Ana səhifə / Siyasət / Azərbaycana xarici investisiya cəlbi üçün maraqlı bir format tapılıb

Azərbaycana xarici investisiya cəlbi üçün maraqlı bir format tapılıb

4 fevral 2016-cı il tarixində ABŞ Ticarət Nazirliyi və Vaşinqton şəhəri Ticarət Palatasının təşkilatçılığı ilə ABŞ şirkətləri üçün yeni ticarət imkanlarına həsr olunmuş tədbir çərçivəsində Azərbaycanın biznes mühiti və investisiya imkanları haqqında təqdimat keçirilib.
Azərbaycanın ABŞ-dakı Səfirliyindən verilən məlumata görə, adıçəkilən tədbir Vaşinqton şirkətləri üçün xarici ölkələrin biznes mühiti barədə görüşlər silsiləsinə daxildir və 2016-cı ilin ilk belə görüşü olub. Bu görüşlər Vaşinqton iş adamları üçün maraq kəsb edən regionlara həsr edilir. Vaşinqtonun diplomatik və biznes dairələrinin nümayəndələrinin qatıldığı bu tədbir zamanı Azərbaycanla yanaşı, Gürcüstan və Oman Sultanlığının da təqdimatı keçirilib.
Tədbir zamanı Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinin müşaviri Məmməd Talıbov çıxış edərək ölkəmizin strateji əhəmiyyəti və son illər əldə edilmiş nailiyyətləri barədə qonaqlara məlumat verib. Diplomat qısa olaraq ölkəmizin tarixi və Azərbaycan ilə ABŞ arasında mövcud olan strateji tərəfdaşlıq barədə, həmçinin Azərbaycan rəhbərliyinin məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində ölkəmizin regionun liderinə çevrilməsi, Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum boru kəmərləri və Bakı-Tiflis-Qars dəmir yolu xətti kimi irimiqyaslı layihələrin həyata keçirilməsi, həmçinin Azərbaycanın Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın enerji təhlükəsizliyinə mühüm töhfəsi barədə tədbir iştirakçılarını məlumatlandırıb. O, Azərbaycanın Cənubi Qafqaz regionunda ABŞ-ın ən böyük ticarət tərəfdaşı olduğunu və bu əlaqələrin inkişafı üçün geniş imkanların mövcudluğunu qeyd edib. Azərbaycanda 250-dən çox ABŞ şirkətinin qeydiyyatdan keçdiyini deyən Səfirliyin nümayəndəsi tərəflər arasında enerji, informasiya-kommunikasiya texnologiyaları, sənaye, nəqliyyat, tikinti və maliyyə xidmətləri sahəsində sıx əlaqələr qurulduğunu toplantı iştirakçılarının diqqətinə çatdırıb. Bundan sonra çıxış edən ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Süsən Sadıqova tədbir çərçivəsində ölkəmizin biznes mühiti, o cümlədən Azərbaycanda qeyri-neft sektorunda həyata keçirilən sərmayə layihələri ilə bağlı ətraflı məlumat verib. O, ölkəmizdə xarici investorlar üçün yaradılan şərait və aparılan islahatlardan danışaraq, Azərbaycanın bu baxımdan cəlbedici ölkə olduğunu vurğulayıb. S.Sadıqova amerikalı iş adamlarını Azərbaycanla fəal əməkdaşlığa dəvət edərək, ABŞ-Azərbaycan Ticarət Palatasının bu kontekstdə lazımi dəstək göstərməyə hazır olduğunu bildirib.
Qonaqlara həmçinin Azərbaycanın iqtisadi potensialı, ölkəmizdən keçən beynəlxalq nəqliyyat şəbəkəsi və genişlənən turizm imkanları haqqında bukletlər və digər çap materialları paylanıb.
Belə tədbirlərin keçirilməsi Azərbaycana investisiya cəlbi baxımından nə verə bilər?
İqtisadçı Qulu İsmayılov qəzetimizə açıqlamasında bildirdi ki, xarici investisiyaların cəlbi biznesin inkişafında xüsusi rol oynayan məsələlərdəndir: “Bu investisiyanı gətirməklə həm də ölkəyə yeni texnologiya gətirilir, prosesə xarici mütəxəssislər cəlb olunur. Həmçinin, uzunmüddətli iqtisadi əlaqələrin inkişafına təkan verir və xarici investisiya hesabına əldə olunan məhsulların satışında da bu investorların köməyi olur. Ölkə iqtisadiyyatı üçün böyük önəm kəsb edən məhsulların istehsalına başlana bilər ki, onlardan həm daxili, həm də xarici bazar yararlana bilər. Xarici bazarlarda dünya tələblərinin öyrənilməsi də vacibdir. İnvestorlar bu sahədə də köməkçi ola bilir. Bu zaman ölkənin nüfuzu və dəstəyi artır, ölkələr arasındakı qarşılıqlı münasibətlərin inkişafına müsbət təsir ortaya çıxır. Eyni zamanda, sözügedən prosesin ölkəmizdə işsizliyin aradan qalxmasına, yeni iş yerlərinin açılmasına, əmək potensialından səmərəli istifadə edilməsinə böyük köməyi var. Bu sadaladığım xarici investisiyanın verə biləcəyi faydalardır. Bununla yanaşı, xarici investisiyanın cəlb edilməsi yollarının axtarılması da olduqca vacibdir. Belə üsullardan biri də biznes yarmakalarının, sərgilərinin keçirilməsidir. Bu baxımdan da ABŞ-dakı Azərbaycan Səfirliyinin xətti ilə həyata keçirilən tədbiri olduqca önəmli saymaq olar. Çünki Azərbaycana pul yatırmaq istəyənlərin əvvəlcə ölkəmiz barədə məlumatı, biznes mühitinin necə olması, qanunvericiliyin səviyyəsi və təhlükəsizlik barədə xəbəri olmalıdır. Bunun üçün də belə tədbirlər mütləq lazımdır. Hesab edirəm ki, prosesi xarici ölkələrdəki səfirliklərimiz də davam etdirməlidir. Bilirsiniz ki, xarici investorların ölkəyə cəlb olunması ilə bağlı cənab İlham Əliyev də konkret tapşırıqlar verib”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın