Cümə , Yanvar 22 2021
Ana səhifə / Siyasət / Azərbaycanın yüzillik soyqırım tarixi ermənilərin saxta yüzilliyinə kəskin əks-reallıq kimi…

Azərbaycanın yüzillik soyqırım tarixi ermənilərin saxta yüzilliyinə kəskin əks-reallıq kimi…

“Tarixi keçmişimizin daha yaxşı öyrənilməsinə və erməni saxtakarlıqlarının, vəhşiliklərinin ortaya çıxmasına köməklik göstərəcək”

Əpoş Vəliyev: “Bu iki hadisə arasında paralellər aparanda görünür ki…”

Prezident İlham Əliyev 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər.

Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 100 il bundan əvvəl – 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirmiş, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçirmişlər.

Azərbaycan Xalq Cumhuriyyətinin hökuməti ermənilərin törətdikləri ağır cinayətlərin araşdırılması üçün Fövqəladə İstintaq Komissiyası yaratmış, komissiyanın üzə çıxardığı həqiqətlərin xalqın yaddaşında hifz edilməsi və dünya ictimaiyyətinə çatdırılması üçün bir sıra tədbirlər görmüşdür. Lakin Xalq Cumhuriyyətinin süqutundan sonra bu proses dayandırılmış, baş verənlərin sona qədər təhqiq edilməsinin və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alınmışdır. Yalnız 80 il sonra – 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilmiş və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir.

Ötən 20 il ərzində aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanmış, Quba şəhərində kütləvi məzarlıq aşkar olunmuşdur. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut etmişdir.

Sərəncamda erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına 1918-ci il azərbaycanlıların soyqırımının yüzüncü ildönümünə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılıb. Azərbaycan Respublikasının Milli Məclisinə isə soyqırımın 100 illiyi ilə bağlı xüsusi iclasın keçirilməsi tövsiyə edilib. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək həvalə olunub.

Ölkə başçısı tərəfindən imzalanan bu sərəncamım ölkəmiz, dövlətçiliyimiz üçün nə kimi tarixi əhəmiyyəti ola bilər?

AMEA-nın əməkdaşı, gənc alim Əpoş Vəliyev qəzetimizə bildirdi ki, 1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir: “Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir. “Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin qəsbkar torpaq iddialarını pərdələmişlər. 1918-ci ilin mart ayından etibarən əksinqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunub. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilib. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər.

Tarixdə müxtəlif soyqırım hadisələri baş verib. Bu soyqırım hadisələri “Genosid cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında” Konvensiyanın təsnifatına, əhatə dairəsi və həyata keçirilmə formasına görə bütün dünya ölkələri tərəfindən qəbul olunur. Bəşəriyyət bir millətin məhz etnik mənsubiyyəti səbəbindən nifrət əsasında tamamilə yer üzündən silinməsi kimi faktlara hər zaman kəskin etirazını bildirir. Lakin bəzi hallarda həqiqi soyqırımı xarakteri daşımayan, yalnız siyasi-geostrateji maraqlara söykənən hadisələri də genosid adı altında təqdim etmək cəhdlərinə rast gəlinir. Uydurma “erməni soyqırımı” kimi.

Hər il dünya erməniləri 24 aprel tarixində bütün sivil cəmiyyətlərin diqqətini 1915-ci ildə Osmanlı imperiyası ərazisində baş verən proseslərə yönəltməyə və Türkiyənin əleyhinə olan qüvvələrə satqıncasına xidmət göstərən erməni təşkilatlarının bağlanması faktlarını genosid kimi təqdim etməyə səy göstərirlər. Ancaq istər tarixi arxivlər, istərsə də bugünkü proseslər erməni tərəfinin iddialarının əsassız olduğunu sübuta yetirir. Bilirsiniz ki, bir neçə il bundan əvvəl ermənilər də qondarma “soyqırımlarının 100 illiyi”ni qeyd etdilər. Bu iki hadisə arasında paralellər aparanda görünür ki, bizim xatirəsini ehtiramla anacağımız soyqırım ermənilərin iddia etdiyindən mahiyyət etibarilə çox fərqlənir. Biz həqiqətə, tarixi sübut və dəlillərə əsaslanaraq bu tarixi anırıq. Ermənilər isə saxtakarlıq etməklə diqqəti özlərinə cəlb edirlər. Bu baxımdan da ölkə başçısının imzaladığı sərəncamı yüksək qiymətləndirirəm. Hesab edirəm ki, bu sərəncamdan irəli gələn tələblərə riayət olunması tarixi keçmişimizin daha yaxşı öyrənilməsinə və erməni saxtakarlıqlarının, vəhşiliklərinin ortaya çıxmasına köməklik göstərəcək”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Baydendən ilk tələb: “Əliyev və Ərdoğana qarşı sanksiya…” (VİDEO)

Qarabağ müharibəsində böyük itkilər verərək məğlub olan Ermənistan Co Bayden Prezident kimi fəaliyyətinə başlayar-başlamaz Amerikadakı …