Çərşənbə , İyul 24 2019
Ana səhifə / Siyasət / Azərbaycanda korrupsiyaya qarşı aparılan mübarizəni beynəlxalq qurumlar yüksək qiymətləndirib

Azərbaycanda korrupsiyaya qarşı aparılan mübarizəni beynəlxalq qurumlar yüksək qiymətləndirib

14-16 sentyabrda Fransanın paytaxtı Parisdə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üçün Anti-Korrupsiya Şəbəkəsinin İstanbul Anti-Korrupsiya Fəaliyyət Planı üzrə 17-ci monitorinq görüşü, eləcə də Şəbəkənin Rəhbər Qrupunun 21-ci görüşü keçirilib. Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşlərdə OECD-nin Şərqi Avropa və Mərkəzi Asiya üçün Anti-Korrupsiya Şəbəkəsinin Azərbaycan üzrə milli koordinatoru – Baş prokurorun müavini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının katibi Kamal Cəfərov, Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Baş İdarənin məsul əməkdaşları, həmçinin qeyri-hökümət təşkilatının nümayəndələri iştirak edib. Müzakirələr zamanı OECD-nin Anti-Korrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planının III Monitorinq Raundu çərçivəsində ölkəmizdə həyata keçirilmiş tədbirlər və əldə edilmiş nəticələr müzakirə edilib, bu mərhələdə Azərbaycan Respublikasının ölkə Prezidentinin siyasi iradəsinə uyğun olaraq mühüm addımlar ataraq uğurlar əldə etməsi, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstanbul Fəaliyyət Planının icrası istiqamətində görülmüş tədbirlərdə aktiv iştirakı, həmçinin korrupsiyaya qarşı mübarizədə “ASAN” xidmət mərkəzlərinin mühüm rol oynaması xüsusi vurğulanıb, ölkəmizin əldə etdiyi müsbət təcrübə önə çəkilib, nəticədə Azərbaycan Gürcüstanla yanaşı ilk olaraq III Monitorinq Raundunu uğurla tamamlayaraq IV qiymətləndirmə mərhələsinə keçən ölkə olub. Qeyd edilməlidir ki, İstanbul Fəaliyyət Planı çərçivəsində ölkəmizdə verilmiş tövsiyələrin böyük əksəriyyətinin uğurla icra edilməsi Azərbaycanın korrupsiyaya qarşı mübarizə sahəsində səmərəli fəaliyyətinin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsinin növbəti bariz nümunəsidir. Tədbir çərçivəsində Azərbaycan və Gürcüstanın öncəki mərhələni uğurla tamamlayaraq IV Monitorinq Raunduna daxil olmasının qəbul edilməsi ilə yanaşı, Ukrayna, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Şəbəkəyə daxil olan digər ölkələrin III Monitorinq Raundu üzrə verilmiş tövsiyələrin icra vəziyyəti ilə bağlı aralıq hesabatları da müzakirə edilərək qəbul edilib. 16 sentyabrda keçirilmiş Anti-Korrupsiya Şəbəkəsinin Rəhbər Qrupunun 21-ci görüşü zamanı isə Şəbəkənin müvafiq dövrü əhatə edən “2013-2015-ci illərdə Şərqi Avropa və Mərkəzi Asiyada Anti-Korrupsiya İslahatları, Nailiyyətlər və Çətinliklər” adlanan yekun hesabatı təqdim edilib, Şəbəkənin 2016-2019-cu illər üzrə İşçi Proqramının icrası istiqamətində ortaya çıxan məsələlər ilə bağlı fikir mübadiləsi aparılıb, Şəbəkəyə daxil olan ölkələrdə həyata keçirilən sahəvi anti-korrupsiya islahatları ilə bağlı dəyirmi masa keçirilmiş, həmçinin IV Monitorinq Raundunun, həmçinin Şəbəkənin fəaliyyətinin təşkili ilə əlaqədar bir sıra digər məsələlər işçi qaydada müzakirə edilib. Bundan yanaşı, görüşlər çərçivəsində tədbirdə təmsil olunan ölkələrin hüquq mühafizə orqanlarının və beynəlxalq təşkilatların rəhbər şəxsləri ilə ikitərəfli görüşlər keçirilərək səmərəli fikir mübadiləsi aparılmış, tədbir iştirakçılarına Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş tədbirləri özündə əks etdirən materiallar paylanılıb. Əlavə olaraq qeyd edilməlidir ki, IV Monitorinq Raundu çərçivəsində Azərbaycan Respublikası üzrə qəbul edilmiş və özündə yeni tövsiyələr nəzərdə tutan müvafiq hesabatın prosedur qaydalarına uyğun olaraq yaxın zamanda təşkilatın rəsmilərinin Bakı şəhərinə səfəri zamanı aidiyyatı dövlət qurumlarının, qeyri-hökümət təşkilatlarının və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə ictimaiyyətə açıqlanması nəzərdə tutulub.

 

Həmçinin oxuyun

“Əli Həsənov barədə bu iddialar doğru deyil” – PA yetkilisi

Bəhruz Həsənov: “Prezidentinin köməkçisi haqqında yanlış rəy formalaşdırmaq üçün qondarma faktlar yayırlar” “Meydan TV”-ni idarə …

Bir cavab yazın