Şənbə , Dekabr 5 2020
Ana səhifə / Siyasət / “Azərbaycan yeni müharibəyə başlamaq zorunda qala bilər”

“Azərbaycan yeni müharibəyə başlamaq zorunda qala bilər”

Rusiyalı politoloq: “Regionda qüvvələr nisbəti kardinal şəkildə dəyişib”; müharibə riskləri Avropa Parlamentini də narahat edir; qurumun xüsusi nümayəndəsi bu həftə regiona gələcək…

Dağlıq Qarabağdakı mini-müharibə gözlənildiyi kimi, problemlə bağlı diplomatik fəallığı müxtəlif səviyyələrdə gücləndirib. İndi hamı məsələdə nəhayət ciddi bir irəliləyişin olacağını gözləyir. Lakin əfsuslar olsun ki, yenə də sırf sülhə xoşməramlı çağırışlar səslənir. Konfliktin həllini sürətləndirəcək ciddi addımlar isə gözə dəymir, yaxud ləngiyir. Bu da sövq-təbii münaqişə sonasında yeni və qat-qat dağıdıcı müharibə riskinin aktuallığını saxlayır. 
Bu arada Almaniyanın xarici işlər naziri, ATƏT-in hazırkı sədri Frank-Valter Ştaynmayer Qarabağ münaqişəsinin nizamlanması üzrə ciddi danışıqlar aparmağa çağırıb. O, bunu Berlində keçirilən ATƏT “üçlüyü”nün görüşü öncəsi bəyan edib. Nazir Azərbaycan və Ermənistan arasında əldə olunan atəşkəs sazişini alqışlayıb. Lakin onun sözlərinə görə, Dağlıq Qarabağda mövcud olan status-kvo regionda “təhlükəsizliyə yardım” edə bilməz.
ATƏT-in fəaliyyətdə olan sədri onu da qeyd edib ki, Almaniya Dağlıq Qarabağın gələcəyinə dair ciddi danışıqların bərpası üzrə səyləri dəstəkləməyə hazırdır.
***
Bəs Qarabağ ixtilafını bundan sonra nə gözləyir, müharibə varinatına qayıdış realdırmı? Tanınmış rusiyalı analitik Qriqori Trofimçuk bu mövzuda rusdilli vesti.az saytının suallarını cavablandırıb.
Onun sözlərinə görə, son hadisələr – Qarabağa dair intensiv məsləhətləşmələrin olmamaısnın birbaşa nəticəsidir: “Dondurulmuş situasiyadan çıxmaq üçün axır ki, heç bir praktik qərar ortaya çıxmadı. 20 il sülhə nail olmaq üçün qədərindən artıq müddətdir və daha iki on illik uzun müddətə ehtiyac qalmayacaq. Təmas xəttində toqquşma bu səbəbdən baş verib. Odur ki, kimin atəşi birinci açmasının əhəmiyyəti yoxdur. Müzakirə predmeti indi bu olmamalıdır”.
Analitikə görə, “Gəlin mehriban yaşayaq!” stilində şüarlar artıq kara gəlmir: “Hərçənd bu, maksimum 2014-cü ilin avqustunda da aydın idi (3 günlük müharibə – red.) Nəhayət, bu hadisələrin ən önəmli yekunu odur ki, Güney Qafqazda qüvvələr nisbəti bugünlərdə kardinal şəkildə dəyişdi. Ancaq xüsusi qeyd eləmək istərdim: bu balans yalnız bir neçə günün yekunudur. Ona görə də əgər bu durum uzun müddət qalarsa, o zaman Azərbaycan üçün nəticənin çəkisi də dəyişəcək. Taktika var, ancaq axıradək aydın olmayan strategiya da var. Bakı öncədən bəyan edib ki, xırdaçılıqlara getməyəcək və bütün Qarabağın qaytarılmasını gözləyir – ətraf rayonlar da öz yerində. Lakin bu plan üzrə hadisələrin praktik inkişafının özü elə strateji problemdir və burada artıq heç kim səhv edə bilməz – nə Azərbaycanın özü, nə Ermənistan, nə də Rusiya. Əks halda, bütün Güney Qafqaz alovlanacaq”.
Ekspert Azərbaycan Ordusunun 4 günlük savaşdakı hərəkətini də şərh edib: “Azərbaycan ordusunun hərəkəti açıq-aşkar 2008-ci ildə Gürcüstan ordusunun hərəkətindən fərqlənirdi. Bu parametrlər mütləq ekspertlər səviyyəsində müqayisə edilir. Azərbaycan daha hiyləgər, daha incə hərəkət elədi – necə ki, şəhərləri təkcə şücaəti ilə deyil, həm də hiylə ilə alan ordu elə bu cür də edir. Heç kim gözləmirdi ki, o, bu dar zolaqda dayanacaq və artıq bu plasdarmdan danışıqlar aparacaq. Bundan əlavə, əksər müşahidəçilər hesab edirdilər ki, azərbaycanlılar sadəcə, özlərinin varlığını bildirmək üçün atırlar və 1 aprel vəziyyətinə qayıdacaqlar. Üstəgəl, Bakının öz cibindən yeni-yeni silahlar çıxarması kənardan görünürdü. Bu da onun yeni hərbi sürprizlərinin olacağı haqda təəssürat yaradırdı. Yaxşı ki, bu sürprizlər olmadı, vəziyyət o həddə çatmadı, çünki müvəqqəti barışıq oldu. Ancaq bu gün heç kim zəmanət verə bilməz ki, atəşkəs pozulmayacaq, Qarabağ üzərində də misal üçün, bombardmançılar peyda olmayacaq”.
Rusiyalı politoloq Moskvadan Bakıya artan emissar axınını Rusiyanın öz ətrafında növbəti müharibənin olmasını istəməməsi ilə əlaqələndirib: “Hər halda, Ukrayna və Suriya müharibələrinin ardınca belə təhlükə olduqca yüksəkdir. Əgər üstəlik, Qafqaz və qorxulu qüvvələrin dolaşdığı Orta Asiya da partlasa, o zaman buna heç bir iqtisadiyyat dözməyəcək. Moskvaya ünvanlı belə aşkar hədə fonunda, hər halda,Qarabağ danışıqları üçün qabaqcıl metodikadan istifadə eləmək lazım idi. Danışıqlara bu sahədə 1994-cü ildən istifadə olunan eyni üsul dəsti ilə çıxmaq çox təhlükəlidir. Olmaz. Sadə dildə desək, Rusiya Qarabağ ”çayına” ikinci dəfə girə bilməyəcək. Rusiyanın rəqiblərinə də elə bu lazımdır ki: 1. Yeni anlaşmaların reallaşmasına görə onun üzərinə fərdi məsuliyyət qoysunlar; 2. Onu konflikti həll etmək istəməməkdə və ikinci dəfə Qarabağ konfliktini dondurmaqda suçlasınlar; 3. Situasiyanın əlverişli gedişində Kremli hər iki ölkəyə – Azərbaycana və Ermənistana qarşı qoysunlar. Həmçinin təhlükə var ki, Rusiya müharibəyə Ermənistanın və tanınmamış “DQR”in tərəfində qatılsın”.
Analitik yeni və daha geniş miqyaslı müharibəni də istisna eləmir: “Qarabağda yarımçıq qalmış müharibə məntiqlə daha genişmiqyaslı müharibəyə çevrilə bilər. Bir daha təkrar edim: aprelin ilk günlərinin taktiki nəticələri uzunömürlü deyil, tez xarab olan ”məhsuldur”. Əgər aprelin 1-dək erməni-Azərbaycan təmas xəttində təxribatlar ehtimal idisə, indi qat-qat çox ehtimaldır, çünki bütün “vaqonlar” artıq relsdən çıxıb. Bundan əlavə, danışıqlar prosesi uzansa, Azərbaycanın özü yeni müharibəyə başlamaq zorunda qoyulacaq. Bütün əlamətlər ondan xəbər verir ki, əgər Ermənistan Azərbaycan ordusunun tutduğu yüksəklikləri zorla geri qaytarmasa, hər şey 20 ildir saxlanan formata qayıdacaq – lakin təmas xəttində yüngül ərazi korrektəsi ilə”.
***
Qarabağda yeni müharibə təhlükəsinin artması Avropa Parlamentini də ciddi narahat edib. Belə ki, təşkilatın öz işinə başlayan yaz sessiyasının gündəliyində Dağlıq Qarabağ məsələsi də var. “Dağlıq Qarabağ münaqişəsi həm münaqişə tərəflərinin, həm də bütün regionun inkişafına maneə yaradır. Cənubi Qafqaz Avropanın böhranlı regionudur”. Bunu Avropa Parlamentinin plenar sessiyasında Avropa İttifaqının xarici işlər və siyasi təhlükəsizlik üzrə ali komissarı Federika Mogerini deyib.
 
Mogerini ötən ay Ermənistan və Azərbaycana səfəri zamanı Qarabağ münaqişəsini diqqət mərkəzində saxladığını söyləyib: “Sonuncu dəfə bu məsələ 2011-ci ildə plenar iclasda müzakirə olunub. İndi bu məsələni müzakirə etmək çox faydalı olacaq, çünki Dağlıq Qarabağda olan hadisələr uzanan münaqişənin nə qədər təhlükəli ola biləcəyini göstərir”.
Onun sözlərinə görə, Avropa, Asiya və Yaxın Şərqin qovşağında yerləşən Cənubi Qafqaz regionu böyük inkişaf potensialına malik olmaqla yanaşı, qeyri-stabillik və müharibə mənbəyidir. “Genişmiqyaslı münaqişə heç kimin maraqlarına xidmət etmir və yaxşı nəticələrə aparıb çıxarmayacaq. Son günlər baş vermiş gərginlik barədə, ağır döyüş silahlarından istifadə və mülki vətəndaşlar arasında itkilərin olması barədə məlumatımız var. Bakıda və İrəvandakı bəyanatlar da açıq-aydın göstərir ki, vəziyyət təhlükəlidir”.
 
Mogerini aprelin 2-də tərəfləri dərhal atəşkəs rejiminə əməl etməyə, təmkinlik nümayiş etdirməyə çağırdığını xatırladıb: “Mən şəxsən özüm hər iki ölkənin xarici işlər nazirləri ilə ayrı-ayrılıqda konstruktiv danışıqlar aparmışam. Və yaxın günlərdə, yaxın həftələrdə yenə əlaqə saxlayacağam və bizim xüsusi nümayəndəmiz bu həftə regiona səfər edəcək. Vəziyyətin gərginləşməsi bir daha açıq-aydın göstərir ki, münaqişənin hərbi yolla həlli yoxdur. Xüsusən də dinc əhalinin hədəfə alınması dayandırılmalıdır” – ali komissar vurğulayıb.
 
O, status-kvonun qəbuledilməz olduğunu qeyd edib: “Avropa İttifaqı status-kvo ilə razılaşa bilməz. Lazım olan yol siyasi həldir və bizim niyyətimiz – tərəflər arasında danışıqları bərpa etməkdir. Avropa İttifaqı münaqişənin ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən təklif edilən Madrid prinsipləri əsasında həll olunmasını dəstəkləyir. Nəticə etibarilə, bilirik ki, həll münaqişə tərəflərinin əlindədir. Avropa İttifaqı münaqişənin həlli istiqamətində bütün addımları dəstəkləyir”.

Həmçinin oxuyun

İqtidarın siyasi dialoq təşəbbüslərinin praktiki nəticələri göz qabağındadır

Siyasətdə sağlam münasibətlərin dəstəklənməsi və dialoq mühitinin təşviqi məqsədilə Azərbaycan iqtidarı davamlı olaraq müxtəlif təşəbbüslərlə …

Bir cavab yazın