Cümə , Yanvar 22 2021
Ana səhifə / Siyasət / “Azərbaycan tərkibində DQMV saxlana da bilərdi…” – Partiya sədri

“Azərbaycan tərkibində DQMV saxlana da bilərdi…” – Partiya sədri

Dağlıq Qarabağ erməniləri indi iki əlilə başlarına möhkəm qapaz vurub peşmanlıq keçirməmiş deyillər. Onlar 200 il qabaq köçürüldükləri Cənubi Qafqazda özlərinə hamıdan yaxşı muxtariyyət qazanmışdılar. Ancaq ataların məsəli var – çox istəyən azdan da olar. Qarabağ separatçılarının indiki ağlamalı durumunu bu, çox yaxşı xarakterizə edir.

Əgər Dağlıq Qarabağ erməniləri 1988-ci ildə çörəyini yeyib suyunu içdikləri Azərbaycana xilaf çıxmasaydılar, bizə arxadan zərbə vurmasaydılar, özlərini adam kimi aparsaydılar, fərqli mənzərə olardı. Kim bilir, bəlkə hələ də Azərbaycanın tərkibində “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı muxtar qurum mövcud idi. Necə ki Naxçıvan Muxtar Respublikası var, eləcə də ermənilər şad-xürrəm DQMV statusundan yararlanacaqdılar.

Amma onlar nə etdilər, 1992-1993-cü ildə işğalı üstün tutdular; o dövrdə rusun silahı və dəstəyinə arxayınlaşıb torpaqlarımızı zəbt elədilər, qoca, körpə, cavan bilmədilər, əliyalın insanları qırdılar, etnik təmizləmə apardılar. Bu ağıldan kəm separatçılar elə bildilər ki, Qarabağda “artsax” dövləti qura biləcəklər. Heyhat. Nə “qdr” adlı qondarma respublikanın müstəqilliyini Ermənistan özü tanıdı, nə dünyanın özünə, beynəlxalq hüquqa hörmət qoyan ölkələri…

Əksinə, BMT-nin 4 qətnaməsi illərlə bizim ən güclü silahımız oldu, erməni lobbisi hər nə qədər təbliğat aparsa, milyonlar xərcləsə də, dünyanın bu mövqeyini dəyişə bilmədi.

ABŞ-ın Miçiqan Universitetinin erməni professoru Jirayr Lipartanyan da bu yaxınlarda verdiyi müsahibəsində təsdiqləyirdi ki, onlar 7 rayonu işğal ediblər və guya bu əraziləri tutmaqda məqsəd özünümüdafiə olub. Halbuki, bunu etməsəydilər, ermənilər Azərbaycanın tərkibində olmaq şərtilə DQMV saxlana bilərdi.

İndi İsə torpaqlarımız işğaldan azad edilib, ermənilərə nə status, nə muxtariyyət verilməsi nəzərdə tutulur, meşələrdə gizlənən qaçaq-quldur terrorçu dəstələrin, separatçı qrupların isə ömrünə az qalıb. Hərçənd bəzi siyasətçilər bu yanaşma ilə barışmır və onların zənnincə, erməni separatizmi olmasaydı belə, əvvəl-axır DQMV ləğv ediləcəkdi.

Əslində imkanlar necəydi? Müharibə və işğal olmasaydı, DQMV müstəqil Azərbaycanın tərkibində saxlana bilərdimi?

Qulamhüseyn Əlibəyli: Azərbaycan Ordusu öz missiyasını şərəflə yerinə  yetirərək işğal altında olan torpaqlarımızı qısa müddətdə azad etdi

Aydınlar Partiyasının sədri, hüquqşünas Qulamhüseyn Əlibəyli bu mövzuda fikirlərini bölüşərkən “Yeni Müsavat”a qeyd etdi ki, DQMV o dövrdə şəraitdən asılı olaraq müəyyənləşmişdi. Partiya sədrinin sözlərinə görə, keçmiş sovet respublikaları arasında ən geniş muxtariyyət hüquqları verən elə Azərbaycan idi və Dağlıq Qarabağda ermənilərə bu haqlar verilmişdi.

“Separatizmin başlanması əvvəlcə Dağlıq Qarabağ Muxtar Vilayəti statusunun dəyişməsinə, sonra ləğvinə gətirib çıxardı. O zaman güman etmək olmazdı ki, muxtar vilayət statusu saxlanacaqdı. Amma mənə belə gəlir ki, əgər erməni separatizm hərəkatı olmasaydı, prinsipcə, Azərbaycanın tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti saxlana bilərdi. Sadəcə, separatizm oldu, bu işi pozdu, sonra hadisələr işğalla nəticələndi”, – deyə Q.Əlibəyli vurğuladı.

Partiya sədri hesab edir ki, bu gün ermənilər Azərbaycan vətəndaşlığını, onun suverenliyini qəbul edirlərsə, yaşaya bilərlər: “Ancaq onlara hər hansı xüsusi status verilə bilməz. Sadəcə, etnik azlıq kimi müəyyən hüquqlardan istifadə edə bilərlər. Məsələn, erməni dilində məktəblərin açılması, teatrların, mədəniyyət mərkəzlərinin fəaliyyəti, bayramlarının qeyd olunması kimi mədəni statusdan istifadə edə bilərlər. Bunun üçün ilk növbədə Azərbaycan qanunlarına əməl etməlidirlər”.

Xatırladaq ki, Qarabağ münaqişəsinin görünən tərəfi 1988-ci il fevralın 20-də başlamışdı. Həmin gün Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Xalq Deputatları Soveti muxtar vilayətin Azərbaycandan alınıb Ermənistana verilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR ali sovetləri qarşısında vəsatət qaldırmaq barədə qərar qəbul etmişdi.

1989-cu il dekabrın 1-də Ermənistan SSR Ali Soveti və Qarabağ Milli Şurasının birgə iclasında DQMV-nin Ermənistana birləşdirilməsi haqqında qərar qəbul edildi. Azərbaycan Ali Soveti Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati ərazi vahidi kimi ləğv olunması haqda qərarı bundan 2 il sonra – 26 noyabr 1991-ci ildə çıxardı.

Həmçinin oxuyun

Baydendən ilk tələb: “Əliyev və Ərdoğana qarşı sanksiya…” (VİDEO)

Qarabağ müharibəsində böyük itkilər verərək məğlub olan Ermənistan Co Bayden Prezident kimi fəaliyyətinə başlayar-başlamaz Amerikadakı …