Çərşənbə axşamı , Sentyabr 28 2021
Ana səhifə / Siyasət / Azərbaycan Rusiyanın patron olduğu ittifaqa qoşulur? – ŞƏRH

Azərbaycan Rusiyanın patron olduğu ittifaqa qoşulur? – ŞƏRH

Qarabağ ərazisində Rusiya sülhməramlı qüvvələrinin yerləşdirilməsindən sonra Azərbaycanda ölkəmizin Moskvanın patronajlığı altında yaradılan Avrasiya İqitsadi İttifaqına üzv olacağına dair ehtimallar gücləndi. Bir çox müşahidəçilər Rusiyanın Azərbaycanı bu birliyə üzv etmək üçün Bakıya təzyiqləri gücləndirəcəyi, Qarabağa öz qoşunlarını yerləşdirməklə bu istiqamətdə ciddi təsir rıçağı əldə etmiş olduğu fikrindədirlər.

Azərbaycanda Avrasiya İttifaqına üzvlük ehtimalının belə cəmiyyətdə qıcıq yaratması fonunda Ermənistanda bu ehtimaldan dolayı ciddi narahatlıq müşahidə olunmaqdadır. Bu narahatlıq Ermənistan mətbuatında yer alan materiallarda açıq hiss olunur. Belə ki, Avrasiya İqtisadi İttifaqının (Aİİ) aprelin 29-30-da Kazanda Hökümətlərarası Şurasının toplantısı keçirilib. Erməni mətbuatı yazır ki, Azərbaycan nümayəndələrinin bu toplantıda müşahidəçi statusunda iştirakına Ermənistan veto qoyub. Bu barədə Ermənistanın baş nazirinin müavini səlahiyyətlərini icra edən Mqer Qriqoryan mətbuata açıqlama verib. O bildirib ki, üzv olmayan dövlətlərin iclasda iştirakı üzv dövlətlər arasında konsensus əsasında həyata keçirilir. Ermənistan bu qaydadan bəhrələnərək Azərbaycan nümayəndələrinin toplantıya qatılmasını əngəlləyib.

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan rəsmisinin iddiaları ilə bağlı hər hansı açıqlama verməyib. Lakin Azərbaycanda xəbər ciddi rezonans doğurub.

İqtisadçı-alim, ADR Hərəkatının rəhbəri Qubad İbadoğlu bildirib ki, Rusiyanın faktiki rəhbərlik etdiyi ittifaqa Azərbaycanın daxil olmasını arzulamır: “Bu, siyasi cəhətdən yanlışlıq olardı, iqtisadi suverenliyimizə də xələl gətirər, təhlükə və riskləri artırar. İkincisi, bu ittifaq regional təşkilat olaraq özünü doğrultmayıb, ildən-ilə daha pis nəticələrə imza atır. Belə ki, ötən il ərzində Avrasiya İqtisadi İttifaqının üzv ölkələri arasında ticarət dövriyyəsi 11 faz azalıb. Üçüncüsü, ittifaqa üzvlük Rusiyaya qazanc dalınca gedən miqrantlara heç bir imtiyaz vəd etmir. Ona görə də bununla Rusiyada yaşayan soydaşlarımızın problemlərini həll etmək mümkün deyildir”.

Q.İbadoğlunun fikrincə, Aİİ-yə üzvlük Azərbaycanın avrointeqrasiya istiqamətində fəaliyyətinə çətinliklər yaradacaq: “Avropa İttifaqı ilə Dərin və Hərtərəfli Azad Ticarət Sazişinin (DSFTA) imzalanmasına əngəllər törədəcək ki, bu da ölkəmizin beynəlxalq investisiya və ticarət əməkdaşlığından və inteqrasiyasından faydalarını azaldacaq. Hazırkı dövrdə milli iqtisadiyyatın modernləşdirilməsi və rəqabət qabliyyətinin artırılması mümkün deyildir. Azərbaycan Porterin məşhur 4 mərhələli inkişafının (resurs, investisiya, innovasiya və sərvət) birinci və ikinci pillələri arasında qalacaq. 3-cü (innovasiya) və 4-cü (sərvət) pillələri bizim üçün əlçatmaz olacaq. Belə olanda da Avrasiya İttifaqı bizə lazımdırmı? Əlbəttə ki, yox! Buna görə də əgər Kazanda belə bir şey olubsa, onda ermənilər bizə yaxşılıq ediblər”.

Qeyd edək ki, Aİİ iqtisadi baxımdan Rusiyanın maraqlarını yürüdən bir birlikdir. Formal olaraq ittifaq ölkələri arasında ticarətdə azadolmalar tətbiq olunur. Rusiya bir sıra hallarda digər ölkələrə idxal-ixraca tətbiq etdiyi qadağaları ittifaqdakı ölkələrə – Ermənistan, Qazaxıstan, Qırğızıstan və Belarusa tətbiq etmir. Lakin ittifaq ölkələri arasındakı qarşılıqlı ticarət əlaqələrinə nəzər yetirdikdə digər üzvlərin faktiki olaraq Rusiyanın ixrac bazarı rolunu oynadığını görürük. Belə ki, ittifaq statistika komissiyasının açıqladığı hesabatdan aydın olur ki, 2020-ci ildə üzv ölkələr arasında qarşılıqlı ticarətin həcmi 54,9 milyard dollar təşkil edib ki, bunun da 34 milyard dolları Rusiyanın ittifaq ölkələrinə ixracıdır. Bunun 1 milyard 657,7 milyon dolları Ermənistana (Ermənistandan Rusiyaya 676 milyon dollar), 16 milyard 916,3 milyon dolları Belarusa (13 milyard 137,2 milyon dollar), 14 milyard 31 milyon dolları Qazaxıstana (4 milyard 899,5 milyon dollar), 1 milyard 456,8 milyon dolları Qırğızıstana (241,6 milyon dollar) ixrac olunan məhsulun dəyəridir.

2021-ci ilin yanvar-fevralında ittifaq daxilində qarşılıqlı ticarətin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 6,8 faiz artaraq 9 milyard dollar təşkil edib. Bunun 63 faizi bilavasitə Rusiyanın digər ölkələrə ixracının payına düşür. Ticarət dövriyyəsindəki artımın əsas səbəbi Rusiyadan Belarusa neft ixracının çoxalmasıdır.

İqtisadçı-ekspert, Real Partiyasının funksioneri Natiq Cəfərlinin fikrincə, Azərbaycan heç bir halda Avrasiya İqtisadi İttifaqına, yaxud Rusiyanın formalaşdırdığı gömrük ittifaqına qoşulmamalıdır: “Azərbaycanın heç buna ehtiyacı da yoxdur. Çünki bizim ixracımızın 90 faizdən yuxarısı Avropa və Qərbə reallaşır. Neft-qaz sektorumuzdakı investisiyaların çox mühüm hissəsi də Qərb mənşəlidir, kommunikasiya xətlərimiz də Qərbə yönəlib. İkitərəfli əlaqələrin inkişafı, hə, lazımdır: Rusiya ilə, Belarusla, Qazaxıstanla, Qırğızıstanla bu əlaqələri qarşılıqlı faydalanmaq prinsipi əsasında inkişaf etdirməliyik”.

Ekspertin sözlərinə görə, Ermənistanla yekun sülh müqaviləsi imzalanmadan ittifaqın heç bir toplantısında müşahidəçi statusunda olsa belə, iştirak etməməliyik: “Ermənistan bizim ərazi bütövlüyümüzü tanımalı, sərhədlərimizin toxunulmazlığını qəbul etməlidir. Daha sonra kommunikasiyalar açılmalı, fəaliyyəti təmin olunmalıdır. Yalnız bundan sonra biz Ermənistanla hər hansı  bir birlik daxilində ittifaq əməkdaşlığı məsələsinə baxa bilərik. Buna görə erməni tərəfinin mane olub-olmamasından asılı olmayaraq, Azərbaycan bu kimi toplantılarda iştirakdan yayınmalıdır”. “Yeni Müsavat”

Həmçinin oxuyun

Rəsul Quliyev: “Bir dəfə qalib gələn bir daha məğlub olmaz”

Azərbaycanın ABŞ-da yaşayan sabiq spikeri Rəsul Quliyev Anım günü ilə bağlı paylaşım edib Paylaşımda qeyd …