Ana səhifə / Siyasət / “Azəriqazbank”dan prezidentə şikayət edildi

“Azəriqazbank”dan prezidentə şikayət edildi

“Bankın işçiləri özlərindən o qədər arxayındırlar ki, məhkəmələrdə belə iştirak etməkdən imtina edirlər”

Bakı şəhər sakini Namazova Sədaqət Hüseyn qızı  “Azəriqazbank”la bağlı redaksiyamıza şikayətlə müraciət edib. Onun sözlərinə görə, bankın əməkdaşları hər vasitəyə əl ataraq girov qoyulan evləri ələ keçirir, barələrində məhkəməyə şikayət etdikdə isə saymazyana şəkildə məhkəmələrdə iştirak etməkdən yayınırlar:
“2008-ci ildə iki nəfər ilə birlikdə mən də 4 otaqlı evimi girov qoyaraq “Azəriqazbank”dan 250 min dollar kredit götürdük. Bir il ərzində şəxsən mən banka 119 min 188 dollar ödəniş etdim. Ümumilikdə isə bizim tərəfimizdən banka 165 min dollar  pul daxil olmuşdu. 2010-cu ildə kredit müddətinin bitməsinə 6-7 ay qalmış  iki nəfər tərəfindən gecikdirmələr oldu. Nəticədə bizə bildirdilər ki, yerdə qalan borcumuz 158 min dollar gecikmələrə görə üstünə faiz gəldiyindən 240 min dollar olub. Nəticənin belə olacağını gözləmirdik. 240 min dollar açıq-aşkar şişirdilmiş rəqəm idi. Bununla bağlı bank rəhbərliyinə şikayət etdikdə “kimə istəyirsiz şikayət edin, sizin müraciətlərinizə heç kim baxmayacaq, evlərinizi isə əlinizdən alacağıq” cavabını aldıq.
Vəziyyəti belə görüb Nərimonov rayon məhkəməsinə müraciət etdik. Məhkəmə bizim borcumuzun 240 min deyil, 202 min 320 dollar olduğu və bunun tez  bir zamanda ödənilməsi üçün girov qoyulan evlərin hərraca çıxarılması barədə qərar qəbul etdi.
Beləliklə, digər iki şəxs kimi mənim də Məhəmməd Hadi 111 mənzi 102-də yerləşən 4 otaqlı evim hərraca qoyuldu. Qərar çıxan kimi elə həmin gün məni qətiyyətlə evdən çıxartdılar. Hətta adi bir paltarımı belə evdən çıxarda bilmədim.
Nəhayətdə evlər satıldı, lakin bizə heç bir qalıq təqdim edilmədi. Bununla bağlı Səbail rayon məhkəməsinə müraciət etdik. Məhkəmə bankın  hərrac işinin obyektiv aparılmadığı barədə qərar qəbul etdi. Lakin qarşı tərəf işi Apellyasiya Məhkəməsinə verdi. Apellasiya Məhkəməsindəki hakim işi təhlil etmədən, araşdırma aparmadan  Səbail rayon məhkəməsinin çıxartdığı qərarı ləğv edərək bankın xeyrinə qərar verdi. Bankın əməkdaşları açıq-aşkar bizə  bildirirdilər ki, məhkəmələrdə onlara dayaq duran şəxslər var.
Ali Məhkəməyə müraciət etdim. Qarşı tərəf məhkəmələrə gəlmədi, buna baxmayaraq məhkəmə çıxarılan qərarı qüvvədə saxladı.
Baş Prokurorluq yanında Korrupsiya İdarəsinə, Ombusdman Aparatına, Ədliyyə Nazirliyinə müraciət etdim. Lakin hələ ki, bir nəticə yoxdur.
Azyaşlı övladım var və mən onu tək kirayələrdə böyütməyə məcburam. Uzun-uzadı çəkən məhkəmələrə görə tibb bacısı işlədyim xəstəxandandan çıxmağa məcbur oldum. Mənə hazırda pensiyaya çıxan anam köməklik edir.
Qarşılaşdığım haqsızlıqla bağlı prezidentə də şikayət məktubu yazmışam. İnanıram ki, məktubum onun əlinə keçərsə haqq öz yerini tapacaq.
Sizin qəzetiniz vasitəsilə də prezidentə müraciət edirəm:
“Hörmətli prezident, “Azəriqazbank”ın əməkdaşlarının özbaşınalıqlarına yalnız siz son qoya bilərsiz. Bu haqsızlığı yerdə qoymayın”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın