Şənbə , İyul 24 2021
Ana səhifə / Siyasət / “Azərbaycanın KTMT-yə üzv olması gündəmdə deyil, amma…”

“Azərbaycanın KTMT-yə üzv olması gündəmdə deyil, amma…”

Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakı məsələsi bir neçə gündür müzakirə edilir. Hətta bu məqsədlə təşkilatda “tərəfdaş ölkə” institutu yaradılması təklif olunduğu da deyilir.

Ölkə müxalifəti bunu müstəqillik üçün təhdid hesab edir. Hətta bəziləri “iddia edilir ki, 10 noyabr Bəyanatından sonra Rusiya Azərbaycanın Avrasiya İqtisadi İttifaqı və KTMT-yə qoşulması məsələsini qaldıracaqdı və artıq bu proqnozlar özünü doğruldur” kimi fikirlər səsləndirir.

Bəzi ekspertlərin dəyərləndirməsinə görə, 10 noyabr bəyanatı və onun davamı olan 11 yanvar 2021-ci il tarixli razılaşma Azərbaycanın Avrasiya inteqrasiya layihələrinə qoşulmasının bir növ, yol xəritəsidir. Amma ortada daha ciddi fakt var: Azərbaycan NATO üzvü olan Türkiyə ilə Şuşa Bəyannaməsi imzalayıb. Ondan öncə də ciddi siyasi-hərbi-diplomatik yaxınlaşma olub iki ölkə arasında. Və Türkiyə vasitəsilə Azərbaycanın NATO-ya inteqrasiya prosesinin başladığı deyilir.

Bu iki ziddiyyət necə izah edilir?

Əziz Əlibəyli: “Üç cəbhə açmaqla düşməni məhv etmək olar” - MÜSAHİBƏ

Əziz Əlibəyli: “Bu qurumda müşahidəçi qismində Pakistanla birlikdə təmsil olunmağımız milli maraqlara heç bir zərbə vura bilməz”

Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli “Yeni Müsavat”a dedi ki, Azərbaycanın bu məsələlərlə bağlı mövqeyi konkretdir: “Bu qurumların heç birinə üzvlüyümüz müzakirə mövzusu deyil. Sadəcə hər iki qurumda müşahidəçi statusunda təmsil olunmamız normal bir prosesdir. KTMT-də müşahidəçi qismində Pakistanla birlikdə təmsil olunmağımız milli maraqlara heç bir zərbə vura bilməz. Dünyada başqa proseslər gedir. Xarici siyasətimiz Türkiyənin xarici siyasəti ilə eynilik təşkil edir. İndi tamamilə yeni bir situasiya yetişib və burada KTMT-yə üzvlük məsələsi müzakirə mövzusu deyil. Rusiyanın özünün ciddi problemləri var. Kreml böhranlı vəziyyətdən keçir. Dünyanın müxtəlif yerlərində olan mövqelərini getdikcə itirməkdədir. Bir sözlə, Rusiya üçün təhlükəli gələcək görünür”.

Azər Hüseynov: “Azərbaycan MDB-yə girəndə də eyni söz deyilirdi, amma…”

Siyasi şərhçi Azər Hüseynov BMT-yə Azərbaycan üzv olduğu zamanlar da buna bənzər durumun yaşandığını söylədi: “Bu sual düşündürücüdür. Azərbaycan MDB-yə girəndə də eyni söz deyilirdi. Amma gördük ki, MDB-də olmağımız çox faciələri önlədi. İkincisi, lap tərəfdaş ölkə olsaq nə olacaq ki? Biz bir çox təşkilatda buna oxşar formatda varıq. Mən demirəm gedək bu təşkilata girək. Sadəcə, emosiyaya qapılmaq olmaz. Amma balans amillərini düzgün qurmaq lazımdır. Türkiyənin bölgədə hərbi siyasi iştirakını artırmaq lazımdır. Daxildə türk-islam ülküsündə olanların güclənməsi dövlət dəstəyi almalıdır. Bölgədə beynəlxalq investisiya artmalıdır ki, qarant güclər artsın. Bir də biz hər şeyə Avroatlantik eynəklə baxmamalıyıq. Sosial rifah, regional hərbi üstünlük, tarixi bağlılıq və milli miras dövləti qurmalıyıq. Bunun üçün taktiki olaraq çox yerlərdə keçici olaraq ola bilərik. Amma bir şərtlə daxilən milliləşək. Əks halda, istənilən inteqrasiya bizi udar”.

Qabil Hüseynli: “Ruslar yanılır, Türkiyə Qafqaza həmişəlik gəlib” »  Reyting.az

Qabil Hüseynli: “Hər hansı bir təşkilata filan qoşulmamız söz konusu deyil”

Sabiq dövlət müşaviri Qabil Hüseynli hesab edir ki, hazırda Azərbaycanın hansısa bir təşkilata üzv olması istiqamətində danışıqlar getmir: “Hələ Avrasiya Birliyi ideyası da var. Duqin kimi siyasətçilər illər öncə belə fikirlər irəli sürürdülər. Onda KTMT o qədər də populyar deyildi. Bilmirəm indi Rusiya tərəfi hansı arqumentlərə söykənib deyir ki, guya Azərbaycan torpaqlarını azad edərkən onun üçün lazımi şəraiti yaradıb və öz tərəfindən lazım olunan işləri görüb, növbə indi Azərbaycanındır. Bununla rəsmi Bakını ya KTMT, ya da Avrasiya İttifaqı istiqamətində müəyyən addımlar atmağa təhrik etmək istəyirlər. Guya Azərbaycan və Pakistan KTMT-də ”tərəfdaş ölkə” statusuna iddialıdırlar. Rus mətbuatında belə bir şeylər yazılır. Rusiya bunu II Qarabağ savaşında bitərəf qalması müqabilində edirsə, nəzərə alaq ki, heç də bitərəf qalmadılar. Bunu hər kəs gördü. 44 günlük savaş günlərində Kreml demək olar ki, hər gün Ermənistana çoxlu sayda, hətta 500 ton həcmində dəyərləndirilən silah-sursat göndərdi. Onların bəziləri İran aeroportu ilə edildi. Təyyarə ilə birbaşa İrəvana göndərilmə də oldu. Hələ müharibədən öncə KTMT adı altında rus və erməni hərbçilərinin birlikləri belə yaradıldı. Həmin birliklər vasitəsilə bizə qarşı döyüşürdülər. Ən azından elektron hava hücumlarından müdafiə qurğularını idarə edirdilər. Sabiq müdafiə naziri David Tonoyan nazir olduğu vaxt qəzetə demişdi ki, biz hər gün Soyqu ilə hərbi əməliyyatların gedişi barədə məsləhətləşir və Rusiyadan lazımi tövsiyələri alırıq. Əməkdaşlığın qaşı-gözü olmur ki. Bizim Rusiyaya borcumuz yoxdur. Müharibə günlərində biz sizə hücum etmədik-filan məntiqi ilə hərəkət etsək, unutmamalıyıq ki, Ermənistana yardım olunub. Bizə minnət qoymağa heç bir əsas yoxdur. Türkiyə olmasaydı, nə təxmin ediriksə, olacaqdı. Sadəcə, qardaş ölkə faktoruna görə özlərini belə aparmağa məcbur oldular. Çünki müdaxilə olardısa, Türkiyə qoşunlarını işə salacaqdı. Hələ Azərbaycanın KTMT-yə qoşulması real görünmür. Azərbaycanın NATO ilə əməkdaşlığı məsələsi ortalıqda var. Amma bu da hələ real görünmür. Üstəlik, Azərbaycan Qoşulmama Hərəkatının sədridir. Fəaliyyətimizin hələ bir ildən çox davam etməsi gözlənilir. Bunların fonunda hər hansı bir təşkilata-filan qoşulmamız söz konusu deyil”.

Həmçinin oxuyun

Prezident Vilayət Quliyevlə bağlı sərəncam imzaladı

Vilayət Muxtar oğlu Quliyev Azərbaycan Respublikasının Macarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. …