Ana səhifə / Siyasət / Azərbaycanı dəstəkləyən görünməz güc – TƏHLİL

Azərbaycanı dəstəkləyən görünməz güc – TƏHLİL

“Prezident Əliyevin geosiyasi məharəti və bacarığı məhz bundan ibarət oldu ki, mürəkkəb geosiyasi oyunda Azərbaycanın maraqlarına cavab verən məqamı dürüst və vaxtında müəyyənləşdirdi”.

Bunu politoloq Elşən Manafov yazıb.

Ekspert Ermənistan-Azərbaycan münaqişəsi ətrafında gedən geosiyasi proseslərin pərdəarxası məqamlarına diqqət çəkib:

“Dağlıq Qarabağda hərbi əməliyyatlar başlandıqdan sonra digər Qərb dövlətləri ilə müqayisədə İngiltərənin kifayət qədər loyal mövqeyi siyasətçilərin diqqətindən yayınmadı. Təsadüfi deyil ki, hərbi əməliyyatların ikinci günü Britaniya Baş naziri Conson Türkiyə Prezidenti Ərdoğana zəng etmişdi. Bu, o zaman baş verdi ki, Türkiyə başlamış savaşla bağlı rəsmi mövqeyini açıqlamışdı.

Tərəflərin nə barədə danışdığı haqda yetərli məlumat yoxdur. Amma “Mİ 6”nın (İngiltərənin kəşfiyyat xidməti) direktoru Riçard Murun Ərdoğanla Londonda apardığı danışıqlar, BP-nin lobbiçi movqeyi və sair göstərir ki, Britaniya müharibənin ilk günlərindən gedən prosesdə yer alıb.

Üstəgəl, ermənipərəst siyasətçi Baronessa Koksun parlamentdə Dağlıq Qarabağla bağlı müzakirələrə başlamaq cəhdləri dərhal zərərsizləşdirildi.

Məlumdur ki, Aralıq dənizinin şərqindəki Türkiyə-Yunanıstan gərginliyində Fransa və ABŞ Afinanın yanında yer alır. Britaniya Donanması isə sentyabrın 31-də dünyanın gözü qarşısında türklərlə hərbi təlim keçdi. Ardınca Londona gedən Müdafiə naziri Hulusi Akar iki ölkə arasında tarixi əlaqələrə diqqət çəkdi və tərəfləri bir-birinə tarixi müttəfiqlik münasibətlərinin bağladığını dedi”.

Elşən Manafov qeyd edib ki, Ermənistana qarşı apardığımız savaşda qələbəmizi təmin edən amillər arasında İsrail və Türkiyə Pilotsuz Uçan Aparatları (PUA) ilə yanaşı, Ankaradan aldığımız ingilis dronları da rol oynayıb:

“Avropadakı anti-Türkiyə ovqatı aysberqin görünən tərəfidir. Əslində isə Avropa İttifaqının qapılarının açari Türkiyənin əlindədir. Suriyadakı bulanıq sudan balıq tutmaq istəyənlərin də istəkləri baş tutmadı. Ərdoğan 3.5 milyon Suriya qaçqının üzünə qapıları açmaq hədəsi ilə avropalılara özlərini yaxşı aparmağı tövsiyə edir, əks halda, Avropaya böyük axın qitəni çökdürə bilər.

Qarabağda baş verənlərə gəldikdə, müharibənin qızğın fazası Trans-Atlantik kəmərinin işə düşməsi dövrünə təsadüf etdi. Üstəgəl, Türkiyə “Mavi Axın”la Rusiyadan aldığı qazın nəqlini kifayət qədər məhdudlaşdırır. Çünki Trans-Atlantikdən sonra buna əvvəlki qədər ehtiyac qalmır. Beləliklə, ingilislərin siyasəti Rusiyanın bölgədəki enerji bazarını daraldır.

Baş verənlərə diqqət etsək, Fransanın narahatlığını da anlamaq olar. Çünki Fransanı Türkiyə vasitəsilə bölgədən sıxışdırmaqla kifayətlənməyən İngiltərə onu türklərin silah bazarından da sıxışdırmağa nail oldu. Türkiyə öz hərbi silah-sursatının 60%-ni ABŞ-dan alırdı, ikinci yerdə isə Fransa qərar tutmuşdu, indi bu yerdə ingilislər möhkəmləndilər”.

Politoloq qeyd edib ki, İngiltərə Ərdoğana “Osmanlı layihəsi”nin reallaşmasında kömək edəcəyini bildirməklə, Cənubi Qafqaz, Liviya və Suriyada yeni gəlişmələrin əsasını qoyur.

Elşən Manafov bölgədəki qarışıq geosiyasi durumdan Azərbaycanın uğurla çıxmasına da diqqət çəkib:

“Bütün bunlarla yanaşı, Prezident Əliyevin geosiyasi məharəti və bacarığı məhz bundan ibarət oldu ki, mürəkkəb geosiyasi oyunda Azərbaycanın maraqlarına cavab verən məqamı dürüst və vaxtında müəyyənləşdirdi. Başqa sözlə, Əliyevin ağıllı gedişləri ilə bir güllə ilə iki deyil, bir neçə dovşan vurmağa nail olduq”.

Həmçinin oxuyun

General Muradovun göstərişi icra olunmadı – Gərginlik

Azərbaycanın Xocavənd şəhərində erməni faşistlərinin lideri Qaregin Njdenin büstünün götürülməsi cəhdi baş tutmayıb. Modern.az Ermənistan …