Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Azərbaycanda “ölü” müəssisələri kimlər alır? – TƏHLİL

Azərbaycanda “ölü” müəssisələri kimlər alır? – TƏHLİL

Artıq “yük”dən azad olmağa çalışan dövlət qurumları arasında ilk yerləri “Azərbaycan Dəmir Yolları” və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” tutur

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yanvarın 10-da növbəti əmlak hərracı keçirəcək. Həmin gün daha 20 səhmdar cəmiyyətin səhmlərinin 30-45 faizlik hissəsi satışa çıxarılacaq. Onların yalnız biri Bakıda, qalanları bölgələrdə yerləşir. Özəlləşdiriləcək səhmdar cəmiyyətlərin sırasında “Ağsu Sənaye İnşaat”, “Azinterservis”, “Bərdə Dəmir Beton-9”, “Beyləqan Buzxana”, “Lənkəran Taxıl”, “Xəzər Avtonəqliyyat” kimi şirkətlər də var. Pul hərracında qanunvericiliyə müvafiq olaraq, alıcı hesab edilən, sifarişi və digər zəruri sənədləri təqdim etmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. Onlar almaq istədikləri şirkətin səhmlərinin ilkin satış qiymətinin 10 faizi məbləğində beh ödəməlidirlər.

Sifarişlər ƏMDK Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Nərimanov rayonu, Z.Xəlil küçəsi, 11 ünvanında saat 9:00-dan 18:00-a qədər) və yaxud komitənin e-emdk.gov.az elektron xidmətlər portalı vasitəsilə hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək qəbul olunacaq. Məlumat dərc olunduğu gündən hərracda iştirak etmək arzusunda olan fiziki və hüquqi şəxslər səhmləri satışa çıxarılan müəssisələr barədə zəruri məlumatlarla komitənin privatization.az portalında və emissiya prospektləri (özəlləşdirmə planları) ilə Hərracların Təşkili üzrə Auksion Mərkəzində tanış ola bilərlər (fins.az).

Qeyd edək ki, vaxtaşırı olaraq, Dövlət Komitəsi müxtəlif ASC-lərin səhmlərinin və dövlət obyektlərinin hərraca çıxarılması ilə bağlı məlumatlar açıqlayır. Zaman-zaman bəzi iqtisadçılarla söhbətlərimizdə, hərraca çıxarılan obyektlərinin çoxunun “ölü müəssisə” olduğu bildirilir və bu hərraclara sahibkarlar tərəfindən ciddi maraq göstərilmədiyi ifadə olunur. Qafqaznews olaraq, hərraca çıxarılan müəssisələrin əksəriyyətinin həqiqətən də “ölü” olub-olmadığını öyrənmək istədik.

Məsələn, Qafqaznews-un privatization.az portalından əldə etdiyi məlumata görə, “Azərsu” ASC, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, “Azərbaycan Dəmir Yolları” QSC, “Azərenerji”, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC kimi dövlət qurumlarının müxtəlif müəssisə, təsərrüfat və obyektləri tədricən hərraca çıxarılıb.

Təkcə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin tərkibində olan radiomərkəz binası, uşaq bağçaları, istirahət evləri və pioner düşəgələri kimi obyektləri hərraca çıxarılıb. “Azərbaycan Dəmir Yolları” QSC isə aşağıdakı “yük”lərdən azad olmağa çalışır: Bakı Vaqon Təmiri Zavodu, Bakı Dəmir Yolu Vağzalının mehmanxanası, Lokomotiv İdman Sağlamlıq Mərkəzinin əmlakı, 1 nömrəli İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsinin əmlak kompleksi, Qızılca Qırmadaş Zavodu, Gəncə Dəmir Yolu Vağzalının mehmanxana kompleksi, Bakı Dəmir Yolu Xəstəxanası, Əncirli Uşaq Dəmir Yolu Xəstəxanası, Mərkəzi Dəmir Yolu Xəstəxanası, 1 nömrəli Bakı Dəmir Yolu Poliklinikası, 2 nömrəli Bakı Dəmir Yolu Poliklinikası, Kürdəmir Dəmir Yolu Ambulatoriyası, Lənkəran Dəmir Yolu Ambulatoriyası, Ucar Dəmir Yolu Ambulatoriyası, Xaçmaz Dəmir Yolu Ambulatoriyası, Yevlax Dəmir Yolu Ambulatoriyası, Gəncə Dəmir Yolu Xəstəxanası, Hacıqabul Dəmir Yolu Xəstəxanası, İmişli Dəmir Yolu Xəstəxanası, Ələt Dəmir Yolu Xəstəxanası, Salyan Dəmir Yolu Xəstəxanası, “Lokomotiv” istirahət düşərgəsi və s.

Bəlkə də, dövlət təşkilatları artıq yüklərdən azad olmağa çalışırlar, lakin bu müəssisələrin “dirilməsi” hərrac yox, uzunmüddətli icarələr və investisiya yatırımları cəlb etməklə də baş tuta bilməzdimi?

bez-nazvaniyaSabiq deputat, iqtisadçı alim Nazim Bəydəmirli hesab edir ki, dövlət obyektlərini satışa çıxarmaq doğru deyil: “Vaxtaşırı olaraq, müxtəlif dövlət təşkilatlarının özəlləşdirilməsi kimi fikirlər səsləndirilir. Mən bunun əleyhinəyəm. Hansısa dövlət obyektlərini də dəyər-dəyməzinə hərraca çıxarmaq məqsədəuyğun addım deyil. Müəyyən investisiya müsabiqələri elan oluna bilər və ayrı-ayrı müəssisələri uzunmüddətli icarə şəklində ayrı-ayrı investorlar götürüb işlədə bilərlər”.

O, səhmləri satılan bir sıra səhmdar cəmiyyətlərin də ciddi əhəmiyyət daşımadığını bildirdi: “Onların əksəriyyəti “ölü” müəssisələrdir və ya 1990-cı illərdəki özəlləşdirmələr zamanı müəssisələrin çoxu SSRİ dövründən rəhbərlikdə olan“qırmızı” direktorların məmurlarla işbirliyi nəticəsində mənimsənilib. Mən özüm bir səhmdar cəmiyyətin 30 faiz pay sahibiyəm, amma illərdir ki, divident ala bilmirəm. Bu cür hərraclardan ən çox “qırmızı” direktorlar və onların arxasında duran məmur-oliqarxlar faydalanırlar.

Müəyyən qruplar, oliqarxlar var ki, ayrı-ayrı dövlət əmlaklarını ələ keçirməyə çalışırlar”. İqtisadçı alim Oqtay Haqverdiyev isə hesab edir ki, hərraca çıxarılan müəssisələrin çoxu dövlət təşkilatları üçün artıq yük olan və pul “yeyən” müəssisələrdir.1425324309_11411192503

Onun fikrincə, “Azərbaycan Dəmir Yolları” QSC ancaq dəmiryolları ilə məşğul olmalıdır: “Xəstəxana və istirahət mərkəzləri isə ayrı-ayrı maraqlı şəxslər, sahibkarlar tərəfindən özəlləşdirilə bilər. Elə obyektlər var ki, onların fəaliyyətini bərpa etməyin mənası yoxdur, amma qiymətli olan onun yeridir. Mən düşünmürəm ki, məmurlar “ölü” müəssisələri hərrac yoluyla ələ keçirməkdə maraqlı olarlar. Hərracın nə qədər şəffaf gedəcəyinə gəldikdə isə… Vaxtaşırı mətbuata məlumat verilir, hərracların tarixi və sair detallar açıqlanır. Amma hərracın nə dərəcədə obyektiv və şəffaf keçirilməsi artıq məmurlarımızın vicdanına qalıb”.

1474272007Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov isə “ölü” müəssisələr fikri ilə razılaşmır. “Niyə ki… Bir çox müəssisələr qismən və ya tam fəaliyyət göstərir. Düzdür, bəzi müəssisələr var ki, onların investisiyaya ehtiyacı var, amma onlar da lazımi infrastrukturla təmin olunub. Hərrac kifayət qədər şəffaf keçirilir və istər yerli, istər xarici investorlara bərabər şərait yaradılır. Məqsəd ondan ibarətdir ki, iqtisadiyyatın bütün sahələrində inkişaf getsin, sahibkarlıq dirçəlsin. Diqqət etsəniz, siyahıda bütün sahələrə aid müəssisələr tapa bilərsiniz”.

O, əsasən oliqarxların hərracdan faydalanması fikriylə də razı olmadığını bildirdi: “Hərraclarda iri şirkətlər də iştirak edir, xırda sahibkarlar da, sadə vətəndaşlar da… Bu prosesdə hər kəs eyni şərtlər çərçicəsində iştirak edə bilər”.

Qulu Xəlilovun sözlərinə görə, artıq satışa çıxarılan müəssisələrin yarısından çox satılıb: “İlin sonunda ictimaiyyətə geniş hesabat təqdim olunacaq”.

 

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın