Cümə , Oktyabr 23 2020
Ana səhifə / Siyasət / Azərbaycanda məmurlar ömürlük toxunulmaz olmaq istəyir

Azərbaycanda məmurlar ömürlük toxunulmaz olmaq istəyir

Vəzifədən azad edilən, kabinetindən həbsxanaya qandallanıb aparılan məmurların qara günləri həm də onlara qarşı həmin andan böyük ictimai etirazlarla  başlayır. Məmur vəzifədə olan zaman onun qanunsuzluqlarına qarşı danışmayan, susan insanlar elə ki, o, vəzifəsini itirdi, yaxud həbs edildi, danışmağa başlayırlar.

Bəzən isə ortaya çıxıb özünü guya hamıdan ağıllı və guya ədalətli göstərməyə cəhd edənlər də olur. Belələri sosial şəbəkələrdə yazırlar ki, vəzifədən  gedən məmurun arxasınca  danışmazlar. Bəs bu cür yanaşma düzgündürmü?  Məmur yeyib-dağıtsın, səlahiyyətlərindən istifadə edib danışanların səsini batırsın, gedəndə isə onun haqqında danışmaq doğru sayılmasın? Bu, nə dərəcədə doğru məntiqdir?

Sosioloq Əhməd Qəşəmoğlu “Yeni Müsavat”a bildirdi ki, insanların əksəriyyəti məmurlar vəzifəsində olarkən onların qanunsuzluqları barədə danışmaqdan, onu tənqid etməkdən qorxurlar. Çünki insanlar eşidirlər ki, həmin məmurların onları cəzalandırmaq üçün imkanları var.

Ona görə də insanların çoxu məmurun arxasınca danışmır. Lakin həmin məmur vəzifədən azad edildikdən, əsasən də həbs edildikdən sonra əksəriyyət həmin keçmiş məmurların arxasınca danışmağa, onun cəzalandırılmasını dəstəkləməyə, “çoxdan cəzalandırılmalıydı” kimi fikirlər səsləndirməyə başlayırlar. Buna görə insanları qınamaq olmaz: “İnsanlar həm də ona görə məmur vəzifədə olan zaman ona qarşı danışmaqdan çəkinirlər ki, məmurları çox tənqid edənləri müxalifətçi adlandırırlar. Sadə insanlar da düşünürlər ki, onlar barəsində müxalifətçi rəyi yaranarsa, sonradan problemlərlə üzləşəcəklər. Şəxsən mən zaman-zaman hansısa məmurların işini tənqid edən yazılar yazanda, açıqlamalar verəndə haqqımda belə rəy yaranırdı ki, müxalifətçiyəm. Halbuki mən heç vaxt müxalifətçi olmamışam. Amma həmişə mənə qarşı belə bir münasibət olub ki, doğru deyirsə, tənqid edirsə, deməli, müxalifətçidir. İnsanlar müxalifətçilik kateqoriyasına da düşməkdən sanki çəkinirlər. Ona görə də əksəriyyət qanunsuzluq edən məmurlara qarşı fikirlərini həmin məmur vəzifədən azad olunana qədər ürəklərində saxlayırlar. Elə ki, məmur vəzifədən azad edildi və ya həbs olundu, insanların illərdir ürəklərində sıxıb saxladıqları dilə gətirilir. İnsanları buna görə qınamaq lazım deyil. Eyni zamanda dövlət əmlakını talayan, hər cür qanunsuzluqlara yol verən məmurların arxasınca məhz  onlar vəzifələrini itirdikdən sonra danışanları ”vəzifədən gedənin arxasınca danışmazlar” deyə tənqid etmək düzgün deyil. Əvvəla, həmin məmur vəzifədə olanda təhlükəli idi və vətəndaşlar bundan ehtiyatlanırdılar. İkincisi, məmur yeyib-dağıtsın, səlahiyyətlərindən istifadə edib danışanların səsini batırsın, gedəndə isə onun haqqında danışmaq doğru sayılmasın?! İnsanlar belə məmurların arxasınca danışmaqda haqlıdırlar və buna görə heç kimi qınamaq düzgün deyil”.

Ekspertin sözlərinə görə, insanların heç olmasa məmur vəzifədən getdikdən sonra onun barəsində danışmasına imkan verilməlidir. Bu, həm də işinin başında olan məmurlar üçün də bir xəbərdarlıq anlamı daşıyır: “Vəzifədə olan zaman qanunsuzluqlar etmiş adamlar haqqında onlar vəzifədən getdikdən sonra danışılırsa, burada qeyri-adi heç nə yoxdur. Məsələn, mənim də çox yaxından tanıdığım, bir zamanlar bir yerdə işlədiyim, hətta bir otaqda əyləşdiyim Əbülfəs Qarayev. Onu hər kəs bir ziyalı ailəsindən çıxan, Qara Qarayev kimi böyük bəstəkarın nəslindən olan ziyalı şəxs kimi tanıyırdı. Hər kəs əvvəl belə düşünürdü ki, bu cür insan işlədiyi sahəni inkişaf etdirəcək. Amma indi düşünəndə ki, bu adamın fəaliyyəti nəticəsində nə qədər musiqi məktəbi açılmamış qaldı, nə qədər filmlər çəkilmədi, nə qədər insanlara saxta fəxri adlar verilib, axı buna göz yummaq olmaz, bu cür əməllərə görə onun arxasınca danışılırsa,  bunu normal qəbul etmək lazımdır. İnsanlar məmurun arxasınca danışmalıdılar, sadəcə, qərəzli danışmaq olmaz”.

Həmçinin oxuyun

Şahnazarovun Qarabağ həqiqəti və erməni yalanlarının ifşası – ŞƏRH

“Rusiya 24″ telekanalında ”Vladimir Solovyovla axşam” verilişinin efirində Dağlıq Qarabağ münaqişəsi yenə də müzakirə edilib. …