Şənbə , Sentyabr 25 2021
Ana səhifə / Siyasət / Azərbaycanı daha kim neytral dövlət hesab edir?..

Azərbaycanı daha kim neytral dövlət hesab edir?..

Bəli, ən müxtəlif informasiya mənbələrinin xəbərlərinə görə, ABŞ nəşrləri bir neçə dəfə ABŞ və Rusiya prezidentlərinin mümkün görüş yeri kimi Bakının da adını hallandırıblar.
Əlbəttə, bir politoloqun və yaxud da təhlilçinin fikri, hətta bütöv bir nəşrin mövqeyi hələ heç nə demək deyil, bu cür hipotezlər doğru çıxa da bilər, çıxmaya da. 
Mühüm olanı budur ki, Azərbaycanın hərbi-siyasi seçimi, eləcə də Bakının bu cür yüksək görüşlərin keçirilməsi üçün zəruri sosial-siyasi infrastruktura malik olması getdikcə daha çox mütəxəssisdə etibar və etimad doğurur. 
Biz buna hələ bundan xeyli əvvəl, Rusiya və NATO generalları görüş yeri kimi Bakını seçərkən əmin olmuşduq. Son hadisələr bir daha belə deməyə əsas verir ki, biz heç də yanılmamışıq.
Amma əksər müşahidəçilər belə hesab edir ki, son vaxtlarda vəziyyət bir qədər fərqli məzmun alıb.
Bəli, əvvəllər Azərbaycan ərazisində Rusiyanın qoşunları olmayan yeganə Cənubi Qafqaz ölkəsi idi. Bəzi təhlilçilərin fikrincə, hazırda vəziyyət bir qədər dəyişib, belə ki, Dağlıq Qarabağda Rusiyanın hərbi sülhməramlıları yerləşdirilib. Amma hesab edirik ki, burada bəzi məqamlara aydınlıq gətirmək lazımdır və biz indi buna cəhd edəcəyik.
Birincisi, Azərbaycan ərazisində yalnız məhdud sülhməramlı kontingent yerləşdirilib. Bu baxımdan Azərbaycanın hərbi-siyasi palitrası ciddi şəkildə Gürcüstandakı vəziyyətdən fərqlənir – Dağlıq Qarabağdakı sülh missiyalı kontingent hərbi baza statusuna malik deyil və heç kim ona bu statusu verməyib.İkincisi, Dağlıq Qarabağdakı rus sülhməramlılarının burada qalma müddəti münaqişə tərəflərinin razılığı ilə müəyyən olunacaq və onlardan birinin etirazı kifayət olacaq ki, sülhməramlılar bölgəni tərk etsinlər. 
Bundan başqa, Azərbaycan “Rusiya NATO”-sunun, yəni KTMT-nın üzvü deyil və bu amil, bir də NATO ilə bağlı Bakının uzaq planlarının olmaması Azərbaycanı Gürcüstandan fərqli bir rakursda təqdim edir –bizim NATO-ya üzv olmaq planlarımız yoxdur, üstəlik, hal-hazırda Bakı Qoşulmayanlar Hərəkatında sədrlik edir.
Əlbəttə, biz tələsik nəticələrə meyl etməyin tərəfdarı deyilik. Əgər Rusiya və ABŞ prezidentləri arasında görüş olarsa, bu, böyük ehtimalla digər bir şəhərdə baş tutacaq. 
Amma ABŞ və Avropa ölkələrinin dövlət və hökumət başçıları nə vaxtsa vicdanları qarşısında hesabat verməli və bir suala cavab verməli olacaqlar: “Biz Azərbaycanın və digər postsovet ölkələrinin Rusiyadan asılılığının azalması üçün imkanımızda olan hər şeyi etdikmi?”
Düşünmürük ki, onlara bu suala cavab vermək asan olacaq. Xatırlayırıq ki, yenidənqurmanın axır illərində belə şaiyələr gəzirdi ki, ABŞ SSRİ-dən yalnız Baltik respublikalarının azad olmasını tələb edir. Bu baxımdan ABŞ və Avropa ölkələri üç Baltik respublikası üçün hər şeyi etdilər, onları NATO-ya və Avropa İttifaqına üzv etdilər. Qalanlar, digər post-sovet ölkələrinə isə öz səyləri və bir də şərait yardımçı oldu.
Əgər Azərbaycana qayıtsaq, xatırlamaq yetər ki, ABŞ Azəbaycana qarşı ən həlledici məqamda 907-ci düzəlişi qəbul etdi. Bəli, Bakının istiqlal və demokratiya səylərinə rəğmən, ABŞ biabırçı düzəlişi qəbul etdi və hələ də ondan dəyənək kimi istifadə edir.
Hazırda da eyni mənzərə hökm sürür. ABŞ və Fransa on illərlə Dağlıq Qarabağ problemini həll etmək üçün, hətta qismən həll etmək üçün belə, əllərini əllərinin üstünə qoymadılar. Bunu Azərbaycanın özü etdi və demək olar, bircə ayın içində problemi həll etdi. Amma bunun qarşılığında Yelisey sarayından ən müxtəlif xəbərlər gəlir: gah Fransa Senatı Dağlıq Qarabağdakı sülh prosesini pisləyən “qətnamə” qəbul edir, gah da qondarma DQR-i tanımaqla hədələyir!..
Beləliklə, Paris daim müstəqil siyasət yürütməyə çalışan Bakını yox, Rusiyanın əlaltısı və ya vassalı olan İrəvanı dəstəkləyir. Burada hansısa bir məntiq varmı? 
Biz o qədər də sadəlövh deyilik ki, beynəlxalq siyasət adlanan çirkabda məntiq axtaraq – ABŞ və Fransa siyasətçiləri bununla özlərinin daxildəki problemlərini həll etməyə, erməni əsilli seçicilərinin qarşısındakı öhdəliklərini yerinə yetirməyə çalışırlar. Amma hanı dünya siyasətinə Vudro Vilson tərəfindən gətirildiyi iddia olunan siyasi əxlaq və ya prinsiplər? Harada qaldı, nə tez unuduldu Uinston Çerçillin Filton nitqində bəyan etdiyi tezislər?.. 

Hüseynbala Səlimov

Həmçinin oxuyun

Hikmət Hacıyev İranın xarici işlər nazirinin müavini ilə görüşdü

“İran İslam Respublikası xarici işlər nazirinin ikitərəfli və regional məsələlər üzrə müavini Dr. Seyid Səccadpurla …