Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Siyasət / Azərbaycana qarşı daha bir sanksiya layihəsi – bank hesablarına həbs…

Azərbaycana qarşı daha bir sanksiya layihəsi – bank hesablarına həbs…

Amerikadan iqtidarımıza əfv etirazı; Kristofer Smitin sənədindən də kəskin sənəd layihəsi ABŞ Konqresinə göndərilib; yanvarda hakimiyyəti və ölkəmizi iki sərt sınaq və hətta sürpriz gözləyir; AŞ PA-da antierməni qətnamələrin qəbulu əngəllənə bilər…

İl sonu əfv gözləntiləri özünü yenə doğrultmadı. Siyasi məhbus hesab edilən şəxslərin hamısı zindanda qaldı. Bunun soyuq küləyi yəqin ki, ən çox Azərbaycanı və onun maraqlarını, paralel olaraq təbii ki, hakimiyyəti tutacaq. Həm də o səbəbə ki, dekabr əfvi Azərbaycan ətrafında olduqca həssas beynəlxalq situasiyaya təsadüf edirdi. 
Söhbət ilk növbədə ölkədə təməl insan haqları ilə bağlı narahatlıqlardan gedir. Bu xüsusda ölkəmizlə bağlı azı iki neqativ perspektiv var və onların reallaşma ehtimalı təəssüflər olsun ki, artıb. Onlardan biri ABŞ Konqresinin respublikaçı üzvü, Helsinki Komissiyasının sədri Kristofer Smitin Azərbaycanla bağlı parlamentə təklif elədiyi “Qanunun aliliyi və insan haqları naminə Azərbaycan demokratiya aktı” adlı məlum qanun layihəsi ilə bağlıdır. 
Xatırladaq ki, sənəd Azərbaycan hökumətinin yüksək çinli rəsmilərinə ABŞ-a səfər vizalarının verilməsindən imtina, habelə, həm onlara, həm də hakimiyyətin təhlükəsizlik və ədliyyə qollarına daxil olan vəzifəli şəxslərə qarşı maliyyə cərimələrinin tətbiqini nəzərdə tutur. 
 
 
Bununla bağlı Smit demişdi: “Biz ölkələrimiz arasında mühüm milli təhlükəsizlik və iqtisadi bağların mövcud olduğunu başa düşürük, lakin ABŞ Azərbaycanda baş verən dəhşətli insan haqları pozuntularına bundan sonra da göz yuma bilməz. Birləşmiş Ştatlar siyasi müxalifəti və medianı repressiya edən hökumətə heç bir şəkildə güzəşt etməyəcək”.
Lakin qanun layihəsinin qəbul olunmaması üçün orada şərt – qapı da qoyulub: “Sanksiyalar yalnız Azərbaycan hökuməti siyasi məhbusların azad edilməsində, vətəndaş cəmiyyətinin sıxışdırılmasına son qoyulmasında, habelə azad və ədalətli seçkilərin keçirilməsində ciddi tərəqqi etdiyi halda qaldırıla bilər”.
***
Göründüyü kimi, sadalanan sahələrin heç biri üzrə irəliləyiş gözə dəymir. Son əfv fərmanı da situasiyanın yumşaltmasına gətirmədi. Bu üzdən Smitin təklifinin yanvar ayında Konqresdə və onun komitələrində qəbulu ehtimalı xeyli artmış sayıla bilər. Bu harasıdır, bəlli olub ki, Azərbaycanla bağlı Konqresdə başqa, daha sərt sənədin qəbulu da mümkündür.
“Turan” informasiya agentliyinə müsahibəsində ABŞ-ın Bakıdakı keçmiş səfiri Riçard Kozlariç bu mövzuda danışarkən bildirib: “Azərbaycanda imzalanmış sonuncu əfv fərmanı vəziyyəti yaxşıya doğru dəyişmək üçün itirilmiş imkandır. Bu – mənim uzun müddətdir dediklərimi təkrarlayır – Bakıdakı repressiv rejim Qərblə yaxınlaşmanı özünə təhdid kimi görür. Mən Azərbaycan hakimiyyətinin nə fikirləşdiyini bilmirəm, ancaq belə görünür ki, onlar Qərblə yaxşı münasibətlərdə maraqlı olmadıqlarını göstərmək istəyirlər. Bu, onların seçimidir… Hakimiyyət siyasi məhbusları buraxmalı idi, ancaq onlar bunu etmədilər”.əə
Sabiq səfir Azərbaycan hökumətinin Vaşinqtonla əməkdaşlıqdan imtina etdiyini də söyləyib. Onun sözlərinə görə, başa çatmaqda olan il ərzində ABŞ Azərbaycan hökuməti ilə pozitiv əməkdaşlıqda çox maraqlı olub: “Bunu Bakıya yüksək vəzifəli rəsmilərin, məsələn, dövlət katibinin köməkçisi Viktoriya Nulandın, müdafiə nazirinin köməkçisinin səfəri də təsdiq edir. Onlar Bakıdakı hakimiyyətə çox pozitiv mesajlar verdilər, ancaq bu da işə yaramadı”.
Eks-səfirin fikrincə, belə vəziyyətdə Azərbaycana qarşı sanksiyalara dair çağırışların olmaması məntiqli görünməzdi: “Və ya Avropa Şurasının baş katibi Torbyörn Yaqland Azərbaycanda insan haqlarının vəziyyətini araşdırmaq üçün xüsusi nümayəndə təyin etməzdi. Azərbaycan hökumətinin il ərzində ABŞ-a qarşı atdığı addımları, habelə qanunvericiliyin və KİV-lərə təzyiqlərin sərtləşməsini nəzərə alaraq hesab etmirəm ki, hakimiyyət siyasi məhbuslar probleminin həllində maraqlıdır. Bu, çox kədərlidir. Mən və David Kremer deyirdik ki, nəsə etmək lazımdır. Əgər onlar siyasi məhbusları azad etmirsə, daha təsirli tədbirlər görmək lazımdır, ən azından günahsız insanların həbsdə oturmasına görə məsuliyyət daşıyan konkret məmurlara qarşı. Bunun alternativi sadəcə olaraq yoxdur”.
 
Kozlariç həmçinin Kristofer Smitin Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan qanun layihəsini şərh edib. Bildirib ki, hazırda bu qanun layihəsinə dair sonrakı addımın nədən ibarət olacağı aydın deyil. “Fikrimcə, Yeni il tətili günlərindən sonra Konqres bu diskussiyalara qayıdacaq və onun dəstəklənməsi növbəti addım olacaq. Senator Benjamin Kardin tərəfindən təqdim edilmiş digər qanun layihəsi – ”Qlobal Maqnitski Aktı” da bunu deməyə əsas verir.
Bu sənədin əhatə dairəsi əslində Smitin layihəsindən də genişdir və siyasi məhbusların, korrupsiyanın olduğu ölkələrdə konkret şəxslərə qarşı maliyyə sanksiyalarını (hesabların bağlanması -red.) nəzərdə tutur. Ona görə də mən çox təəccüblənirəm ki, Bakıda Kardinin layihəsinə yox, Smitin qanun layihəsinə bu qədər çox diqqət ayırırlar” – keçmiş səfir əlavə edib deyib.
 
***
Yanvarda Azərbaycanla bağlı ikinci təhlükəli gozlənti Strasburqla əlaqəlidir. Xəbər verdiyimiz kimi, Avropa Şurası Parlament Assambleyasnın (AŞ PA) qış sessiyasında Azərbaycanın maraqlarını əks etdirən iki mühüm sənəd səsverməyə çıxarılacaq. Onlardan biri Dağlıq Qarabağla, digəri isə ermənilərin nəzarətindəki Sərsəng su anbarı ilə bağlıdır. Artıq qurumun müvafiq komitələrində (Siyasi və Sosial komitələr) təsdiqlənən hər iki qətnamə layihəsində Ermənistan birmənalı şəkildə işğalçı dövlət kimi göstərilir, Dağlıq Qarabağ və ətrafındakı 7 rayonun işğal altında saxlandığı xüsusi vurğulanır.
 
Ötən yazılarımızda vurğulamışdıq ki, bu fakt Ermənistanın siyasi, hakimiyyət və ekspert dairələrində ciddi təlaş və məyusluq doğurub, “diplomatik fiasko” adlandırılıb. O üzdən prezident Serj Sərkisyanın tapşırığı əsasında AŞ PA-da Azərbaycanın xeyrinə olan qətnamələrin qəbulunu əngəlləmək, yaxud onun məzmununu yumşaltmaq üçün ölkəmizə qarşı diplomatik həmlə barədə, bütün mümkün və qeyri-mümkün vasitələrdən istifadə barədə müvafiq göstəriş verilib. 
Azərbaycanda siyasi məhbus hesab edilən şəxslərin həbsdə saxlanması sözsüz ki, ermənilərin və onların havadarlarının bu məsələdə ölkəmiz əleyhinə arqumentlərini gücləndirmiş olacaq. Adekvat şəkildə Azərbaycan nümayəndə heyəti üzvlərinin kontur-arqumentlərinin kəsərini azaldacaq. Problem bundadır. Yeni il öncəsi verilən əfv fərmanı, siyasi dustaq probleminin 2016-cı ilə keçirilməməsi düşmən və onun arxasındakı məkrli dairələrin əlindən əsas təbliğat silahını ala bilərdi. Əfsus, bu, olmadı. 
musavat.com

Həmçinin oxuyun

Putin:“Qarabağla bağlı üçtərəfli bəyanat ardıcıl şəkildə icra olunur”

Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Qarabağla bağlı 9 noyabrda imzaladıqları birgə bəyanat ardıcıl şəkildə icra …

Bir cavab yazın