. Biz nə vaxtsa belə hərəkət etmişikmi? Yox. Edə bilərikmi? Bilərik. Lakin məsələ bunda deyil, söhbət Moskva Bəyannaməsini imzalamaqdan və sonra öz imzasına tüpürməkdən gedir.

Aydın məsələdir ki, Soçi görüşü ərəfəsində Ermənistan rəhbərliyinin könlünü alırlar. Kimlərinsə Azərbaycanın könlünü almasına ehtiyac yoxdur və ümumiyyətlə, bunun mənası yoxdur. Biz müstəqil dövlətik, Ermənistan isə pişik kimidir – kim ona daha dadlı yem versə və daha səxavətlə yemləsə, onun yanına qaçır. İki sülh təklifinin müəllifləri – Vaşinqton və Moskva arasında Azərbaycan uğrunda deyil, Ermənistan uğrunda mübarizə gedir. Bu iki qütbün hər biri Ermənistanı öz tərəfinə çəkməyə çalışır. Yəqin ki, Rusiya kanalları tərəfindən atılan sümüklər də bununla bağlıdır. Lakin bağışlayın, bunu bizim hesabımıza nə üçün edirsiniz? Həm Rusiyanın dövlət kanallarının rəhbərliyi, həm də yuxarı instansiyadakılar aydın başa düşməlidirlər ki, keçmişə qayıdış olmayacaq. Nəinki bu gün, hətta separatistlər üçün ən yaxşı vaxtlarda da heç bir “DQR” olmayıb! O vaxt erməni işğalı müvəqqəti idi, bu gün isə bölgədə Rusiya sülhməramlı kontingentinin olması müvəqqətidir. Bütün bunlar müvəqqətidir. Bir məsələ labüddür – Qarabağ Azərbaycanın tərkibinə reinteqrasiya etməlidir və bütün bu fırıldaqçı saakyanlar, beqlaryanlar, babayanlar kimi eşitsinlər: “Tı kto takoy, davay, do svidaniya”.

Sosial şəbəkələrdə hələlik “sülhməramlı” Xankəndidə dalğalanan tetris bayraqlar və Azərbaycan Silahlı Qüvvələrinin bu şəhərə daxil olmasının “qeyri-mümkünlüyü” barədə sosial şəbəkələrdə istədiyiniz qədər lovğalana bilərsiniz. Lakin bütün bunlar müvəqqətidir. Belə isə, erməni revanşistlərə imzalanmış Bəyannamədə öz imzasının devalvasiyası bahasına saxta ümidlər verməyə dəyərmi?

Bu gün Rusiya dövlət kütləvi informasiya vasitələri həmin tarixi sənədi sabotaj etmək kursu götürüblər. Azərbaycan cəmiyyəti (xüsusən media sektoru) bilmək istəyir, indi özümüzü necə aparaq – qaydalara riayət edək ya yox?

İstənilən halda bu məsələdə, tanqo rəqsində olduğu kimi, birtərəfli hərəkətlər ola bilməz.

 Azərtac.az

Həmçinin oxuyun

“Müdrik qardaşım Patriarx Kirillə Azərbaycan xalqı adından minnətdarlığımı ifadə edirəm” – QMİ sədri

30 illik işğal dövründə Azərbaycanın Qarabağ torpaqlarında mədəni-mənəvi irs abidələrinə qarşı həyata keçirilmiş vandalizm aktlarını, …