Bazar ertəsi , Aprel 22 2024
Ana səhifə / Siyasət / Azərbaycan Zəngəzura ordu yeridir?

Azərbaycan Zəngəzura ordu yeridir?

Vətən müharibəsindən sonra ərazi bütövlüyünü və dövlət suverenliyini təmin edən Azərbaycan məğlub Ermənistana sülh sazişinin imzalanması üçün təkliflər paketi göndərib. Beş əsas prinsipi özündə əks etdirən bu təkliflərə hələlik rəsmi İrəvan birmənalı reaksiya verməyib. Həmin təkliflərdən bəzisini qəbul edib, bəzisini yox. Sülh sazişi üzrə danışıqların aparılması üçün indiyə qədər müxtəlif səviyyələrdə bir neçə dəfə görüş keçirilib. Lakin yekun nəticə yoxdur.

Ekspertlərin qənaətincə, əgər İrəvanın planlı şəkildə qeyri-müəyyənlik məcrasına yönələcəksə, sülh danışıqlarını uzatmaqla revanş üçün vaxt qazanmağa cəhd edəcəksə, diplomatik-siyasi danışıqlar bataqlığa düşəcəksə, rəsmi Bakı güc tətbiq etməklə, ordu yeritməklə Zəngəzur dəhlizinin açılmasını və Qərbi azərbaycanlıların geri qayıdışını sürətləndirə bilər. Burada söhbət Qərbi Azərbaycanın elan edilməsindən gedir.

Belə bir ehtimal və ya plan nə dərəcədə realdır? Mövzu ilə bağlı Medianews.az-a danışan Böyük Quruluş Partiyasının (BQP) sədri, Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, hələlik Azərbaycanın güc tətbiq etməsindən söhbət getmir.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan Ermənistana təklif etdiyi şərtlərin qəbul olunmasını səbirlə gözləyir: “Rəsmi Bakı sülhün əldə edilməsi üçün cidd-cəhdlə çalışır. Ermənistan hökuməti bəzi təkliflərlə razılaşdığını yalnız sözdə ifadə edib və konkret addımlardan yayınır. Azərbaycan bütün vasitələrin istifadə edilməsinə doğru yol almaqdadır. Yəni, sülh danışıqlarına doğru yönələn məqsədimizə hər tərəfdən qapılar bağlandığı halda, ölkəmizin konkret addımlar atacağından danışa bilərik. İndiki vəziyyətdə bu, real deyil və arzuolunmazdır. Çünki, biz hər zaman məsələlərə sülh prizmasından baxırıq”.

Deputat qeyd edib ki, Ermənistanla ölkəmiz arasında olan əsas problemi həll etmişik: “Anklav və dəhlizin açılması mövzusu rəsmi İrəvanın iradəsinə qalıb. Bu istiqamətdə Ermənistan tərəfindən müəyyən addımların atılacağına ümid edirik. Əks halda, bu, Ermənistan üçün ciddi problem olacaq. İndiki vaxtda, tərəflər arasında müharibənin olacağından danışa bilmərik. Düzdür, biz həm savaşa, həm də sülhə hazırıq və bu proses davam etməlidir. Lakin, müharibənin olacağını diqqət mərkəzində saxlamaq hələ bizim üçün tezdir. Hazırkı dövrdə Ermənistanın hansı planları varsa, bu, yalnız onların daxili işidir. Biz buna qarışa bilmərik. Lakin rəsmi İrəvanın verəcəyi qərar ölkənin gələcəyini, mövcudluğunu, taleyini həll edəcək. Ümid edirik ki, rəsmi İrəvan ağıllı qərarlar verəcək”.

Həmçinin oxuyun

Ərsin Tatar Azərbaycana gələcək

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ərsin Tatar yaxın günlərdə Azərbaycana səfər edəcəyini açıqlayıb. AZƏRTAC …