Şənbə , Oktyabr 1 2022
Ana səhifə / Siyasət / “Azərbaycan Zəngəzur dəhlizini yox, Zəngəzurun özünü tələb etməlidir”

“Azərbaycan Zəngəzur dəhlizini yox, Zəngəzurun özünü tələb etməlidir”

“Azərbaycan Zəngəzur dəhlizini yox, Zəngəzurun özünü tələb etməlidir”.

Bu sözləri Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. O, bildirib ki, Zəngəzur Azərbaycanın tarixi torpağıdır: 

“Rusiya ən azı 1920-ci ildən bizdən alıb Ermənistana verdiyi torpaqları, o cümlədən Zəngəzuru bizə qaytarmalıdır.

Çünki Ermənistan 1920-ci ildə sovetləşəndə tərkibinə cəmi 9 min kv.km. ərazisi olub. Bu gün isə onun 30 min kv.km.-ə yaxın ərazisi var ki, bunun da 12 min kv.km.-i Azərbaycandan alınıb Ermənistana verilib. 

O cümlədən Zəngəzur, Dərələyəz, Göyçə və s. Bu baxımdan, Azərbaycan ən azından Zəngəzur dəhlizini yox, elə Zəngəzurun özünü tələb etməlidir. Bununla yanaşı, 44 günlük müharibə nəticəsində işğaldan azad etdiyimiz ərazilərdə Ermənistanın 30 il ərazində Azərbaycan dövlətinə vurduğu ziyanı kompensasiya kimi tələb etmək olar”.

ADP sədri bildirib ki, burada 2 əsasımız var:

“Bir, repatriasiyaya görə, çünki bizə 55 milyard dollar ziyan vurublar; iki, Zəngəzur Azərbaycanın tarixi torpaqlarıdır və Azərbaycan xalqının razılığı olmadan onlar (bolşeviklər – red) Azərbaycan rəhbərliyini həmin torpaqların Ermənistana verilməsinə razı salıblar. 

Bu da Ermənistanın 1922-ci ildə SSRİ-yə daxil olmasının şərti kimi verilib. Bu gün SSRİ dağıldığına görə, SSRİ-yə daxil olması üçün Ermənistana verilən torpaqlar dərhal Azərbaycana qaytarılmalıdır. Çünki biz ona görə bunu vermişdik ki, Ermənistan SSRİ-nin tərkibinə girsin, indi də SSRİ dağılıbsa, nəyə görə Zəngəzur Ermənistanda qalmalıdır?

Eləcə də mən 2-3 və daha çox prinsiplər də saya bilərəm ki, Azərbaycan Zəngəzur üzərində açıq-aydın bir hüquqa malikdir və Zəngəzuru Azərbaycan mütləq öz sərhədlərinə qatmalıdır”.

Həmçinin oxuyun

Aqil Abbas şəhid Səbuhi Əhmədovun qardaşı ilə bağlı spikerə müraciət etdi

Deputat Aqil Abbas Milli Məclisin iclasında “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” …