Ana səhifə / Siyasət / “Azərbaycan Şuşaya “İsgəndər-M” raketinin atılmasını faktlarla ortaya qoydu” – Təbriz Musayev

“Azərbaycan Şuşaya “İsgəndər-M” raketinin atılmasını faktlarla ortaya qoydu” – Təbriz Musayev

“Bir halda ki, Rusiya mətbuatında “İsgəndər-M” raketləri ilə bağlı cəfəng versiyalar irəli sürülür, bir şey də deyə bilərəm”. 

Bunu Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində deyib.

Ölkə başçısının sözlərinə görə, bunu, sadəcə olaraq, təsadüfi versiyalar hesab etmir: “Çünki hətta o versiyalarda da, – düzdür, bu, mətbu orqanlar tərəfindən irəli sürülüb,- hər halda, biz hansısa sistemli yanaşma görürük. Guya ki, Azərbaycan Türkiyə ilə birlikdə bu “İsgəndər-M” raketlərinin qalıqlarını Suriyadan gətiribdir və Şuşaya qoyubdur. Bu, bizə qarşı açıq ittihamdır. Bizi nədə ittiham edirlər, saxtakarlıqda? Bir adam deyə bilər ki, Azərbaycan nə vaxtsa saxtakarlıq edib? Yox. Biz yüzlərlə saxta faktlar ilə üzləşmişdik, riyakar faktlar ilə üzləşmişdik, vədlərin yerinə yetirilməməsi faktları ilə üzləşmişdik. Biz heç vaxt belə saxtakarlığa yol verməmişik. Biz bunu nə üçün edək? Bunun məqsədi nədir? Biz indi noyabrın 10-da imzalanmış Bəyanatın icrası ilə məşğuluq. Biz bölgədə sülhün əbədi olmasını istəyirik. Biz təhlükəsizlik tədbirlərini gücləndiririk. Nə üçün biz bu təxribatı törədək? Bizi bunda ittiham edənin gərək bir faiz vicdanı olsun”.

Məlumdur ki, Rusiya mediasında zaman-zaman Azərbaycana yönəlik yanlış fikirlər səslənir. Bütün bunların fonunda guya Azərbaycanın Türkiyə ilə birlikdə “İsgəndər-M” raketlərinin qalıqlarını Suriyadan gətirib Şuşaya qoyması ilə bağlı uydurma versiyaların Rusiya mediasına çıxışında kimlər maraqlı ola bilər? Təbii ki, bu versiya yanlışdır və bunun əsası yoxdur. Ancaq rus mediasında bu variantın ortaya çıxmasında Rusiyadakı erməni lobbisinin əli ola bilərmi?

Məsələyə münasibət bildirən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayev bunu istisna etmədi. Onun fikrincə, erməni lobbisinin bu cür uydurma informasiyaları dövriyyəyə buraxması ehtimalı böyükdür: “Məsələ ondadır ki, Rusiya mediasında ermənilər çox güclü təsir imkanlarına malikdirlər. Bunun başlıca səbəbi onunla əlaqədardır ki, rus mediasında çoxsaylı erməni əsilli Rusiya vətəndaşı fəaliyyət göstərir. Özü də erməni əsilli şəxslər sıradan media təmsilçisi kimi fəaliyyət göstərmirlər. Çox təəssüflər olsun ki, onlar mediada şəbəkələşərək əhəmiyyətli mövqeyə sahibdirlər. Təkcə Marqarita Simonyanın ölkədəki aparıcı media qurumuna rəhbərlik etməsi bu sahədə vəziyyətin nə yerdə olduğunu açıq şəkildə ortaya qoyur. Rusiyanın rəsmi informasiya agentlikləri və qeyri-rəsmi kanalları 44 gün ərzində demək olar ki, hər gün münaqişə ilə bağlı xəbərlərə yer ayırdılar. Ancaq media orqanlarının bəziləri jurnalistikanın norma və prinsiplərindən kənara çıxaraq qərəzli və birtərəfli məqalələr yayımladılar. Açıq şəkildə ermənilərin tərəfini tutdular və bu siyasət bu gün də davam edir. Azərbaycan Şuşaya “İsgəndər-M” raketinin atılmasını faktlarla ortaya qoydu. Hansı ki, bunu danmaq mümkün deyil. Bu faktın qarşısında aciz qalan Ermənistan və onun Rusiyadakı şəbəkəsi belə uydurma versiyaları ortaya atır. Ötən il 44 günlük müharibə dövründə Rusiya mediasındakı erməni şəbəkəsi mütəmadi olaraq belə uydurmalarla çıxış edirdi ki, guya Suriyadan gələn terrorçular Azərbaycanın tərəfində döyüşürlər. Bununla bağlı bir dənə fakt ortaya qoymadılar, amma rus ictimaiyyətini yanlış məlumatlandırdılar.

İndi də “İsgəndər-M” raketinin Suriyadan gətirildiyi yalanını cəmiyyətə sırıyırlar. Ona görə də əminliklə demək olar ki, uydurma xarakterli informasiyalar erməni lobbisinin “əl işidir”. Yoxsa, bu dərəcədə yalanın ortaya atılması mümkün olmazdı”.

İAT sədri onu da qeyd etdi ki, Azərbaycan sona qədər bu işi araşdırmalıdır.

Həmçinin oxuyun

“Xarıbülbül” musiqi festivalı tarixi zəfərin nidası idi — Deputat

Şuşanın tarixi görkəminin qorunması, bərpası, Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin beynəlxalq aləmdə …