Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Siyasət / Azərbaycan xanımına belə hücumları heç kimə yaraşdırmıram – Arzuxan Əlizadə

Azərbaycan xanımına belə hücumları heç kimə yaraşdırmıram – Arzuxan Əlizadə

Yaddaşımızın qısa olduğu, bəzi məsələlərdə unutqan olmağımız haqqında çox deyilib və deyilir. Amma bəzən həmin iradları səsləndirənlərin də eyni səhvi təkrar etdiklərinin şahidi oluruq. Pandemiya ilə əlaqədar hazırki durumda bəlkə də yersiz görünən bir məsələ məni bu sətirləri yazmağa vadar etdi. Son günlər xalq artisti Afaq Bəşirqızının bir müsahibədə dilə gətirdiyi fikirlər və ona, bəzən də aşırı hesab oluna biləcək dərəcədə edilən reaksiyalar.

Afaq xanım Azərbaycan kino və teatr sənətinə böyük töhfələr vermiş unudulmaz sənətkarımız Bəşir Səfəroğlunun yadigarıdır. Eyni zamanda, Afaq Bəşirqızı özü də atasının yolunun layiqli davamçısı olaraq xalqımızın böyük əksəriyyətinin sevgisini qazanıb. Həm də şəxsinə olan bu sevgini yalnız teatrda və kinoda oynadığı rollarla deyil, yeri geləndə sözünü çəkinmədən deməyi ilə, köməyə ehtiyacı olanların yanında olması ilə qazanıb.  Buna çox misallar gətirmək olsa da yalnız birini deyəcəm. Ötən ilin mart ayında Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə Afaq xanımın çıxışını yada salaq. Həmin görüşdə yadımdadır ki, Afaq xanım Müşfiqabad qəsəbəsində yaşayan və hər səhər ailəsi və iki övladı ilə şəhərə, teatrdakı işinə gələn bir aktyorun timsalında mövcud problemləri səsləndirdi və əməkhaqlarının artırılması, evlə təmin olunmaları da daxil olmaqla incəsənət işçilərinə dövlət qayğısının artırılmasının vacibliyini dedi. O çıxışdan sonra sosial şəbəkələrdə Afaq xanımın ünvanına səsləndirilən saysız-hesabsız xoş sözlər də yaxşı yadımdadır.  Bu gün isə bir müsahibədə deyilən fikirlə sanki hər şey unudulub. Mən o müsahibədə səsləndirilən fikirlərin konteksdən çıxaraldığını iddia etmirəm, sadəcə təxmin edirəm və əminəm ki, fikir düzgün ifadə olunmayıb və bu səbəbdən də yanlış başa düşülməsi də təbiidir. Məsələnin ən ağrılı və ziyanlı tərəfi isə ona şəhərli-rayonlu kontekstindən yanaşılmasıdır. Bu məsələ zaman-zaman düşmənlərimiz tərəfindən Azərbaycan cəmiyyətinin parçalanması üçün ortaya atılıb və bu səbəbdən də hər birimizin diqqət mərkəzində olmalıdır. Bakı Vətənimizin döyünən ürəyi, Baş şəhəridir. Bu anlamda əksər insanımızın Bakıya can atması da anlaşılandır. Bu bütün dünyada belədir. Elm, texnika, həyat inkişaf etdikcə insanlar daha çox özünü realizə etmək, yaxşı həyat şəraiti qurmaq üçün böyük şəhərlərə can atırlar. Bu gün Bakıda yaşayanların mütləq əksəriyyətini Azərbaycanın müxtəlif regionlarından gələn soydaşlarımız təşkil edir. Bakının 100 il ərzində belə gözəl və möhtəşəm şəhərə çevrilməsində də həmin insanların əməyi danılmazdır.

Təəssüf  ki, normal həyat şəraiti qurmaq üçün kənddə çəkilə biləcək zəhməti tərcih etməyib şəhərə xoş həyat dalınca gələnlər də var, amma belələri çox deyil. Çünki, normal düşüncəli insan heç vaxt, evini, torpağını, təminatlı həyatını qoyub özünü şəhərin qeyri-müəyyənliyinə atmaz. Hesab edirəm ki, belələrinə xoş olmayan münasibət də təbii qəbul olunmalıdır. Eyni zamanda bu gün şəhərə köç edənləri qınamaq əvəzinə, regionlarda insanımızın işlə təmin edilməsi, yaşadığı yerdə özünün və övladlarının həyat şəraitini yaxşılaşdıra bilməsi üçün lazımi imkanlar yaratmağın vacib olduğunun da fərqindəyəm.

Afaq Bəşirqızı siyasətçi deyil, fikrini hamının düzgün anlamadığı tərzdə ifadə etməsini də anlayışla qarşılamağın tərəfdarıyam. Əsas odur ki, niyyətin düz olsun. Ən qorxulusu özünü “siyasətçi”hesab edən bəzilərinin vaxtilə işlətdiyi “Bakı bakılılarındır” ifadəsidir və nədənsə, elələrinə zamanında bu gün Afaq xanıma edilən hücumlar edilməyib.

Afaq Bəşirqızının yuxarıda qeyd elədiyim görüşdə misal gətirdiyi həmin aktyorun kim olduğunu bilməsəm də çox böyük ehtimalla onun da hansısa regionumuzdan gəlib adıçəkilən qəsəbədə məskunlaşdığını ehtimal edirəm və Dövlət Başçısına onun ev şəraitinin yaxşılaşdırılması xahişini etməklə Afaq xanım əslində bu gün ona ünvanlanan ittihamlara hələ o zaman layiqincə cavab verib.  Bu mənada hesab edirəm ki, Afaq xanımın əslində heç kimin dəstəyinə də ehtiyacı yoxdur. Amma ən azı gəlin unutmayaq ki, Afaq Bəşirqızı hər şeydən əvvəl bir Azərbaycan xanımıdır. Həm də xanımlığını əxlaqı və ləyaqəti ilə sübut etmiş xanımlarımızdandır. Azərbaycan xanımına belə hücumlar etməyi isə heç kimə yaraşdırmıram. 

Arzuxan Əlizadə, AMİP-in Sədr əvəzi

Həmçinin oxuyun

“Zəngəzur və Göyçə bölgəsinə də muxtariyyət verilməlidir”- Qafar Çaxmaqlı

“Əgər Ermənistan Dağlıq Qarabağdakı 60 min erməninin taleyini bu qədər düşünürsə, onda Ermənistandan qovduğu 250 …