Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Siyasət / Azərbaycanlı deputat: Dövlətə meydan oxuyan bu terrorçu niyə azadlığa buraxılıb?!

Azərbaycanlı deputat: Dövlətə meydan oxuyan bu terrorçu niyə azadlığa buraxılıb?!

Ötən gün Tbilisinin İsani-Samqor rayonunda, monarx Qabriel Salos prospekti №156 ünvanında cinayətkar qruplaşmanın üzvlərinin saxlanılması ilə bağlı xüsusi əməliyyat keçirilib. Bütün bu vaxt ərzində atışma gedib və güclü partlayış səsləri eşidilib. Əməliyyat nəticəsində cinayətkar qruplaşmanın bir üzvü saxlanılıb, 3 üzvü isə öldürülüb. Əməliyyat zamanı həmçinin Dövlət Təhlükəsizlik Xidmətinin bir əməkdaşı da həyatını itirib.

Baş vermis hadisə ilə bağlı müxtəlif versiyalar səslənib. Gürcüstan parlamentinin “Milli Hərəkat” partiyasından olan azərbaycanlı deputatı Azər Süleymanov ötən gecə Tbilisidə baş verənləri Sputnik Azərbaycan-a şərh edib.

“Bu antiterror əməliyyatı idi. 24 saatdan çox 3 terrorçu ilə atışma oldu. Təəssüflər olsun ki, bir xüsusi təyinatlı əsgərimiz dünyasını dəyişdi, bir neçə yaralımız oldu. Terrorçuların 3 nəfəri hadisə yerindəcə güllələnib, 1 nəfər də tutulub. Başqa versiyalar da. Biz də dövlətdən açıqlama gözləyirik. Bu gün başqa bir versiya da çıxıb ki, əməliyyatın aparıldığı evdə qadın və uşaq da olub” – deyən Süleymanov müxalifətçi millət vəkili olaraq baş verənlərin hələlik onlar üçün də sirr olaraq qaldığını bildirib.

O qeyd edib ki, bu terrorçuların, onların istifadə etdiyi silahların Tbilisiyə haradan və necə gəldiyinə aydınlıq gətirilməlidir:

“Dövlətin terrorla mübarizəyə məsul olan qurumu, antiterror qrupları var. Onlar terrorçuların istifadə etdikləri silahların, qumbaraların Tbilisiyə necə gəlib çıxdığına aydınlıq gətirməlidirlər. Onların Pankisidən necə gəlib paytaxta daxil olduqları barədə suallara cavab verməlidirlər.”

Verilən məlumatlara görə, 2016-cı ilin 28 iyununda İstanbul Atatürk Beynəlxalq Hava Limanında 47 nəfərin ölümü, 250-yə yaxın insanın yaralanması ilə nəticələnən terror aktının təşkilatçılarından biri olan “Təkqol” ləqəbli terrorçu Əhməd Receboviç Çatayev də ötən gün Tbilisidə keçirilən antiterror əməliyyatda öldürülüb. Azər Süleymanov onun Gürcüstan hökumətini hədələdiyini bildirib:

“Çatayev bir neçə ay bundan əvvəl Gürcüstandan tələb etmişdi ki, onun həbsxanada olan silahdaşı azad edilməsə, Gürcüstanın müxtəlif yerlərində terror aktları törədəcək. O, hesab edirdi ki, bu bəyanatdan qorxan turistlər Gürcüstana gəlməyəcək, dövlət də ona güzəştə gedəcək. Əlbəttə, dövlət terrorçulara heç bir halda güzəştə getməməlidir. Qəribədir ki, xüsusi xidmət orqanları 24 saat 3 terrorçu ilə mübarizə aparıb. Amma bu gün nə baş verdiyinə dair bir açıqlama verə bilmirlər. Saakaşvilinin (Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili-red.) vaxtında Çatayev uzunmüddətli həbsxanaya atılmışdı. Amma bugünkü hakimiyyət onu azadlığa buraxdı. Bizim bu gün dövlətə də sualımız var ki, Gürcüstan dövlətinə, əhalisinə meydan oxuyan bu cür terrorçuların azadlığa buraxılmasının səbəbi nə idi?”

Qeyd edək ki, Gürcüstanın DTX-sı bir tərəfdən antiterror əməliyyatı, digər tərəfdən isə təlim keçdiklərini açıqlayıb. Bu informasiyalar əhali arasında çaşqınlar yaradıb. “Antiterror əməliyyatı ilə DTX təlimlərinin eyni vaxta salınması nə dərəcədə məqsədəuyğun idi?” sualının cavabında Azər Süleymanov deyib ki, dövlət bu qarışıqlığa izahat tapa bilmir. O, DTX-nı bu cür proseslərə çevik reaksiya verə bilməməkdə və zəiflik nümayiş etdirməkdə günahlandırıb:

“Düzü xüsusi təyinatlıların belə önəmli məqamlarda zəif iştirakı bizi məyus etdi. Ötən gün baş verənlər insanları da şoka saldı. 24 saat ərzində paytaxt əhalisini, turistləri səksəkədə saxlamaq dövlət qarşısında çoxlu suallar doğurur. Dünən Gürcüstanın hər yerində terrorçularla bağlı axtarışlar başladı. Xəta baş verəndən, bu işlər başımıza gələndən sonramı tədbirlər görülməlidir?! Dövlət xəta baş verənə qədər çalışmalıdır ki, bu cür halların qarşısı alsın”.

Terrorçuların Tbilisiyə ayaq açmasında Rusiya XXO-nın rolunun olduğu barədə mediada səslənən versiyaları şərh edən Azər Süleymanov deyib:

“Əgər bu çeçen əsilli terrorçular Gürcüstan vətəndaşı deyillərsə, deməli, Rusiya vətəndaşıdırlar. Ona görə media “Rusiyanın barmağı” versiyasını irəli sürür. Bu işdə çoxlarını günahlandırmaq olar. Əgər Gürcüstanın paytaxtında Rusiya vətəndaşı olan dörd terrorçuya qarşı əməliyyat keçirilirsə, deməli, bunun müəyyən mənada Rusiyaya da dəxli var. Rusiyanın 4 vətəndaşı Gürcüstan paytaxtında təxribat törədirsə, Rusiyanın buna cavabı olmalıdır”.

Deputat bu cür hadisələrin Gürcüstanın başına ilk dəfə gəlmədiyini xatırladıb. Qeyd edib ki, Abxaziya və Osetiya kimi problemləri olan bir dövlət, onun xalqı bu cür hadisələrə hazır olmalıdır.

Artıq paytaxtda həyatın normal axarına döndüyünü vurğulayan deputat bu gün Gürcüstanda Georqoba (böyük din şəhidi sayılan Müqəddəs Georginin anadan olduğu gün Gürcüstanda dövlət bayram kimi qeyd olunu və qeyri-iş günü sayılır-red.) bayramının qeyd edildiyini xatırladıb.

Gürcüstanın daxili işlər naziri Georgi Qaxariya isə Tbilisdə keçirilən antiterror əməliyyatları ilə spekulyasiya etməməyə çağırıb.

Sputnik Gürcüstan xəbər verir ki, Qaxariya baş verənlərlə bağlı sakit araşdırma aparmağa vaxtlarının olduğunu deyib. “Heç kəsin baş verənlərlə bağlı interpretasiyalar etmək ixtiyarı yoxdur. Əlbəttə, biz hər şeyi müzakirə edəcəyik. Lakin nə qədər ki, araşdırmalar, ekspertiza başa çatmayıb, yersiz müzakirələrdən çəkinmək lazımdır” – deyə Qaxariya jurnalistlərə bildirib. O, DTX əməkdaşının ölümünə görə təəssüfləndiyini deyib: “Bu, çox böyük itkidir. Onu daim xatırlamaq və öz həyatını qurban verdiyi işləri davam etdirmək bizim borcumuzdur.”

Gürcüstanın baş naziri Georgi Kvirikaşvili isə paytaxtda baş verən xüsusi əməliyyat barədə deyib ki, Tbilisi sakinlərini heç bir təhlükə təhdid etmir. O, ekspertləri və siyasətçiləri spekulyasiyalardan qaçmağa çağırıb.

Qeyd edək ki, Çatayev 2015-ci ildə BMT-nin qərarı ilə terrorçu kimi tanınıb və terror təşkilatları ilə əlaqəsi olan şəxslərin siyahısına salınıb.

O, bu yaxınlarda Gürcüstan hakimiyyətinə məktub yazaraq silahdaşı Ayuf Borçaşvilinin azadlığa buraxılmasını tələb edib. Əks təqdirdə Gürcüstan ərazisində terror aktları törədəcəyini və bununla da turistlərin bu ölkəyə gəlişini əngəlləyəcəyini bildirib.

Ötən gün keçirilən əməliyyatlarda o və iki silahdaşı öldürülüb, digər terrorçu ilə yaralı surətdə ələ keçirilib. Xüsusi xidmət orqanlarının bir əməkdaşı ölüb, ikisi yaralanıb. Əməliyyatın gedişində yaralanan şəxslər arasında DİN-in Xüsusi Tapşırıqlar Departamentinin iki əməkdaşı da var.

Həmçinin oxuyun

“Putin əslində Rusiya üçün balansı nəzərdə tutur”

“Rusiyan Prezidenti Vladimir Pitin dünən Qarabağla bağlı açıqlama verib. Sayca bu, onun ikinci açıqlamasıdır. Ümumiyyətlə, …