Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Siyasət / Azərbaycan Teatrının Hüseynbala Mirələmov “mərhələsi” – acı reallıq

Azərbaycan Teatrının Hüseynbala Mirələmov “mərhələsi” – acı reallıq

Millət vəkili Hüseynbala Mirələmov aprel ayında maraqlı bir açıqlama ilə çıxış edib. O, bankları tənqid atəşinə tutaraq, onları sahibkarları aldatmaqda, sahibkarların başına “oyun” açmaqda günahlandırıb. Millət vəkilinin bu mövqeyinə müəyyən mənada haqq qazandırmaq olar. Bu ayrıca bir yazının mövzusudur.

Bundan başqa onun adı tez- tez yerli mətbuatda bakıda cövlan edən qumar oyunlarını himayə etməkdə hallandırılır,buna isə bu günə qədər münasibət bildirməməsi gizli mətləblərdən xəbər verir. Bizi maraqlandıran kimlərisə nədəsə ittiham edən birisinin özü haqqında deyilən, yazılan çoxsaylı tənqidləri qulaqardına vurması, inadkarcasına öz fəaliyyətini davam etdirməsidir. Söhbət son 10-15 ildə H.Mirələmovun görkəmli yazıçı-dramaturq adı ilə Azərbaycan cəmiyyətinə, ədəbiyyatına, teatrına sırınmasından gedir.

Bu şəxs uzun müddət Azərbaycan Qaz Emalı Zavodunun direktoru işləyib, son bir neçə çağırışda deputat seçilib və hazırda YAP Xətai rayon təşkilatının sədridir. Vəzifə səlahiyyətlərindən sui-istifadə edərək yığdığı külli miqdarda sərvət ona birdən-birə tanınmış yazıçı və dramaturq olmağa stimul verib. Yazdığı və yaxud bəzilərinin dediyi kimi yazdırdığı pyeslər ölkənin ən aparıcı teatrının – Azərbaycan Akademik Milli Dram Teatrının səhnəsinə yol açmağa nail olub. Azərbaycanın ən böyük sənət məbədini acınacaqlı duruma salan, intriqalar yuvasına çevirən sabiq direktor İsrafil İsrafilovun rəhbərliyi dövründə isə H.Mirələmovun pyesləri M.F.Axundov, Ə.Haqverdiyev, C.Məmmədquluzadə, S.Vurğun, M.Hüseyn, İ.Əfəndiyev və başqa dahilərin əsərlərini səhnədən sıxışdırıb çıxarmağa müvəffəq oldu. Xalq artisti, əməkdar artist adını daşıyan bir sıra tanınmış şəxslər böyük “həvəslə” H.Mirələmovun əsərlərində rol oynamağa başladılar. Rejissorlar, tənqidçilər sözügedən əsərlərin yüksək bədii məziyyətlərindən ağız dolusu danışmaq üçün az qala yarışa girib sıraya düzüldülər. Lakin onların hər birinin daxilində dərin bir xəcalət hissi aydın sezilirdi. Çünki, bu mövqeyin arxasında maddi ehtiyac, maddi maraq dayandığı heç kəsə sirr deyil.

Məlum mövzu ilə bağlı bu yaxınlarda istedadlı gənc şair Aqşin Yeniseyin “Teatrlarımızı mirələmovlardan necə xilas etməli?!” başlıqlı yazısı dərc edilmişdi. Həmin yazı H.Mirələmov tərəfindən çox böyük aqressivlik və təhqirlə qarşılandı. Aydın məsələdir ki, nə qədər haqlı olsa da, gənc bir yazar H.Mirələmov kimi bir şəxsi yerində oturtmaq gücündə deyil. Bu missiya ədəbiyyatımızın, teatrımızın, mədəniyyətimizin başında duranların üzərinə düşür. Ancaq təəssüf ki, onlar da bu məsələdə həvəsli görünmürlər.

Bununla belə qeyd etmək lazımdır ki, gec də olsa, H.Mirələmova “dur” deyən bir nəfər tapıldı. Bu da Azərbaycan Akademik Milli Dram Teatrının yeni direktoru Azərpaşa Nemətovdur. Azərbaycan teatr sənətinin korifeylərindən olan Azərpaşa müəllim direktor təyin olunan kimi son 1 ildən bəri məşqləri gedən H.Mirələmovun “Mərhumun mesajı” əsərinə qadağa qoydu və repertuardan çıxartdırdı. Səbəb də məlumdur. Həmin əsər səviyyəsinə görə, ölkənin aparıcı teatrının səhnəsində təqdim olunmağa layiq deyil.

Yeri gəlmişkən, onu da vurğulamalıyıq ki, demokratik cəmiyyətdə yaşadığımızdan heç kəsə, o cümlədən Hüseynbala Mirələmova bədii yaradıcılıqla, dramaturgiya ilə məşğul olmağa qadağa qoyula, və nəyi, necə yazmaq haqqında göstəriş verilə bilməz. Qoy o da yazıb yaratsın, içindən gələn hissləri istədiyi kimi qələmə alsın. Ancaq sonda ünvanı düz seçsin. Yaxşı olar ki,öz əsərlərini klublara, mədəniyyət evlərinə, bədii özfəaliyyət kollektivlərinə təqdim etsin, maddi yardımı da həvəskar aktyorlara göstərsin. Əgər belə edərsə, o daha çox sevilər və daha böyük savab qazanmış olar.

Həmçinin oxuyun

Deputat: “Ermənistanda bədbəxtlik hələ bundan sonra başlayacaq”

Ermənistan KİV-lərində yayılan məlumatlarda bu ölkədə müharibə aparılan dövrdə kəskin bahalaşmanın yaranması öz əksini tapmaqdadır. …

Bir cavab yazın